"...Türkiyədə ölüm hökmünün bərpası da göstərilir"



"Türkiyə Avropaya inteqrasiya yolunda üzərinə götürdüyü öhdəliklərə nə qədər sadiq qalıb, bu istiqamətdə nə qədər irəli addımlar atırsa, qarşı tərəf bunu lazımınca dəyərləndirmir”.

Bunu Sherg.az-a Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkədə ölüm hökmünün bərpasını gündəmə gətirməsinə münasibət bildirərkən millət vəkili Elman Nəsirov deyib. Deputat bildirib ki, Türkiyə prezidentinin məsələni gündəmə gətirməsinin səbəbi budur:

"Türkiyə Avropaya inteqrasiya xətti seçmiş dövlətdir. Bu nöqteyi-nəzərdən inteqrasiyanın və Avropa ittifaqına üzvlüyün şərtlərindən biri kimi Türkiyədə ölüm hökmünün ləğv edilməsi məsələsi gündəmə gətirildi. Türkiyə də bu inteqrasiya xəttinə və üzvlüyə sadiqliyinin təsdiqi kimi ölüm hökmü ləğv etmişdi. Lakin sonrakı hadisələr göstərdi ki, Türkiyənin Avropaya üzvlüyü məsələsi və inteqrasiyası real prosesə bənzəmir. İndiki şəraitdə Türkiyə dövləti Avropa ilə münasibətlərin perspektivsizliyini əsas götürərək, öhdəliklərə yenidən baxılması məsələsini yenidən gündəmə gətirdi. Həmin yenidən baxılan məsələlər sırasında Türkiyədə ölüm hökmünün bərpası da göstərilir”.

Hadisələrin gedişinə görə, ölkə rəhbərliyinin məsələdə qətiyyətli olduğunu deyən millət vəkilinin fikrincə, hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 16 apreldə keçiriləcək referendumdan sonra məsələnin ən yüksək hüquqi səviyyədə müzakirə olunub, qərarın veriləcəyi ilə bağlı yanaşmasını ortaya qoyub:

"Prezident xəbərdarlıq edib ki, Türkiyədəki siyasi qüvvələr bunun əleyhinə olarsa, məsələ haqqında qərarın verilməsi xalqın öhdəliyinə buraxıla bilər. Bu məsələnin özü də perspektivdə referendumun mövzusuna çevrilə bilər. Türkiyə rəhbərliyi mövqeyini qətiyyətli şəkildə ortaya qoyur. Bununla da Türkiyənin daxilində və ya xarici ölkələrdə həmin məsələnin əleyhinə olanlara qarşı rəhbərliyin qətiyyətli olacağını ifadə edib. Türkiyə prezidentinin bu fikirləri sıradan açıqlamalar deyil. Bunların arxasında konkret əməllərin durması məlumdur. Hər şey Avropa İttifaqının Avropa üzvü Türkiyənin özünü tərəfdaş kimi təqdim edən amma reallıqda bundan qat-qat uzaq olan qüvvələrin üzərinə düşəcək. Necə deyərlər top artıq Türkiyənin deyil, qarşı tərəfin meydanındadır”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfada Konstitusiya dəyişikliyi ilə bağlı keçirilən mitinqdəki çıxışında aprelin 16-dan sonra parlamentdə edam hökmünün bərpası ilə bağlı qərar qəbul oluna biləcəyini deyib.

Aysel Aslan