“Türkiyə xalqı və prezidentini böyük sınaqlar gözləyir”

"AKP-nin seçkinin nəticələrinə etiraz edərək, səslərin sayılması prosesini bu qədər uzatması yanlış idi”
Bunu "Sherg.az”a açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev deyib.
Analitik bildirib ki, məğlubiyyət ilk gündən qəbul edilməli idi: 
"AKP rəhbərliyinin bu hərəkəti türk xalqının iqtidara qarşı olan narazılığını daha da artırdı. Bələdiyyə seçkilərinin nəticəsi Prezident Ərdoğan üçün böyük məğlubiyyət oldu. Ölkənin ən böyük 3 şəhərini itirdi. Bu şəhərlərin sırasına paytaxt Ankara da daxildir. 
Ərdoğanın İstanbula bu qədər önəm verməsinin səbəbi isə bu şəhərlə bağlı böyük planlarının olmasıdır. Artıq həmin planları həyata keçirmək üçün CHP-dən icazə alması mütləqdir ki, bu da Ərdoğan üçün çox çətin olacaq”.
Analitikin fikrincə, seçkinin nəticələri hakim partiyaya böyük dərsdir: 
"Ərdoğan özü də yaxşı başa düşür ki, məğlubiyyətin əsas səbəbi ölkədəki sosial-iqtisadi problemlərdir. Hətta gələcəkdə prezident seçkilərində belə AKP-nin məğlubiyyətini istisna etmirəm. Amma o zamana qədər hələ ki, Ərdoğanın vaxtı var. Bu müddət ərzində müəyyən dərəcədə iqtisadi irəliləyiş əldə etmək olar. Bundan sonra həm Türkiyə xalqını, həm də prezident Ərdoğanı böyük sınaqlar gözləyir”.
İsmayıl