Türkiyə Suriyanı yenidən qurur
Avropa Ankaranın mövqeyinin güclənməsindən narahatdır
Martın 18-də Türkiyə Silahlı Qüvvələri Afrin şəhərini PYD və YPG terrorçularından tamamilə azad etdi. Amma bir sıra təhlükələr nəzərə alınaraq, Afrində yerli polis qüvvələrinin formalaşdırılmasına qərar verildi. Məlumata görə, Afrində yerli polis qüvvələrinin yaradılması prosesində min adam təlim keçəcək. Təlim keçmiş şəxslərin daha sonra Afrində terrorçulardan azad edilmiş 300 yaşayış məntəqəsində təhlükəsizliyə nəzarət edəcəyi bildirilir.
"Zeytun budağı” əməliyyatının uğurla başa çatdığını vurğulayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, əgər ABŞ Türkiyənin mütəffiqidirsə, o zaman Türkiyə ilə birgə fəqliyyət göstərməli, Suriyada təhlükəsizliyin təmin edilməsinə yardım göstərməlidir. Ərdoğanın sözlərinə görə, Türkiyə Qərbin Afrində hərbi əməliyyatların dayandırılması barədə xahişini yerinə yetirmək qərarına gəldi və iki ay ərzində Afrini terrorçulardan tam təmizlədi.
"Türkiyə suriyalı qaçqınları ölkədən getməyə məcbur etməyəcək”
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, suriyalı qaçqınlar azad olunmuş Afrinə könüllü şəkildə qayıdacaq. Baş diplomat qeyd edib ki, Afrinin tam azad olunmasına baxmayaraq, şəhərin infrastrukturu terrorçular tərəfindən dağıdılıb: "Bunu nəzərə alaraq, ilk növbədə Afrinin infrastrukturunun bərpasını həyata keçirəcəyik. Şəhər yaşayış üçün əlverişli olana qədər nəzarətimiz davam edəcək”.
"PKK-nın varlığı Türkiyəyə təhdiddir, onlar geri çəkilməlidir”
ABŞ Müdafiə naziri Ceyms Mettis bildirib ki, Suriya və İraqda PKK-nın varlığı Türkiyəyə təhdiddir. Bu səbəbdən həmin ərazilər PKK-dan təmizlənməlidir: "Sincarda PKK-nın olması Türkiyəyə qarşı ciddi təhlükədir. Bilirsiniz ki, PKK ABŞ tərəfindən terror təşkilatı kimi tanınır. Onlar bir çox günahsız türkü öldürüblər. Ona görə də terrorçuların zərərsizləşdirilməsini dəstəkləyirik”.
Türkiyə və ABŞ Menbiçi yenə müzakirə edəcək
Türkiyə ilə ABŞ rəsmiləri arasında keçiriləcək növbəti Menbiç müzakirəsinin tarixi bəlli olub. Məlumata görə, Türkiyə XİN müşaviri Ümid Yalçın martın 30-da ABŞ-a səfər edərək Dövlət katibinin müavini ilə görüşəcək. Görüş zamanı Menbiç məsələsi hərtərəfli müzakirə ediləcək. Xatırladaq ki, bundan öncəki görüşdə razılıq əldə edilməyib.
Avropada həyəcan: Türkiyə güclənir, imkan verməyin!
Avropa ölkələri YPG-yə kömək etməlidir, yoxsa Türkiyə bölgədə qüdrətini artıracaq. Bu barədə Fransanın "Le Fiqaro” qəzetində məqalə dərc edilib. "Şərqdəki dostlarına xəyanət edən Qərb” sərlövhəli yazıda Türkiyənin qarşısının alınmasının vacib olduğu vurğulanıb: "Avropa ölkələri artıq nəsə etməlidir, çünki Türkiyə getdikcə güclənir. Avropa Türkiyənin 1974-cü ildə həyata keçirdiyi Kipr Hərəkatına mane olmadı. Osmanlı imperiyasının fəaliyyətlərinə qarşı biganəlik bu gün də davam edir”.
Türk ordusu Tel-Rıfatı necə azad etdi?
Türkiyə Silahlı Qüvvələrinin Tel-Rıfat şəhərini terrorçulardan azad etməsinin detalları da üzə çıxıb. Suriya mətbuatında Tel-Rıfatın və Minnaq hava limanının bölgədəki rus hərbi polislərinin köməkliyi ilə alındığı iddia edilib. Məlumata görə, bölgədə 100-ə qədər rus hərbi polisi var. Türk ordusu hücum edərkən bölgədə YPG-çilərlə silahlı qarşıdurmalar yaşanıb. Bu zaman rus hərbi polisləri PYD və YPG terrorçuları ilə danışıqlar aparıb və onları şəhəri tərk etməyə razı salıb. Bundan sonra ruslar da bölgədən çıxıb və Tel-Rıfatla Minnaqa nəzarət TSQ və ASO-nun əlinə keçib. Tel-Rıfat Suriyadakı keçid nöqtələrinə nəzarət baxımından mühüm əhəmiyyət kəsb edir. Bu şəhərin alınmasından sonra Türkiyə ordusu Menbiçi daha rahat azad edə biləcək.
Berlin təşvişdə: PKK-çılar gəlir...
Türkiyə ordusunun Afrinə girməsindən sonra Suriyadan Almaniyaya qayıdan PKK terrorçuları Berlin hökumətini təşvişə salıb. Bununla bağlı Almaniyanın "Ekspress” nəşri məlumat verib. Nəşr bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin Afrinə girməsindən sonra 125 nəfər PKK-çı Almaniyaya geri qayıdıb: "Berlin hökuməti PKK-çıların öz niyyətlərini Almaniyada həyata keçirməyə çalışacağından ehtiyatlanır. Bundan başqa, "Zeytun budağı” hərəkatı başlayandan bəri PKK Almaniyada 20 türk müəssisəsinə hücum edib. Onlardan 6-sı Köln və Lüksenburqdakı məscid olub”.
"Afrin hərəkatı başa çatdıqdan sonra da əməliyyatlar davam edəcək”
Politoloq Sülhəddin Əkbər deyib ki, Türkiyə ordusu Afrin rayonunun mərkəzi də daxil olmaqla əksər hissəsinə nəzarəti təmin edib. Amma bölgəyə tam nəzarət hələ mümkün olmayıb. Xüsusilə, Minnak hava bazası və Tel-Rifat qəsəbəsi çox mühüm məntəqələrdir: "İdlibdə türk ordusunun müşahidə məntəqələri var, ancaq məntəqələrin ətrafındakı ərazilər nəzarətdə deyil. Minnak hava limanı, Tel-Rifat və İdlibdəki müşahidə məntəqələrinin ətraf əraziləri də nəzarətə götürülməlidir. Əks halda, həmin coğrafiya təhdid və qeyri-sabitlik mənbəyi olaraq qalacaq. Eyni zamanda, İdlib-Afrin və İdlib-Əlbab-Menbiç təhlükəsizlik əlaqəsinin qurulması da mühümdür. Mən yaxın günlərdə Türkiyə ordusunun bu əraziləri də nəzarət altına alacağını gözləyirəm. Fikrimcə, Afrin hərəkatı başa çatdıqdan sonra da əməliyyatlar davam edəcək.
Çünki Menbiç, Fərat çayının şərq hissəsində olan bölgənin təhlükəsizliyinin təmini, Sincərin təmizlənməsi kimi önəmli gündəm məsələlər var. Üstəlik, Şimali İraqın, xüsusilə Qəndilin terrorçulardan təmizlənməsi də gündəmdədir.
İsmayıl