Türkiyə seçki havasındadır...

Ölkənin bütün siyasi elitası gərgin yarışa qatılıb

Ərdoğanın partiyasının yenə qalib gələcəyi söylənilir, ancaq sürprizlər də ola bilər
Türkiyə yenidən gərgin siyasi mübarizə meydanına çevrilir. Belə ki, iyunun 7-də ölkənin siyasi və iqtisadi həyatını dəyişə biləcək parlament seçkiləri keçiriləcək. Seçkilərdə 31 siyasi partiyanın nümayəndələri iştirak edəcək. Artıq millət vəkilliyinə namizədlərin siyahısı Yüksək Seçki Kabinetinə təqdim edilib. Budəfəki seçki prosesində namizədlərin təyin edilmə prosesinə qeyri-hökumət təşkilatları də cəlb olunub. Ümumilikdə parlament seçkilərində 53 milyon 765 mindən artıq seçici səs verəcək. Türkiyədən kənardakı seçicilərin sayı isə 3 milyona yaxındır.
Parlament seçkilərində sürprizlər olacaq
Müəyyən səbəblərə görə, seçkilərin nəticələrindən gözləntilər çoxdur. Düzdür, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) növbəti dəfə üstünlüyü ələ alacağı ehtimal edilir. Ancaq sürprizlərin olacağı da istisna deyil. Buna görə də ekspertlər indidən dəqiq proqnoz verməkdə çətinlik çəkirlər. Buna baxmayaraq, partiyalar daxilində deputat siyahısına düşmək uğrunda mübarizə şiddətlənir. Türkiyənin hakim partiyasının 70-dən artıq hazırkı deputatı 2015-ci il parlament seçkilərində iştirak edə bilməyəcək. Belə bir qərar partiyanın növbəti qurultayında partiyadan olan deputatın 3 dəfədən artıq müddətə seçilməsi hüququnun olmamasına dair daxili nizamnamə tələbinə uyğun olaraq qəbul edilib. Türkiyə mediasının yazdığına görə, 2015-ci il seçkilərində baş nazirin müavinləri Bülənt Arınç, Bəşir Atalay və Əli Babacan, ədliyyə naziri Bəkir Bozdağ, AKP rəhbərinin müavini Hüseyn Çəlik, energetika və təbii sərvətlər naziri Taner Yıldız, xarici işlər naziri Mövlud Çavuşoğlu kimi partiyanın məşhur nümayəndələri iştirak edə bilməyəcək. Təbii olaraq, prezident Rəcəb Tayyib Ərdoğan da parlament seçkilərində iştirak etməyəcək. Ən maraqlısı odur ki, narazılar, hətta namizəd ola bilmədiyinə görə özlərinə qəsd edənlər də var. Məsələn, Türkiyənin hakim partiyasından millət vəkilliyinə namizəd olmaq istəyən, amma yekun siyahıya adı daxil edilməyən partiya üzvü özünü öldürüb. 35 yaşlı Cəlal Ayrancı Ankara şəhərində qaldığı oteldə başından silahla vuraraq intihar edib.
AKP daxilindəki gərginlik seçkilərə də təsir göstərəcək
Seçkiöncəsi baş nazirin müavini Bülənt Arınçla prezident Ərdoğan arasında bir müddətdir "soyuq savaş” getdiyi də iddia edilir. Arınç çıxışlarının çoxunda Ərdoğanı açıq və dolayı yolla tənqid etməkdən çəkinmir. Tənqidlərə Ərdoğandan birbaşa reaksiya gəlməsə də, prezidentin yaxın ətrafından Arınça əks-ittihamlar səsləndirilir. Məsələn, Ankaranın bələdiyyə sədri Melik Gökçek prezidentə ünvanlanan tənqidlərə cavab olaraq B.Arınçın Fətullah Gülənin adamı olduğunu bildirir. Arınç isə bunun yalan olduğunu və ona ünvanladığı ittihamlara görə, Gökçeyin cavab verəcəyini deyir. Gökçeyin oğlu Osman Gökçeyin AKP-dən millət vəkilliyinə namizəd veriləcəyi barədə xəbər çıxandan sonra tərəflər arasında növbəti gərginlik yaşanıb. Yaxın ətrafının yerli mətbuata verdiyi məlumata görə, Arınç bu qərara qarşı çıxaraq AKP-yə mesaj göndərib: "Bu partiyada azacıq hörmətim varsa, Melikin oğlu namizəd edilməsin”.
Müxalifət partiyaları seçkilərə ciddi hazırlıq görür
Türkiyə prezidentliyinə keçmiş namizəd Ekmələddin İhsanoğlunun millət vəkilliyinə namizədliyi müxalifətdə olan MHP tərəfindən irəli sürülüb. Xatırladaq ki, E.İhsanoğlu ötən il keçirilən prezident seçkisinə müxalifətin vahid namizədi kimi qatılıb. O, uzun müddət İslam Əməkdaşlıq Təşkilatının baş katibi olub. Bütövlükdə MHP-də işlər tamamlanmaq üzrədir. Partiya rəhbəri Dövlət Baxçalı namizədlər siyahısına son əlavələr edir. Budəfəki seçkilərdə ilk dəfə Xalqların Demokratik Partiyası da iştirak edəcək. Türkiyə millisinin sabiq futbolçusu və hazırda millət vəkili Hakan Şükür də yenidən deputatlığa namizədliyini verib. Gülən-Ərdoğan qalmaqalında birincini müdafiə edib hakim AKP-dən istefa verən "Kral” ləqəbi ilə tanınan sabiq futbolçu bu dəfə müstəqil namizəd olacaq. Lazımi sənədləri seçki komissiyasına təqdim edən H.Şükür "Twitter”də İstanbulun 3-cü bölgəsindən müstəqil namizəd olacağını açıqlayıb. Cümhuriyyət Xalq Partiyası da 362 nəfər millət vəkili namizədini təyin edib. Partiya lideri Kamal Kılıçdaroğlu namizəd siyahısını açıqlayıb. Türkiyənin sabiq müxalifət lideri Dəniz Baykal da bu il iyunun 7-də keçiriləcək parlament seçkilərində öz namizədliyini irəli sürüb. Baykalın namizədliyi rəsmən qeydə alınıb.
Partiyaların erməni namizədləri...
Ən maraqlısı odur ki, parlament seçkisində 3 partiya erməni namizədlə iştirak edəcək. Hakim AKP, CXP və separatçı kürdlərin Xalqın Demokratiya Partiyası seçkiyə erməni namizəd də qatıblar. Hər 3 erməninin namizədliyi İstanbul şəhərindən irəli sürülüb. Qeyd edək ki, onların məclisə girmələri mümkün görünür. Hər 3 namizəd TBMM-də Türkiyə ermənilərini təmsil etməyə çalışacaq.
Hökumət seçki öncəsi sərt addımlar atır
Türkiyə məhkəməsi populyar sosial media saytlarından istifadəyə qadağa tətbiq edilməsi barədə hökm çıxarıb. Hökm Türkiyə prokuroru oğurlandıqdan sonra üzərinə silah çəkilmiş vəziyyətdə şəkillərinin "Twitter”, "Facebook” və "YouTube” saytlarından çıxarılmamasına cavab mahiyyəti daşıyır. Türkiyənin səlahiyyətli nümayəndələri prokurorun şəkillərinin yayımlanmasını terrorizmin müdafiəsi kimi qiymətləndirərək, onun ailəsinin iztirabına yol açdığını iddia edir. Türkiyə mediasının bildirdiyinə görə, məhkəmə 150 yerli internet saytının da bağlanmasına göstəriş verib. Saytların bağlanması ölkədə geniş etirazlarla qarşılanıb. Kibernetika azadlığı üzrə ekspert Yaman Akdenizin dediyinə görə, iyun seçkiləri öncəsi saytların bağlanması yanlış bir hərəkətdir: "Düzünü deyim, heç təəccüblənmədim. Seçkilər öncəsi bu, gözlənilirdi. Gözlədiyimiz bunun nə zaman baş verəcəyi idi. İki məhkəmənin ötən il "Twitter” və "YouTube”la bağlı hökmlərinə baxmayaraq, sosial mediaya çıxış hələ də bağlanır”.
Müxalifət 14 ildə Ərdoğanla bacarmadı. İndi bu vəzifə baş nazir Ə.Davudoğlunun üzərinə düşür. Amma Ərdoğansız seçki marafonunda baş nazir Ə.Davudoğlunun partiyasını qələbəyə aparıb-aparmayacağı düşərgəni ciddi düşündürür.
İlkin seçki sorğuları nə deyir?
Türkiyədə parlament seçkilərinə 2 ay qalmış GENAR (Araşdırma Məsləhət Təhsil) rəhbəri İhsan Aktaş apardıqları araşdırmanın nəticələrini açıqlayıb. Türkiyə mediasına istinadən verilən xəbərə görə, səsvermədə hakim Ədalət və İnkişaf Partiyası 47, Cümhuriyyət Xalq Partiyası 24, Milliyyətçi Hərəkat Partiyası 15, Xalqların Demokratik Partiyası isə 9 faiz səs toplayacaq. İhsan Aktaş araşdırmalarına əsasən söyləyib ki, nəticələr AKP iqtidarının hakimiyyətinin davamını göstərir: "Tabloda dramatik bir dəyişiklik olmazsa və HDP həddi aşsa, parlament seçkisində AKP-dən 290-300 nəfərin millət vəkili seçiləcəyini düşünürük. Belə qənaətdəyəm ki, seçki kampaniyası zamanı siyasi mücadilə daha çox AKP ilə CHP arasında olacaq”.
Qars və İğdır Azərbaycan üçün böyük önəm daşıyır
Azərbaycanla həmsərhəd olan və etnik cəhətdən rəngarəngliyi ilə fərqlənən Qars və İğdırda, hər dəfə olduğu kimi, bu dəfə də böyük rəqabət yaşanır. Hətta vəziyyət o həddə çatıb ki, azərilərin də kompakt yaşadığı həmin ərazidən partiyalar seçdikləri namizədləri etnik mənsubiyyətinə uyğun irəli sürür. İrəli sürülən azəri kökənli namizədlər Azərbaycandan da böyük köməyə ümid edir. Milliyyətçi Hərəkat Partiyasından olan namizədlər İsa Yaşar Tezel və Səfər Qaraqoyunlu İğdıra səfər ediblər. İsa Yaşar Tezel çıxışında bildirib ki, erməni diasporu İğdırda deputat seçkilərinə müdaxilə etmək istəyir: "AKP, CHP və HDP-nin erməni namizədləri var. Türk düşmənliyi aparan erməni diasporunun adamlarını niyə namizəd irəli sürürsünüz? Hanı Azərbaycanla qardaşlıq, hanı iki dövlət, bir millətlik? Xocalıda soyqırım törədən ermənilərə xidmət edənləri partiyalarınızdan namizəd edirsiniz. İğdırlılar erməni diasporunun oyununu pozacaq. Azərbaycan türkü olaraq Türkiyə Böyük Millət Məclisində Azərbaycanın səsi, dərdinin tərcümanı olacağıq, Azərbaycanın bütün problemlərini gündəmə gətirəcəyik, Qarabağ məsələsi üçün çalışacağıq”. Həqiqətən İğdır təkcə Türkiyə üçün deyil, Azərbaycan üçün də strateji əhəmiyyətli bölgədir. Azərbaycan türklərinin də yaşadığı bu ərazidən bir İsa Yaşar kimi Azərbaycan sevdalısının millət vəkili seçilməsi dövlətimizin maraqları baxımından çox faydalı olar.
Ərdoğan daxildə və xaricdə dayaqlarını itirməyə başlayıb
Tanınmış siyasi ekspert Azər Rəşidoğlu deyib ki, seçkilərdə AKP-nin qalib olacağı proqnozlaşdırılır. Lakin seçkilər heç də sadə bir zamana təsadüf etmir. AKP lideri daxildə və xaricdə müəyyən mənada dayaqlarını itirməyə başlayıb: "Ərdoğanın son illər ərzində qələbəsini təmin edən müəyyən amillər var idi. Birincisi, o, demokratikləşmə yoluyla gedirdi. Hər halda, sözdə bu bəyan edilirdi və çox ciddi dəstək yaradırdı. Ən başlıcası isə Ərdoğan sabit iqtidar yarada bildi. Ölkədə hər kəs - liberallar, solçular, dindarlar tez-tez hərbiçilərin çevriliş etməsindən boğaza yığılmışdılar. Ərdoğan bunun qarşısını aldı. Digər tərəfdən, Ərdoğan dindar kəsimin maraqlarına cavab verən daxili siyasət yeritdi və bu prosesdə liberalların da dəstəyini qazandı. Üçüncü, kürd məsələsinin həllində azdan-çoxdan ciddi addımlar atmağa çalışdı. Bunlar liberal dairələrdə dəstək qazandı. Nəhayət, Ərdoğan hakimiyyətə gəldiyi ilk illərdə biznes dairələri ilə bərabər məsafədə dayandı. Ona qədər sıxışdırılan islamçı iş adamlarına geniş imkanlar yaradıldı. Sabançı, Koç kimi ənənəvi biznesmenlərlə normal münasibət saxladı və onlar da Ərdoğanın hakimiyyətə gəlməsinə dəstək oldular. Bunun nəticəsində bir müddət yeni rəqabət mühitinin yaradılması baxımından Ərdoğan böyük dəstək aldı.
Lakin son illər ərzində vəziyyət bir qədər dəyişdi. "Gəzi olayları” zamanı Ərdoğan liberalların, ateistlərin və solçuların dəstəyini itirdi. Sadə Türkiyə vətəndaşı hesab etdi ki, Ərdoğan insanların həyat tərzinə müdaxilə edir.
Qazanılan qələbələr Ərdoğanı mütləq güc kimi çıxış etməyə sövq etdi
A.Rəşidoğlunun sözlərinə görə, son dövrlərdə AKP hakimiyyəti liberalların, solçuların, dinçilərin və nəhayət, biznes aləminin etimadını itirib: "Biznesdə özününkülərə üstünlük verən Ərdoğan "Gəzi olayları”nı dəstəklədikləri üçün Koç qrupunun qalib gəldikləri tenderləri ləğv etdi. Ehtimal etmək olar ki, bu seçkilərdə də Ərdoğanı çox zəif yerindən "vurmağa” cəhd olacaq, bəzi məmurların korrupsiya və əxlaq məsələləri ilə bağlı gizli çəkilişləri meydana çıxacaq. Ərdoğan son 14 ildə korrupsiyaya qarşı mübarizəni və əxlaq məsələlərini özünün "vizit kartı”na çevirdi. Bu dəfə də gizli çəkilişlər meydana çıxacaqsa, bunlar AKP seçicisi üçün çox önəmli məsələyə çevrilə bilər. Daha ciddi siyasi dairələrdə hesab edirlər ki, Ərdoğan bir tərəfdaş kimi güvənli siyasətçi deyil.
İsmayıl