Türkiyə Voleybol Federasiyasının prezidenti: Sanki şəhərinizə yeni bir ruh gəlib

"Bakı Kristal Zalı"nda  Voleybol üzrə qardaş Türkiyə komandasının oyunlarını izləyərkən Türkiyə Voleybol Federasiyasının prezidenti Özkan Mutlugil "Bakı-2015” Birinci Avropa Oyunları  ilə bağlı fikirlərini "sherg.az"ın əməkdaşına  bölüşüb. Federasiya rəhbəri bu mötəbər oyunun təşkilindən məmnunluğunu ifadə edib: " Həqiqətən də ilk Avropa Oyunları çox gözəl təşkil olunub. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm. Sanki şəhərinizə yeni bir ruh gəlib. "Baku 2015”ə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Bu hadisə xüsusi ilə  Azərbaycanda idmanın daha da inkişafı üçün mühüm rol oynayacaq”.
TVF rəhbəri Olimpidaya lisenziya qazanma imkanlarını dəyərləndirib:”Biz bu yarışlara həm kişilərdən, həm də qadınlardan ibarət komanda ilə qatılmışıq. Bundan əlavə, bu il voleybol üzrə çox beynəlxalq turnirlər olacaq. Məsələn, Avropa Çempionatı, Qranpiri, yarışları var. Eyni zamanda Dünya çempionatı oynanılır. Ona görə də həm ilk Avropa Oyunlarında, həm də dünya liqasında xüsusilə də kişilərdən ibarət komandamız mübarizə aparır. Qadınlar arasında Qran Piri yarışları bundan sonra başlayacaq. Amma bütün ölkələrin komandaları kimi bizim də hədəfimiz Yay Olimpiya Oyunlarında iştirak etməkdir. Bununla bağlı bizim müəyyən planlarımız var. Ona görə də burada gənc oyunçularımızı yoxlayırıq, sınaqdan keçiririk, onları təcrübəli voleybolçu kimi hazırlamağa çalışırıq. İlk Avropa Oyunlarında təcrübə qazanacaqlar”.
Ö.Mutlugil yuxarıda qeyd etdiyi kimi yarışların çoxluğu səbəbi ilə "Baku 2015” ilk Avropa Oyunlarında əsas heyətlə çıxış etmirlər: "Lakin ikinci dərəcəli və gənc komandalarımız burada yarışsalar da yaxşı, hazırlıq komandalardır. Amma təbii ki, biz bura bütün komandalarımızla ən yaxşı nəticəni göstrəmək üçün gəlmişik”.
Həmsöhbətimiz "Baku 2015” oyunlarına böyük əhəmiyyət verdiklərini də söyləyib: İlk Avropa Oyunlarının Bakıda keçirilməsi bizim üçün çox önəmli hadisədir".
Qeyd edək ki, Türkiyə komandası həmçinin İlk Avropa Oyunları Çimərlik Voleybolu üzrə yarışlarda yalnız kişilərdən ibarət iki komada ilə təmsil olunur.
Vüqar Şahinoğlu