Türkiyədən qeyzer pomidorları gətiriləcək

Ekspert isə deyir ki, bu cür yüksək məhsuldarlıqlı mallar şübhə yaradır



Türkiyədə iki mərhələdə yetişdirilən qeyzer pomidorları Azərbaycana da ixrac ediləcək. Lakin Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun qənaətincə, bu məhsulların mənbəyi dünyanın ən böyük GEMO istehsalçısı olan Amerikanın Mansarto şirkətinə məxsus ola bilər və Türkiyə vasitəsilə Azərbaycana ixrac edilə bilər:

"Onların sertifikatında bu məhsulların gemo olduğu bilinmir. Bu cür yüksək məhsuldarlıqlı mallar şübhə yaradır. Buna görə də məhsulun həmin şirkətə məxsus olub-olmamağı araşdırılmalıdır”.

E.Hüseynov hesab edir ki, pomidor toxumları əkildikdən sonra növbəti dəfə normal formada yetişirsə, şübhəli deyil: "Yox əgər toxum sənayesi bir şirkətin əlində cəmləşərək yetişirdilirsə, demək o məhsullar GEMO tərkiblidir”.

AİB sədri bu həftə "Azsert” GEMO laboratoriyasının rəhbərliyi ilə görüşəcəyini də açıqladı: "Bu məsələləri də görüş zamanı müzakirə edəcəyik”.

Həmsöhbətimiz GEMO məhsullarının təsirlərindən də danışıb: "Geni dəyişdirilmiş və modifikasiya olunmuş məhsulların ətraf mühitin biomüxtəlifliyinə də təsirləri az deyil. Həmçinin insan orqanizmində allergik, xərçəng xəstəliklərinin və nəsil vermə qabiliyyətinin azalmasına gətirib çıxara bilər”.

Məlumat üçün bildirək ki, Türkiyənin Ağrı vilayətinin Diyadin bölgəsində 85 dərəcə istiliyi olan geotermal sulardan istifadə etməklə becərilmiş istixana pomidorları ilkin mərhələdə 2 hektar ərazidə quraşdırılan istixanada salxım şəklində yetişdirilir. Torpaqsız əkinçilik tətbiq edildiyindən məhsuldarlıq 4 dəfə yüksəlir. Şəhər rəhbərliyi istixanaların ərazisini 100 hektara qədər artırmağı düşünür.

Vüqar Şahinoğlu