Türkiyə Mosulun azad olunmasında maraqlıdır
Tofiq Abbasov: “Türkiyə maraqlıdır ki, onun cənub sərhədləri boyunca İŞİD və digər böyük gücə malik terror qruplaşmalarının dayaq nöqtələri tamamilə məhv edilsin”
İraqın Mosul əyalətinin terrorçu İŞİD qruplaşmasından təmizlənməsi istiqamətində genişmiqyaslı əməliyyat başladılıb. İraqın Baş naziri Heydər əl-İbadinin açıqlamasına görə, əməliyyat eyni vaxtda 3 istiqamətdən aparılır: "İraq ordusu koalisiya qüvvələrinin dəstəyi ilə Mosulun şərqindən, Hazer və Geyyara cəbhələrindən irəliləyir. Koalisiya qüvvələrinə aid döyüş təyyarələri isə İŞİD-in mövqelərini bombalayır. Terrorçular ərazini görünməz hala salmaq məqsədi ilə xəndəklərə doldurduqları xam nefti yandırıblar”.
Əməliyyatın ilk hədəfi Mosul əyalətinin Hamdani və Karakuş rayonlarının terrorçulardan azad edilməsidir. Əl-İbadi televiziya müraciətində Mosul sakinlərindən dəstək istəyib. Amma şimaldakı muxtariyyətin silahlıları, Başikada Türkiyənin təlim verdiyi Ninova mühafizə dəstəsi və İranın dəstəklədiyi "Haşdi Şabi” silahlılarından söz açmayıb. Bununla belə, kürd silahlıları Mosulun mərkəzinə 10 km, Ninova mühafizə dəstəsi isə 2 km-ə qədər yaxınlaşmağı nəzərdə tutublar. Şəhərin mərkəzinə isə İraq ordusu və polisin girəcəyi planlaşdırılır. Məlumata görə, İraqın ikinci böyük şəhərinin terrorçulardan təmizlənməsi əməliyyatında 30 mindən çox hərbçi iştirak edir.
Mosul vilayətinin strateji əhəmiyyəti...
Əsasən türkmən, ərəb və kürdlərin yaşadığı əyaləti İŞİD terrorçuları 2014-cü ildə ələ keçiriblər. İŞİD Mosuldakı banklarda yüz milyonlarla dollara və İraq əsgərlərinin qoyub qaçdığı silah-sursat və texnikaya yiyələnib. Yəni terrorçular Mosulu ələ keçirdikdən sonra həm silah, həm də maliyyə cəhətdən xeyli güclənib. Bundan başqa, əyalətin neft quyuları da qruplaşmanın nəzarətinə keçib. İraq hökuməti və koalisiya qüvvələri il yarımdan çoxdur bu bölgənin azad edilməsi istiqamətində hazırlıq görür. Bu il ərzində əməliyyat iki dəfə təxirə salınıb. Mosulun azad edilməsinə İŞİD-ə qarşı mübarizə aparan, yaxud da apardığını bildirən bütün dövlətlər razılıq verib. Bu baxımdan Mosulun yaxın günlərdə terrorçulardan təmizlənəcəyi istisna edilmir. Bu əməliyyat yalnız terrorçuları dünya və ya bölgədəki güclərdən birinin dəstəklədiyi halda pozula bilər. Hələlik hər hansı ölkənin belə bir istəkdə olması hiss edilmir. Sözügedən əyalətin azad olunması İraqın gələcəyini müəyyənləşdirməklə yanaşı, Suriyanın da taleyinə təsir göstərəcək. Bu baxımdan İraqa qonşu olan dövlətlər - Türkiyə və İran Mosulun terrorçulardan təmizlənməsində fəal iştirakçılarından sayılırlar. Bağdad hökuməti Türkiyənin İraqda varlığını istəmədiyini dəfələrlə bəyan edib. Elə rəsmi Tehran da bu mövqeyi dəstəkləyir. Ancaq Türkiyə Lozanna və Ankara müqavilələrinə əsasən İraqda haqqı olduğunu bəyan edir. Həmin beynəlxalq anlaşmalara görə, Mosul və Kərkükdə ilhaq, istiqlal və ya hər hansı bir idarəetmə formasının yaranması elan edilərsə, o zaman Türkiyə bu qərarların qəbul edilməsində söz haqqına sahibdir.
"Türkiyənin israrla Mosul əməliyyatından kənarda tutulması məzhəb savaşıdır”
Rəsmi Ankara İraq və Suriyanın ərazi bütövlüyü mövqeyindən çıxış etdiyini bildirməklə yanaşı, qonşu dövlətlərdə mərkəzi hakimiyyətin zəifliyi və ya ölkə ərazisinə tam nəzarət edə bilməməsi səbəbindən həmin terrorçu qruplaşmaya qarşı mübarizə aparır. Politoloqlara görə, bölgəyə aidiyyəti olmayanlar İraq və Suriya ərazilərində antiterror əməliyyatı həyata keçirdiklərini bəyan etdikləri halda, Türkiyə varlığını təhdid edənlərin fəaliyyətinə seyirçi qala bilməz. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mosul şəhərinin azad olunması üçün yaradılan koalisiya qüvvələrinə Türkiyənin daxil edilməməsinə etiraz edib: "Türkiyəyə deyirlər ki, Mosula girmə. Necə girməyək? Bizim İraqla 350 km sərhədimiz var, amma İraqla əlaqəsi olmayanlar oradadır. Birgə əməkdaşlıq olmadan terrora qarşı səmərəli mübarizə aparmaq mümkün deyil. Türkiyənin israrla Mosul əməliyyatından kənarda tutulması orada məzhəb savaşının qarşısını ala biləcəyimiz üçündür. Məzhəb savaşının qarşısını alacağı üçün Türkiyəni Mosul əməliyyatından kənarda saxlamağa çalışırlar. Biz sünni-şiə qarşıdurmasına yol verə bilmərik. İraq ordusu əsasən şiələrdən təşkil olunub. Ona görə də şiə "Haşdi-Şabi” qrupunu dəstəkləyirlər. Bu da məzhəblərarası qarşıdurmaya səbəb olur”.
Türkiyə İraqdakı türkmənlərin milli haqlarının təmin olunmasında maraqlıdır
İran İnqilab Keşikçiləri Qvardiyasının xarici qolu sayılan "Qüds” silahlıları İraq və Suriya ərazisində döyüşürlər. İraqda ümumilikdə İranın 7 hərbi kəşfiyyat idarəsi heç bir qanuna əməl etmədən fəaliyyət göstərməkdədir. Türkiyənin isə İraqda cəmi 2 min hərbçisi var. Onlar da Mosula yaxın Başika bölgəsində yerləşib və terrorçulara qarşı təlim verməklə məşğul olurlar. Türkiyə ilk növbədə İraqdakı türkmənlərin milli haqlarının təmin olunmasında maraqlıdır. Bu da onun heç şübhəsiz təbii istəyidir. Çünki türkmənlər illər uzunu Bağdad siyasətinin assimilyasiyasına məruz qalıblar. İranın marağı ikinci şiə dövlətinin mövcudluğunu qorumaq və daha çox öz təsiri altına salmaqdır. Səddam Hüseyn devrildikdən sonra İraq hökumətində baş nazir şiə, prezident isə sünni, daha doğrusu, kürddür. Hakimiyyətin belə bölgüsü bir qədər Livanı xatırladır. Orada hökumət müsəlmanlardan, prezidenti isə xristianlardan formalaşır. Hökumətdə şiələrə də pay verilir. Livanda baş verənlər bu bölgünün heç də uğurlu olmadığını sübut edib. Bu baxımdan son 13 ildə İraqda da hakimiyyətin şiə və kürdlər arasında bölünməsinin uğurlu olmadığı təsdiqlənməkdədir. Kürdlər də istəklərini gizlətmir. Onlar Kərkük və Mosul daxil olmaqla İraqın şimalında müstəqil dövlət qurmaq istəyirlər.
"Mosulun azadlığı İŞİD-in sonunu gətirə bilər”
Politoloq Tofiq Abbasov deyib ki, Mosulun şərqində yerləşən Hazir regionunda dörd minədək kürd-peşmərgə döyüşçüsü var. Bu səbəbdən Türkiyə Mosul əməliyyatında maraqlı olduğunu gizlətmir: "Ölkə Prezidenti Ərdoğan açıq şəkildə bəyan etdi ki, Türkiyə ordusu Suriya və İraq əməliyyatlarında geri addım atmayacaq. Xüsusən, Mosulun azad olunmasında yaxından iştirak edəcək. Lakin son günlər İraq və Türkiyə hökumətləri arasında yaşanan gərginlik İraq hökumətinin türklərsiz əməliyyata başlamasına gətirib çıxardı. Lakin Türkiyə maraqlıdır ki, onun cənub sərhədləri boyunca İŞİD və digər böyük gücə malik terror qruplaşmalarının dayaq nöqtələri tamamilə məhv edilsin və Mosul ətrafındakı hərbi bazaları dağıdılsın. Əgər Mosul ən yaxın zamanda terrorçulardan azad edilərsə və nüfuzlu dövlətlər bunlara qarşı sərt və barışmaz mövqe tutarsa, terror şəbəkəsinin infrastrukturu yaxın zamanda dağıla bilər”.
İsmayıl