Ərdoğanın partiyası tam qələbə qazana bilməsə, HDP ilə koalision hökumət qurmaq məcburiyyətində qalacaq
Türkiyə seçim qarşısında...
AKP-nin şansı bu dəfə çox deyil
Ərdoğanın partiyası tam qələbə qazana bilməsə, HDP ilə koalision hökumət qurmaq məcburiyyətində qalacaq
Ərdoğanın partiyası tam qələbə qazana bilməsə, HDP ilə koalision hökumət qurmaq məcburiyyətində qalacaq
Türkiyənin siyasi gündəmi bütünlüklə 7 iyun parlament seçkisinə istiqamətlənib. Ölkənin müxtəlif bölgələrində seçicilərin qarşısına çıxan partiya liderləri xalqa öz mesajlarını, vədlərini verərək daha artıq səs toplamaq uğrunda gərgin mübarizə aparırlar. Toplantılarda çıxış edən siyasi partiya rəhbərləri ölkənin gələcəyi ilə bağlı planlarını açıqlayırlar. Amma hələlik sirr kimi saxlanılan "sürpriz” vədlər də var. Görünən odur ki, siyasilər mühüm planlarını kampaniyanın son günlərinə saxlayıblar.
Hakim partiyanın hədəfləri nədir?
Parlament seçkisinə qatılan partiyalar çox olsa da, əsas mübarizə dörd siyasi təşkilat - hakim AKP, müxalifət CHP, MHP və kürdləri təmsil edən HDP arasında gedir. AKP və prezident Ərdoğanın parlament seçkisində iki hədəfi var. Ərdoğanın birinci hədəfi həmişəki kimi parlamentdə birinciliyi qazanmaqdır. Əslində iqtidar partiyasının son 13 ildə qələbələrinin səbəbkarı məhz Ərdoğandır. Onun xarizması, xalqa təsir etmək bacarığı hakim partiyanı qələbədən qələbəyə aparır. Əksər ekspertlərin fikrincə, çətin görünsə də, Ərdoğan bu dəfə də istəyinə nail olacaq. Amma onun ikinci hədəfinin reallaşması o qədər real görünmür. Söhbət ölkənin Ana Yasasını dəyişdirməkdən gedir. Prezident AKP-nin qazanacağı səslərlə konstitusiyanı dəyişmək və prezidentlik səlahiyyətlərini artırmaq istəyir. 7 iyun seçkisində AKP-nin toplaya biləcəyi səslərin sayı bu hədəf üçün yetərli olmaya bilər. Ərdoğanı ən çox düşündürən məsələ məhz budur. Xüsusilə, son günlər eks-prezident Abdullah Gülün yeni partiya yaradaraq, AKP-nin sosial bazasını parçalayacağı yönündəki iddialar da Ərdoğanı ciddi götür-qoy etməyə vadar edir.
Müxalifət mövcud şansları dəyərləndirə bilmir, çünki...
Əsas müxalifət partiyaları olan CHP və MHP-nin seçki şansları ölkə mediasında geniş müzakirə olunur. Ekspertlərə görə, müxalifət bu seçkidə iqtidar komandası ilə güclü mübarizə aparmağa hazır deyil. Çünki adıçəkilən partiyalar parlaq dönəmlərini yaşamırlar. Hər iki qurumun daxilində narazılıq var. Son bələdiyyə seçkisi də göstərdi ki, iqtidarın əleyhinə ciddi arqumentlər olduğu bir dönəmdə siyasi partiyalar bu durumu özlərinin xeyrinə istifadə edə bilmədilər. MHP ümumiyyətlə, birincilik uğrunda mübarizə aparmır. Millətçilər üçün vacib olan məsələ parlamentdə təmsilçilikdir. Bu partiyanın elektorat gücü bəllidir, dəstəkçilərin çoxalacağı ehtimalı isə azdır. Şübhəsiz, milliyyətçi cameənin Böyük Millət Məclisində varlığı Türkiyə cəmiyyəti üçün olduqca vacibdir. MHP müəyyən mənada dövlətin idarə olunmasına nəzarət funksiyasını yerinə yetirir. Politoloqların fikrincə, CHP 7 iyunda iqtidar olmaq yox, ana müxalifət kimi qalmaq uğrunda mübarizə aparacaq. Partiya başqanı Kamal Kılıçdaroğlu mümkün qədər AKP-nin zəif nöqtələrindən vurur. Ancaq bu, AKP üzərində qələbə çalmaq üçün yetərli deyil. Bu partiya son dönəmlərdə siyasi səhnədə söz sahibi ola bilmir. Səbəblər sırasında daha çox Kılıçdaroğlunun güclü siyasətçi olmaması göstərilir. Əgər 17-25 dekabr böyük korrupsiya qalmaqallarından sonra ana müxalifət sıralarını genişləndirə bilməyibsə, deməli, Atatürkün qurduğu partiyanı dəyişməyə ehtiyac var.
HDP-nin seçki barajını aşması təhlükə kimi dəyərləndirilir
Türkiyə ictimaiyyətində geniş müzakirə olunan məsələlərdən biri də PKK-nın siyasi səhnədəki sözçüsü HDP-nin parlamentə düşüb-düşməyəcəyidir. İddia edildiyi kimi, partiya müəyyən edilən 10 faizlik seçim barajını keçərsə, Dəmirtaşın mövqeyinin daha da artacağı güman olunur. Ekspertlərə görə, AKP, CHP və MHP-dən yorulan seçicilər "dənizə düşən ilana sarılar” məsəlinə uyğun olaraq HDP-yə səs verə bilərlər. Məsələn, bir qrup seçici prezident Ərdoğanın komandasının parlamentdə tam çoxluq qazanmasını istəmir. Buna görə də HDP-yə səs verəcək ki, bu partiya barajı keçsin və bununla AKP mütləq çoxluğa nail olmasın. Çünki HDP parlamentə düşmək üçün tələb olunan kvotanı aşa bilməsə, səslərin əsas hissəsi AKP-yə keçəcək. Kürdlərin kompakt yaşadığı ərazilərdə HDP-nin şansı yüksəkdir. Böyük ehtimalla həmin bölgələrdə PKK dəstəkçiləri asanlıqla səs qazanacaq.
Üfüqdə koalision hökumət görünürmü?
Digər bir mühüm məsələ seçkidən sonra koalision hökumətin formalaşmasının mümkün olub-olmayacağıdır. Bir sıra politoloqların sözlərinə görə, budəfəki seçki nəticələrinin koalision hökumətə gətirəcəyi ehtimalı çox azdır. Onların fikrincə, nə qədər ki, Ərdoğan siyasətdədir, üstəlik prezidentdir, AKP-yə səs verənlərin sayı çox olacaq. Çünki onu nə hərbçilər, nə korrupsiya iddiaları, nə "Gəzi olayları”, nə də uzun illər təşkilatlanmış Fətullah Gülən şəbəkəsi devirə bildi. Əslində insanlar AKP-yə yox, birbaşa Ərdoğana səs verirlər. Əgər ortada yalnız AKP-nin hazırkı başçısı, baş nazir Əhməd Davudoğlu olsaydı, bu partiya çətin ki, mütləq hakimiyyətini qoruya bilərdi. Ona görə də bu mübarizədə CHP-nin qələbə qazanmaq ehtimalı çox azdır, ən uzağı ikinciliyə iddia edəcək. MHP isə üçüncü olacaq. HDP parlamentə dördüncü partiya kimi düşə bilər. HDP-nin sədri Dəmirtaş bir müddət əvvəl Ərdoğanı nəzərdə tutaraq dedi ki, "səni cumhurbaşqanı yaptırmayacağıq”. Bu o deməkdir ki, Dəmirtaşın prezident səlahiyyətlərinin artırılması məqsədilə yeni parlamentdə AKP ilə koalisiya formalaşdırmaq fikri yoxdur. Lakin CHP lideri Kamal Kılıçdaroğlu deyib ki, hakim partiyanın təkbaşına iqtidar olması Türkiyə üçün fəlakətdir: "Ölkə üçün ən ciddi təhdid AKP-nin tək başına iqtidar olmasıdır. Əgər Türkiyəni fəlakətə düçar etmək etmək istəyirlərsə, Ərdoğana arzu etdiyini versinlər. Ortada 13 illik təcrübə var, AKP-nin dövləti ələ keçirməkdən başqa heç bir siyasəti yoxdur”.
"HDP seçim barajını aşacaq”
Türkiyədəki seçki proseslərini dəyərləndirən Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehdiyev "Şərq”ə verdiyi açıqlamada maraqlı məqamlara toxunub. Tanınmış siyasi ekspert dörd partiyanın imkanlarından və ciddi müzakirə olunan koalisiya hökumətindən danışıb: "Əvvəlcə baraj məsələsinə münasibət bildirmək istəyirəm. Qənaətim odur ki, HDP seçim barajını aşacaq. Çünki kürdlərin çoxu, yəni dindarı, dinsizi, solçusu, sağçısı bütünlüklə Dəmirtaşı dəstəkləyirlər.
Əgər sürpriz dəyişiklik olmazsa, bunun şahidi olacağıq. Ancaq AKP-nin iddia etdiyi kimi, 400 millət vəkili qazanacağı ehtimalı çox azdır, bəlkə də mümkün deyil. Zənnimcə, əsas məsələ AKP-nin koalisiya hökumətinə ehtiyac duyub-duymayacağıdır. Əgər hakim partiya 50 faizdən çox səs toplaya bilməsə, başqa çarələr axtarmağa başlayacaq. Koalisiya hökuməti isə kürdlərdən asılıdır. Əgər kürdlər birləşib HDP-yə səs versələr, partiya barajı aşacaq və AKP koalisiya hökuməti qurmaq məcburiyyətində qalacaq. Amma kürdlərin bir hissəsi AKP-yə səs verərsə, Ərdoğanın partiyası qələbə qazanacaq və tək başına hökumət quracaq”.
"AKP koalisiya hökumətini HDP ilə quracaq”
F.Mehdiyevin sözlərinə görə, koalisiyanın AKP, CHP və MHP arasında qurulması daha realdır: "Səadət Partiyası da koalisiyaya qoşula bilər. HDP də onlara dəstək verər. Ancaq problem ondadır ki, hökuməti qurmaq tapşırığını Prezident verir. Ərdoğan isə heç vaxt CHP-MHP blokuna belə bir tapşırıq verməz. Şübhəsiz, Ərdoğan bu tapşırığı AKP-yə, baş nazir Davudoğluna verəcək və deyəcək ki, "get kimi tapırsan, tap, hökuməti qur”. Davudoğlu da məcbur olacaq ki, HDP ilə razılaşsın. HDP isə referendum istəyəcək və yeni konstitusiyada kürdlərə muxtariyyət hüququnun verilməsini tələb edəcək”.
"Partiyalar ideologiyaların təsirindən qurtula bilmir”
Politoloqun fikrincə, CHP ilə MHP arasındakı ziddiyyətin səbəbləri var: "MHP sağçı, CHP isə solçudur. İdeologiyalar hələ də öz təsirini qoruyur. 15-20 il bundan qabaq bu partiyalar biri-birinə düşmən idilər, AKP onları yaxınlaşdırıb. Bu da məcburiyyətdən irəli gəlir. Çünki hər iki partiya hesab edir ki, konstitusion rejim təhlükə altındadır. Əgər Ərdoğan prezident üsul-idarəsini tətbiq edərsə, bu, ölkədə avtoritarlıq yaradacaq. Ona görə də məcburi də olsa, CHP və MHP bir araya gələ bilər. Təbii ki, belə koalisiyalar uzun ömürlü olmur”.
İsmayıl