Türkiyənin seçim şansı çox deyil

Sərhəddə Suriya qaçqınları, PKK təhlükəsi ölkəni gərginlikdə saxlayır



Suriyanın Tel-Abyad şəhərində silahlı atışmalardan və koalisiya qüvvələrinin hava bombardmanlarından qaçaraq Türkiyə ilə sərhədə toplaşan suriyalıların üzləşdiyi problemlər böyük ajiotaja səbəb olub. Baş verənlər dünya mətbuatında da geniş işıqlandırılıb. Məlumat üçün bildirək ki, iki gün əvvəl suriyalılar sərhəd məftillərinin yanında toplaşaraq, Türkiyəyə keçmək üçün icazə istəyiblər. Türkiyə sərhədi açmaq təlimatı versə də, İŞİD silahlıları buna mane olublar. Bunu görən suriyalılar minalanmış ərazilərə doğru yönəliblər.

Bu səbəbdən sərhəddə göndərilən hərbçilər təhlükəsizlik dəhlizi yaradaraq onların Türkiyə ərazisinə keçməsinə imkan yaradıb. Bildirilib ki, həmin gün rəsmi olaraq 4 min 630 adam sərhəddən keçib. Dünən də səhər saatlarından etibarən minlərlə suriyalı Türkiyə sərhədinə toplaşıb. Ekspertlərin iddiasına görə, Türkiyə öz daxili siyasəti ilə məşğul olduğu bir zamanda, ABŞ-ın da daxil olduğu koalisiya qüvvələri sərhəddə kürd dövləti yaratmaq üçün hərəkətə keçib. Onların sözlərinə görə, ərəb və türkmənlərin Türkiyə sərhədinə axın etməsinə səbəb olan Tel-Abyatdakı bombardman üzündən boşalan bölgələrə PKK və digər terrorçu qruplaşmalar yerləşdirilir. Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da duruma münasibətini açıqlayıb və deyib ki, sərhəddə Tel-Abyatda ərəbləri və türkmənləri təyyarə ilə vuran Qərb təəssüf ki, onların yerinə terror təşkilatı PYD və PKK-nı doldurur.

Məsələyə münasibət bildirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Şərq”ə verdiyi açıqlamada deyib ki, Türkiyənin bu məsələdə seçim şansı çox deyil:

"Sərhəddə baş verən hadisələr və onların nəticələri Türkiyəyə çox pis təsir edir. Bir tərəfdən Suriyadan növbəti qaçqın axınını nəzarətə almaq, onları yerləşdirmək, İŞİD-lə bağlı problemləri həll etmək, digər tərəfdən boşalan yerlərə daxil olan kürd terrorçuları ilə mübarizə aparmaq Türkiyə dövlətini çətin vəziyyətə salıb. Düzdür, belə baxanda, hər halda İŞİD-çilərə nisbətən kürd silahlılarına dözmək olar. Çünki kürdlər İŞİD qədər qorxu mənbəyi hesab olunmur. Ancaq problem ondadır ki, Türkiyənin uzun illərdir radikalçı kürdlərlə ciddi problemləri var. PKK Türkiyənin ərazi bütövlüyünü tanımır və dövlətə qarşı mübarizə aparır. Həmçinin, Suriya ilə Türkiyə sərhəddini ələ keçirən kürd silahlılarının PKK terrorçuları ilə sıx əlaqəsi var. Bu məsələ Türkiyəni narahat edir”. Politoloqun sözlərinə görə, Türkiyə nə qədər Suriyadakı proseslərdən kənarda qalmağa çalışsa, ciddi problemlərlə üzləşəcək: "Artıq iki ölkənin sərhəddində qeyri-müəyyənlik var. Hər an yeni qaçqın axını ola bilər. Üstəgəl, Türkiyənin daxilində də stabillik yoxdur. Hələlik hökumət formalaşmayıb. Təkbaşına hökumət zamanı Türkiyənin konkret xarici və daxili siyasəti var idi. Amma koalisiya hökumətində vəziyyət mürəkkəb ola bilər. Çünki CHP və MHP-nin maraqları və Suriya siyasəti tamamilə AKP-dən fərqlidir”.

İsmayıl