Türkiyədə güllə səsləri eşidilir

Bu ölkənin siyasi həyatı bəzən silahlı mübarizə ilə müşayiət olunur



Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Batmandakı seçki qərargahına silahlı hücum edilib. Hücumda sabiq millət vəkili Nəzir Nasiroğlunun oğlu Abit Nasiroğlu ölüb, bir nəfər isə yaralanıb. Hadisəni törədən şəxs qaçarkən vurulub. Ölkə ictimaiyyətində silahlı hücumun siyasi səbəblərdən həyata keçirildiyi iddia olunur. Məlumat üçün bildirək ki, parlament seçkiləri ərəfəsində hakim partiya bir neçə dəfə silahlı hücuma məruz qalıb. Türkiyədəki proseslərlə bağlı "Şərq”ə açıqlama verən tanınmış siyasi ekspert Azər Rəşidoğlunun sözlərinə görə, "sadəcə hakim AKP-yə qarşı silahlı hücumlar olur” təsəvvürü yaratmaq düzgün yanaşma deyil. Çünki mövqeyindən asılı olmayaraq, Türkiyənin siyasi həyatında hər zaman silahlı mübarizəyə əl atılıb: "1960-cı illərdən başlayaraq, 80-ci illərə qədər siyasi qüvvələr arasında münasibətlər masa arxasında deyil, kənar müstəvidə həll edilib. MHP ilə solçular, devrimçi

maoçularla və leninçilər, dinçilərlə fərqli həyat tərzi keçirənlər arasında dəfələrlə silahlı münaqişələr yaşanıb. Türkiyənin siyasi sistemində münasibətlərin silahlı müqavimət yolu ilə həll edilməsi praktikası artıq adi hal alıb”.

A.Rəşidoğlunun fikrincə, Türkiyədə tam oturuşmuş demokratik siyasi sistem formalaşmadığı müddətcə insanlar münasibətlərini küçədə silahla, terrorla həyata keçirməyə cəhd göstərəcəklər: "Demokratiyanın oturuşması üçün insanlar arasında siyasi maarifçiliyi gücləndirmək lazımdır. Türkiyə cəmiyyətində siyasi maarif yüksək səviyyədə olmadığına görə, bu tipli hadisələrə tez-tez rast gəlinir. Yəqin ki, yaxın gələcəkdə də bu cür hadisələrin şahidi olacağıq”.

İsmayıl