Türkiyə parkomatları ləğv etdi

Əhməd Davudoğlu: “Yollar, avtomobil parkları dövlətindir. Dövlət də türk xalqınındır. “Xalqdan əşyasını saxlamaq üçün vəsait alınmaz”
Fazil Mustafa: “Azərbaycanda bu sahədə toplanan pulu mənimsəyən xeyli insan var. Belə bir yenilik olsa, onlar neyləyəcəklər?”


Ərşad Hüseynov: "Hətta Azərbaycanın əhalisindən çox əhalisi olan şəhərlərdə belə.
Bütün parkomatlar pullu olmamalıdır”

Türkiyədə bu gündən etibarən avtomobillərin park edilməsi üçün sürücülərdən heç bir ödəniş tələb olunmayacaq. Bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu məlumat verib. Baş nazir deyib ki, yollar, avtomobil parkları dövlətindir. Dövlət də türk xalqınındır. "Xalqdan əşyasını saxlamaq üçün vəsait alınmaz”.

Qeyd edək ki, Azərbaycanda da, xüsusən paytaxtda avtomobil parklanmasına görə ödəniş edilir. Parkların, qanuni duracaqların yaradılması əhalinin ürəyincə olsa da, ödənişin miqdarı haqlı narazılığa səbəb olur. Bakıda bir avtomobil sahibi parkda və ya yol kənarında, parkomatlar quraşdırılan yerdə bir gün maşınını saxlayarsa, təxminən 8-10 manat məbləği ödəməlidir.

Türkiyədəki qərarın isə bizdə tətbiq edilməsi real görünmür.

Millət vəkili Fazil Mustafa Azərbaycanda belə bir yeniliyin tətbiqinin mümkün olmadığı qənaətindədir: "Azərbaycanda bu sahədə toplanan pulu mənimsəyən xeyli insan var. Belə bir yenilik olsa, onlar neyləyəcəklər? Ona görə də Azərbaycanda belə bir yeniliyin həyata keçirilməsi mümkünsüzdür. Hər maşını bir manatdan hesablayanda, ay ərzində milyonlarla vəsait edir. Bu isə o deməkdir ki, Azərbaycanda belə bir yeniliyin həyata keçirilməsi imkansızdır. Bu, toylarda qayda-qanun yaratmaq, menyunu aşağı salmağa bərabər işdir. Bu mümkündürmü? Təbii ki, mümkün deyil. Toylarda vətəndaşlar soyulduğu kimi avtomobillərin park edilməsi məsələsində də heç bir güzəşt ola bilməz. Ödənişləri ləğv etmək o tərəfə qalsın, qiymətləri artırmasınlar yetər. Yenə hazırkı qiymətə birtəhər maşınlarımızı saxlayaq”.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə deyir ki, dünyanın heç bir ölkəsində bütün parkomatlar pullu deyil: "Hətta Azərbaycanın əhalisindən çox əhalisi olan şəhərlərdə belə. Bütün parkomatlar pullu olmamalıdır. Pullu dayanacaqları şəhərin elə yerlərində tətbiq etməlidirlər ki, orada dayanma yerləri məhduddur. Məsələn, bu, şəhərin tarixi yerləridir və genişləndirmək, parklanma yaratmaq mümkün deyil. Belə yerlərdə pullu parklanma yerləri yaradırlar ki, bura gəlməkdən çəkinin, yəni bura pulludur. Belə yerlərə insanlara ictimai nəqliyyatla, ya piyada gəlmələri məsləhət görülür. Şəhərin kənarlarında sakit, rahat yerlərdə heç bir ölkədə parkomat pullu olmur”. Ə.Hüseynov deyir ki, bazar və bayram günləri parkomatlar pulsuz olmalıdır: "Parkomatlar bizə Parisdən gətirilib. Parisdə bazar və bayram günləri şəhərin istənilən yerindəki parkomatlar pulsuzdur. Axşam saat 21:00-dan səhər saat 08:00-a qədər hamısı pulsuzdur. Bunları da nəzərə almalıdırlar. İndiki parkomatlara baxanda adama elə gəlir ki, məqsəd yalnız pul yığmaq imiş. Heç olmasa, asfaltın üstünə bir çəllək boya çəkərdilər ki, maşınlar burada dayanmalıdır”.

Anar