Türkiyədə "Twitter" açıla bilər

Baş nazirin köməkçisi Bülent Arınç qarşılıqlı anlaşma olacağı təqdirdə bu axşamdan etibarən sosial şəbəkənin açılacağını deyib



""Twitter" məhkəmə qərarlarını icra etsə bu şəbəkə açılacaq". ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə Baş nazirinin köməkçisi Bülent Arınç bildirib. O deyib ki, qarşılıqlı anlayış içində bəlkə bu axşamdan etibarən "Twitter" açıla bilər.

"Cinayət qarşısında hər ölkənin öz tədbirləri var. Cinayət işləməyə təhrik edilə bilər. Məsələn, "bura toplaşın, şüşələri sındırın, qarşısınıza polis çıxarsa vurun, öldürün". Gəzi hadisələrində elə "tweet"lər yaşandı ki... Son hadisədə 3-4 adam zərər gördüyü üçün məhkəməyə müraciət edilib. Bir qadın "mənim adıma "Twitter"də hesab açılıb. Bu hesabdan porno yazılar paylaşılır, mən biabır oldum" deyir. Məhkəmə də qərar verir ki, bu profilə giriş qadağan olunsun. Bunları da Türkiyə İnformasiya Nazirliyi "Twitter" mərkəzinə bildirir. Amma mərkəz məhkəmə qərarını icra etmir. Dəfələrlə xəbərdarlığa baxmayaraq qərarlar icra edilmədiyi üçün giriş müvəqqəti olaraq bağlanıb. Özünüzü o qadının, ərinin yerinə qoyun. Yuvanızın yıxılmasını istərdiniz?"

B.Arınç qeyd edib ki, əgər "Twitter" indi məhkəmə qərarlarını tətbiq etsə ona giriş yenidən açılacaq. "Heç kim narahat olmasın. Biz yaxşılıqdan, gözəllikdən tərəfik. "Twitter" dünyasının faydalarını da bilirik".

Qeyd edək ki, Türkiyədə dünyanın ən populyar şəbəkə saytlarından olan "Twitter” iki gün öncə bağlanılıb. Bu, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bursa şəhərində keçirdiyi mitinqdən sonra olub. Məlumata görə, Ərdoğan mitinqdə, ""Twitter"in filanın, hamısının kökünü qazıyacağıq" deyib. Bundan bir neçə saat sonra, saat 23.34-də ölkədəki bəzi serverlərdən sosial şəbəkəyə girmək mümkün olmayıb.