"Türkiyə “nəfəsini dərib" dünyanı inandırma mövqeyinə keçməlidir"





"Türkiyənin Suriya ərazisində apardığı əməliyyatlar artıq geniş xarakter almağa başlayıb”.

Bunu "Sherg.az”a Türkiyə ordusunun Suriyada başlatdığı yeni əməliyyatları şərh edərkən politoloq Qabil Hüseynli söyləyib. 

O xatırladıb ki, Afrin hədəfləri fəth edildi, xeyli sayda terrorçu dəstə Suriyadan qovuldu:

"Yerdə qalan dəstələr başqa şəhərlərə dağıldı. Bu terrorçuları təyyarə gücünə də məhv etmək olar.

Xatırlatmaq istərdim ki, Bolqarıstanın Varna şəhərində Türkiyə və Avropa Birliyi arasında müzakirələr aparılır. Bu zaman Türkiyənin Suriya ərazisinə girməsinə ciddi etirazlar səsləndirildi. Həmçinin, Amerikanın da etirazlarını gördük. Terrorçuluğa qarşı mübarizə adı altında bu əməliyyatları genişləndirmək olar. Lakin həmin addımlar dünyada müsbət qarşılanmırsa, bir qədər "nəfəs dərmək”, dünyanı inandırma mövqeyinə keçmək lazımdır.

İndiki şəraitdə hərbi əməliyyatların genişləndirilməsi böyük vəsait və dünya ictimai rəyinin alınmasını tələb edir. Ona görə, Türkiyənin maksimum ehtiyatlı olmasının tərəfdarıyam”.

Qeyd edək ki, Türkiyə qırıcı təyyarələri ötən gecə PYD/YPG terrorçularının Tel-Rifat ətrafındakı mövqeləri bombalayıb. Bu gün isə Türkiyə ordusu və Azad Suriya Ordusunun bölmələri quru əməliyyatına başlayıb. Tel-Rifatın PYD/YPG terrorçularından təmizlənməsi ilə "Zeytun budağı” əməliyyatı başa çatacaq.

Xatırladaq ki, martın 25-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusu və Azad Suriya Ordusunun növbəti hədəfinin Suriyanın Tel-Rifat rayonu olacağını açıqlayıb. R. T. Ərdoğan deyib ki, qısa müddətdə Tel-Rifat nəzarət altına alınacaq və "Zeytun budağı" əməliyyatı hədəfinə çatdırılacaq. Xatırladaq ki, Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə qarşı əməliyyata başlayıb və ötən dövr ərzində Afrin bölgəsi tam nəzarətə götürülüb. Ərəblərin yaşadığı Tel-Rifat bölgəsi 2016-cı ildə Afrindəki PYD/YPG terrorçuları tərəfindən işğal olunub və "Zeytun budağı" əməliyyatı zamanı Afrindən qaçan terrorçular məhz Tel-Rifata və Tel-Rifat üzərindən Suriyanın digər bölgələrinə qaçıblar. Martın 24-də Tel-Rifat şəhərində yerli sakinlər aksiya keçiriblər. Aksiya iştirakçıları Türkiyə ordusunun və Azad Suriya Ordusunun PYD/YPG terrorçularını bölgədən qovmasının istəyiblər.

Aysel Aslan