Türkiyə-İran arasında soyuq müharibə gedir

Ankara Əsədin getməsini istəyir, Tehran isə onu müdafiə edir



Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İranın xarici siyasətini tənqid edərək, rəsmi Tehranın bölgədə məzhəbçilik yaydığını söyləyib. Prezident Rəcəb Tayyib Ərdoğan da İranı bölgədə məzhəbçilik adı altında fars millətçiliyi ideologiyasını yaymaqda ittiham edib.

Bunun üzərinə açıqlama verən İranın XİN sözçüsü Bəhram Qasımi də Türkiyəni suçlayıb: "Cənab Ərdoğan İran dövlətinin regionda sülhü qorumaq üçün nələr etdiyini çox yaxşı bilir. Bölgədəki terror təşkilatlarını gizli və açıq şəkildə dəstəkləmək, başqa ölkələrin ərazi bütövlüyünü kobudcasına pozmaq gələcək adına olduqca təhlükəlidir”. Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hüseyn Müftüoğlu isə bəyan edib ki, rəsmi Tehran İranı tənqid edən ölkələri ittiham etməkdənsə, bölgədəki siyasətini gözdən keçirsin: "Bölgədəki böhranlar səbəbi ilə ölkəsinə qaçqın olaraq sığınan insanları müharibə zonalarına göndərməkdən çəkinməyən bir ölkənin məsuliyyəti başqalarının üzərinə atması yolverilməzdir. İran bölgədə yürütdüyü siyasətinin təqdir edildiyini və ədalətli olduğunu iddia edir. Ancaq BMT və İslam Əməkdaşlıq Təşkilatı bunun əksini düşünür”. 

İki ölkə arasında artan gərginliyi "Şərq”ə şərh edən siyasi ekspert Tofiq Abbasov deyib ki, İran-Türkiyə qarşıdurması tarixən davam edib. Politoloq bildirib ki, regionda liderliyə iddia edən hər iki ölkənin yolları zamanla kəsişir: 

"Suriya məsələsindən sonra iki dövlət arasında ziddiyyət özünü açıq şəkildə büruzə verməyə başladı. Bilirsiz ki, Moskva-Tehran-Ankara formatı çərçivəsində Yaxın Şərq problemi həll edilməyə çalışılır. Lakin əksər ekspertlər bu üçlüyü müvəqqəti müttəfiqlik hesab edirlər və strateji baxımdan gələcəyinin olmadığını düşünürlər. Fikrimcə, üçlü format Suriyadakı bir sıra məsələlərin həllinə yardım etsə də, yekun nəticənin alınmasına maneçilik yaradır. İranla Türkiyə arasında barışmaz mövqe var. İran rejimi bütün gücü ilə Bəşər Əsədi müdafiə edir, hökumət ordusuna silah-sursat verir.

Türkiyə isə əksinə, Əsədin hakimiyyətdən getməsini istəyir və qərbli müttəfiqləri ilə bu istiqamətdə səy göstərir. Hazırda tərəflər arasında soyuq müharibə gedir. Nə Tehran, nə də Ankara geri çəkilmək niyyətindədir. Son dövrlərdə inkişaf edən İsrail-Türkiyə münasibətləri də Tehranı qıcıqlandıran amillərdən hesab olunur”.

İsmayıl