Ankara düşünüb, qərar verməlidir“Suriya müharibəsi ilk dəfə olaraq Türkiyə ərazisinə keçib”

Türkiyə yenə qana boyandı və bu dəfə qardaş ölkəni Şanlıurfada, kürdlərin yaşadığı Suruç qəsəbəsində vurdular. 18 yaşlı İŞİD-çi qız tərəfindən həyata keçirilən terror nəticəsində 32 nəfər həyatını itirdi, yüzlərlə adam yaralandı. Ümumiyyətlə, Türkiyə zaman-zaman terrora məruz qalıb, hətta bəzi dövrlərdə terror adiləşib. Amma Suruç partlayışının arxasındakı məqamlar geosiyasi proseslər baxımından diqqət çəkicidir. Siyasi ekspertlərə görə, Türkiyə Suriyaya girmədiyi üçün, əvəzində Suriyanı bu torpaqlara gətiriblər. Təxminən iki il öncə Suriyada İŞİD və digər qruplaşmaların gücləndiyi vaxtda Türkiyənin müharibəyə cəlb edilməsi ciddi şəkildə gündəmə gəldi. Elə o vaxtdan Türkiyənin müharibəyə cəlb olunması istiqamətində qızğın iş gedir. Çünki bu baş verərsə, Türkiyə gücdən düşər, daxili çaxnaşmalara yol açılardı. Ancaq Ankaranın müharibəyə "yox” deməsi yeni ssenariləri işə saldı və Suriyada Şah Süleyman türbəsinə hücum edildi. Lakin MİT kəşfiyyatçısının ötürdüyü məlumatdan sonra Türkiyə ssenaridən duyuq düşdü və öz qoşunlarını sərhədləri daxilinə gətirdi. Daha sonra, Suriyada "kürd dəhlizi” planı işə düşdü. Belə ki, Şimali Suriyanın bütünlüklə kürdlərə verilməsi prosesinə start verildi. Amma Türkiyənin öz qırmızı xətlərini müəyyən etməsi bu prosesin də qarşısını aldı. Beləliklə, Türkiyə bütün cəhdlərə rəğmən, Suriyada müharibəyə girmədi. Həmin prosesin dayanmasından təxminən 15 gün sonra Suruçda terror aktı törədildi və 32 nəfər həyatını itirdi.
Türkiyə üzərində həyata keçirilən bombalı ssenarilər...
Suruçda terror aktı məhz solçu gənclərin toplaşdığı Amara Mədəniyyət Mərkəzində törədildi. Hansı ki, onlar Kobaniyə yardım çağırışları üçün ora toplaşaraq, İŞİD-ə qarşı müharibədə kürdlərə dəstək vermək istəyirdilər. Bir sıra məlumatlara görə, kamikadzenin istifadə etdiyi bomba Rusiya istehsalı olan TNT olub. İŞİD-in ABŞ tərəfindən yaradıldığı haqda yetərincə iddialar var. Misal üçün, ABŞ kəşfiyyatının keçmiş üzvü Ervard Snouden İŞİD-in arxasında ABŞ, İngiltərə və İsrail kəşfiyyatının dayandığını bildirib. Bəs nə üçün Rusiya istehsalı olan bomba? Artıq prosesə start verənlər bəhrəsini görür. Belə ki, Suruç terrorunun ardınca kütlə küçələrə axışaraq, hökuməti ittiham etməyə, "Türkiyə nə üçün İŞİD-ə qarşı döyüşmür?” şüarlarını səsləndirməyə başladılar. Diqqət edin, Türkiyəni Suriyada müharibəyə cəlb etmək istəyənlər də eyni fikri irəli sürürlər. Beləliklə, Qərb Ərdoğana qəbul etdirmək istədiklərini
Türkiyə ictimaiyyəti vasitəsilə həyata keçirmək istəyir. Bununla yanaşı, Türkiyə tarixinin ən böyük problemi olan solçulara qarşı terror cəmiyyətdə fikir ayrılığına, köhnə ədavətin yenidən baş qaldırmasına gətirib çıxara bilər. Digər tərəfdən, məhz kürdlərə dəstək verənlərə qarşı terror törətmək İŞİD-ə qarşı Türkiyə cəmiyyətində nifrəti artırır və PKK ilə İŞİD-i eyni təhlükə olaraq görən Türkiyəni ikisi arasında seçim etmək məcburiyyətində buraxır. Halbuki, Türkiyə strateji maraqlarına uyğun olaraq Suriya müxalifətinə dəstək verir və İŞİD-lə PYD-ni eyni sıraya qoyur. Bu terror aktı türk cəmiyyətini hökumətə qarşı qaldırmaq və hökumətin seçim edərək, kürdlərə qarşı münasibətini dəyişdirmək məqsədi daşıyır.
"Türkiyənin günahı İŞİD-ə qarşı mülayim davranmaqdır”
Qanlı hadisəyə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu, bütün siyasi partiyalar, hətta sol cəbhəyə qarşı barışmaz mövqe tutan Milliyyətçi Hərəkat Partiyası da sərt reaksiya verib. MHP lideri Dövlət Baxçalı deyib ki, kim olursa-olsun, nəyə inanırsa-inansın, hansı bəhanəyə sığınırsa-sığınsın, insan həyatına qəsd edən caniləri və terrorçuları müzakirəsiz, əmmasız lənətləyirəm. Hadisəyə beynəlxalq reaksiyalar da sərt olub. Dünya mətbuatı Türkiyəni İŞİD-ə qarşı mülayim davranmaqda günahlandırıb. ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun sözləri yada salınıb: "Öz evinin arxa bağçasında ilan saxlayıb düşünmək olmaz ki, o, yalnız qonşuları vuracaq”.
Azərbaycan Xarici İşlər Nazirliyi də Türkiyədə törədilmiş terror aktını pisləyən bəyanat yayıb. Bəyanatda deyilir: "Biz, Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktını qəti şəkildə pisləyirik. Bu terror aktının qurbanı olmuş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Terrorizmdən əziyyət çəkən dövlət kimi, terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq”.
"Suriyada bir-biri ilə vuruşan hər iki qüvvə Türkiyə üçün arzuolunmazdır”
Millət vəkili Fazil Mustafa Türkiyənin Şanlıurfa vilayətinin Suruç qəsəbəsində baş vermiş terror hadisəsini şərh edərkən bildirib ki, Türkiyədə baş vermiş terror hadisəsinin ciddi beynəlxalq reaksiya doğurması başa düşüləndir. Çünki bu, müharibənin Türkiyə ərazisinə keçirilməsinin ilk siqnalıdır: "İndiyə kimi Türkiyədə İŞİD-in adına bağlanan belə irimiqyaslı və açıq həyata keçirilmiş terror hadisəsi olmayıb. İlkin versiyaya görə, İŞİD Kobaniyə yardıma getmək istəyən kürd gəncləri partladıb. Amma real nəticə odur ki, Suriya müharibəsi ilk dəfə olaraq Türkiyə ərazisinə keçib. Dünyanı narahat edən əsas məsələ budur. İndi Türkiyə çətin seçim qarşısında qalıb. Suriyada biri-biri ilə vuruşan hər iki qüvvə Türkiyə üçün arzuolunmazdır. Əgər Türkiyə İŞİD-i məhv edərsə, onun yerini türklərə daha qatı düşmən olan qüvvə - PKK-nın Suriyadakı qanadı PYD tutacaq. Eyni zamanda İŞİD-lə müharibə Suriya ərazisində olmalıdır ki, bu da rəsmi Dəməşqin ciddi etirazına səbəb olacaq. Türkiyə qərar verməlidir. Əgər İŞİD-lə təkbaşına mübarizəyə başlayarsa, bu, böyük qurbanlar tələb edəcək, müharibənin istər-istəməz Türkiyə ərazisinə keçirilməsi olacaq. Əgər bu mübarizə ABŞ-ın rəhbərlik etdiyi koalisiya çərçivəsində aparılarsa, itkilər daha az ola bilər. İstənilən halda rəsmi Ankara vəziyyəti diqqətlə öyrənib ən doğru qərar verməlidir”.
"Hərbi müdaxilə olsa, NATO Türkiyəyə açıq dəstək verə bilər”
NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov bildirib ki, hadisəyə səbəb Türkiyə hökumətinin yanlış miqrant siyasətidir: "Türkiyədəki olaylar onu göstərir ki, Türkiyə Milli Təhlükəsizlik Nazirliyi əks-kəşfiyyat sahəsində geriləyib. Hazırda Türkiyə barıt dolu çəlləyə bənzəyir. Hadisəyə zəmin yaradan digər səbəb isə Türkiyə hökumətinin yanlış miqrant siyasətidir. Müharibədən Türkiyəyə sığınan şəxslər xüsusi yerlərdə deyil, bütün ölkə ərazisində sərbəst gəzmə izni aldılar. Bu sərbəstlik isə ciddi təhlükəni meydana çıxarır. Təbii ki, Türkiyə NATO ölkəsidir və ona bu mübarizədə üzv ölkələrin hər biri dəstək verəcək. Lakin bu mübarizəyə dəstək hələ ki, ölkə daxili üçün hesablanıb. Türkiyənin Suriyaya müdaxiləsinə NATO-nun dəstəyi müzakirə olunmayıb. Məsələ bu gün üçün gündəmdə yoxdur. Əgər Türkiyədə terror təhlükəsi artarsa, NATO mübarizəyə açıq dəstək verə bilər. Əks halda, bu, mümkün olmayacaq. Türkiyənin Suriyaya müdaxiləsi İŞİD-in sonunu gətirməyəcək. Əksinə, yeni dağıdıcı zərbələrin çoxalma ehtimalını artıracaq. Bu səbəbdən Türkiyənin tək başına Suriyaya müdaxiləsi yanlış xarici siyasət olar”.
İsmayıl