“Türkiyə parlamentində ən azı 10 Azərbaycan kökənli deputat olmalıdır”

Qabil Hüseynli: “Niyə orada bir Azərbaycan kökənli nazir yoxdur? Bax, bunlar təəssüf doğurur”



Türkiyədə bu il iyunun 7-də baş tutacaq növbəti parlament seçkilərinə sayılı günlər qalıb. Bu ölkədə fəaliyyət göstərən siyasi təşkilatlar artıq bir müddətdir ki, marafona qatılacaq namizədlərinin adlarını açıqlayıb. Burada təəssüf doğuran məqam odur ki, həmin namizədlər sırasında Azərbaycan əsillilər çox azlıq təşkil edir.

Məlumata görə, orada yaşayan bir milyondan artıq həmyerlimizdən yalnız 2 nəfər proseslərdə iştirak edəcək. Halbuki, türklərə qarşı ərazi və qondarma soyqırım iddiasında olan erməni mənşəlilərdən marafona qatılanların sayı daha çoxdur. Hətta bəzi siyasi partiyalar erməni kökənli namizədlərin adlarını siyahının başında veriblər. Bundan əlavə, qeyd etmək yerinə düşər ki, son zamanlar Türkiyədə erməni mənşəlilərin yüksək vəzifələrə gətirilməsi prosesi müşahidə olunur. Baş nazir Əhməd Davudoğlunun erməni əsilli jurnalisti özünə müşavir təyin etməsi və sonradan onu vəzifədən kənarlaşdırması fikirlərimizin əyani sübutu kimi yozula bilər. Şübhəsiz ki, rəsmi Ankaranın soydaşlarımıza qarşı biganə münasibəti Azərbaycan ictimaiyyətində müəyyən narahatlıqlar doğurub. Və həmçinin ciddi narazılıqlara yol açıb. Siyasilərimiz isə bunun səbəblərinə dair fərqli düşünürlər. Bəziləri hesab edir ki, orada məskunlaşan soydaşlarımız bu ölkənin siyasi həyatında aktivlik nümayiş etdirmir deyə, proseslərdən kənarda qalırlar. Bəziləri isə düşünür ki, bu sadəcə AKP hökumətinin oyunudur. Doğrudan da maraqlıdı, görəsən, Türkiyə qan qardaşı olan azərbaycanlılara qarşı niyə bu mövqedədir? Onlarda erməni "sevdası” haradan qaynaqlanır?

Suallarımızı cavablandıran politoloq Qabil Hüseynli də qeyd etdi ki, Türkiyə parlamentində təmsil olunan Azərbaycan əsilli deputatların sayı az qala sıfıra bərabərdir: "Bu il yalnız MHP cəmi iki Azərbaycan kökənli üzvünün namizədliyini irəli sürüb. Ötən parlament seçkilərində hakim AKP-nin azərbaycanlı namizədi yox idi. Bir sözlə, Türkiyə parlamentində cəmi iki nəfər azərbaycanlı təmsil oluna bilər. Halbuki orada 1 milyondan artıq azərbaycanlı yaşayır. Bu, kiçik rəqəm deyil”.

Politoloqun qənaətincə, qardaş ölkə millət məclisində ən azı 10 azərbaycanlı təmsil olunmalıdır: "Lakin buna imkan yaradılmır. Baxın, Ankaraya qarşı ərazi və saxta soyqırım iddiasında bulunan ermənilər üçün geniş imkanlar yaradılır. Əlbəttə, bunlar xoşagəlməz mənzərədir”.

Siyasi şərhçi onu da diqqətə çatdırıb ki, Türkiyədəki soydaşlarımızın arasında çoxsaylı intellektuallar var: "Əlbəttə, parlamentdə təmsil olunacaq kifayət qədər savadlı və bacarıqlı soydaşlarımız mövcuddur. Sadəcə küncə basılıblar. Onlara yol verilmir. Oradakı soydaşlarımızı daha çox qara işlərə cəlb edirlər. Yuxarı çəkmək istəmirlər. Necə olur ki, başqa millətlərdən olanlar yüksək vəzifələrə sahiblənə bilir, əsl səlcuq türkləri heç polis şöbəsinin də rəisi ola bilmir? Niyə orada bir Azərbaycan kökənli nazir yoxdur? Bax, bunlar təəssüf doğurur”.

Ayyət Əhməd