Fransa Konstitusiya Məhkəməsi 1915 hadisələrinə dair saxta "erməni soyqırımı” qanununu ləğv edib. Bundan "soyqırım”ı tanımamaq Fransada cinayət hesab edilməyəcək. Məhkəmənin qərarında vurğulanıb ki, bu qanun, söz azadlığına lazımsız və nisbətsiz bir təcavüzdür.
Xatırladaq ki, sözügedən qanunun Fransa parlamentində qəbul olunması Türkiyənin ciddi narazılığına səbəb olmuşdu. Keçmiş prezident Sarkozinin dövründə qəbul edilən qanuna görə, saxta "erməni soyqırımı”nı qəbul etməyən şəxs 1 il müddətinə həbs olunmaqla cəzalandırılırdı. Lakin, Konstitusiya Məhkəməsi bu biyabırçılığa son verib.
Məsələ ilə bağlı Sherg.az a danışan Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev deyib ki, bunu Azərbaycan xarici siyasətinin uğuru, dövlətimizin beynəlxalq ictimaiyyət qarşısında qazandığı nüfuzun nəticəsi kimi qəbul etmək olar:
"Hazırda dünyada ümumi geopolitik vəziyyət dəyişir. Bir çox hadisələr yeni istiqamətlər üzrə inkişaf edir. Ona görə də bu uğuru Azərbaycanın xarici siyasəti ilə yanaşı, Prezident İlham Əliyevin dünya siyasi səhnəsində ortaya qoyduğu tək və birmənalı mövqeyinin nəticəsi kimi dəyərləndirmək mümkündür. O cümlədən, Türkiyənin güclənən mövqeyi də burada mühüm rol oynayır”.
A.Nağıyev bildirib ki, artıq erməni diasporasının güclü olduğu Qərb ölkələri reallıqların nədən ibarət olduğunu anlamağa başlayırlar:
"Fransa və digər Avropa ölkələri fərqli diasporalarla, xüsusən Şərq ölkələrinin diasporaları ilə sıx əlaqə qurmağa başlayıblar. Yəqin onlar dərk edirlər ki, milli maraqlar hansısa diasporanın təzyiqləri nəticəsində formalaşa bilməz. Əgər bugün Fransa hökuməti ermənilərin təzyiqləri nəticəsində öz milli marağını formalaşdırırsa, deməli sabah başqa diasporaların qarşısında fərqli addım atmalı olacaq. Əlbəttə, bu, uğurlu siyasət deyil. Bütün amilləri nəzərə alsaq, əldə olunan nəticənin gözlənilən olduğunu demək mümkündür. Xatırladım ki, bu yaxınlarda növbəti bir ölkə Xocalı soyqırımını qəbul etdi. Fikir verirsizsə, artıq ermənilərin törətdiyi qətliamlarla bağlı Avropa və dünyada lehimizə pozitiv canlanmalar müşahidə olunur. Bu da ondan xəbər verir ki, Azərbaycan diplomatiyası dayanmadan işləyir. İstər yumşaq diplomatiya, istərsə də mədəni-siyasi və iqtisadi əlaqələr sahəsində mübarizə öz bəhrəsini verməkdədir”.
Müsahibimiz Azərbaycan xalqının başına gətirilən faciə və soyqrımlarla bağlı təşkil edilən petisiyalara da münasibət bildirib:
"Diplomatiya yalnız Xarici İşlər Nazirliyinin işi deyil. Diplomatiya ölkə rəhbəri başda olmaqla bütün dövlətin rəsmi şəkildə apardığı işdir. Amma bununla yanaşı xalqın, QHT-lərin apardığı diplomatiya da mövcuddur. Diplomatiyada ölkənin yeritdiyi siyasətlə xalqın istəyinin uzlaşması çox vacibdir. İstər Qarabağ məsələsi olsun, istər digər məsələlərdə xalq öz fikrini bildirməlidir. Mən dəfələrlə şahidi olmuşam ki, müxtəlif petisiyalarda gənclər çox yüksək fəallıq nümayiş etdiriblər. Onlar Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm səy göstəriblər. Bu da təbii ki, ölkənin yürütdüyü xarici siyasətə dəstək baxımından çox mühüm amildir. Təəssüf ki, bəzi qurumlar Azərbaycana yaraşmayan, xalqımıza, tariximizə, milli maraqlarımıza zidd hərəkətlərə yol verirlər. Görünür, onlar da hansısa xarici güclərin əlində oyuncağa çevrilmiş qruplardır. Amma onlar unudurlar ki, Azərbaycanda dövlətlə xalq arasında güclü vəhdət var. Bu vəhdət onlara qarşı öz təsirini göstərir”.
Ayyət,
İsmayıl