Türkiyənin siyasi səmasında koalisiya görünür
AKP tərəfdaş kimi hansı partiyanı seçəcək?
İyun ayının 7-də Türkiyədə keçirilən parlament seçkiləri ölkənin gələcəyini təyin edəcək qədər böyük əhəmiyyətə malikdir. Sandıqdan çıxacaq nəticə ilə Türkiyənin hansı yolla siyasi və ictimai həyatına davam edəcəyi bəlli olacaq. Çünki seçkinin nəticəsi Türkiyənin yeni konstitusiya və dövlət idarəçilik sisteminə keçidini müəyyən edəcək. Məhz bu səbəbdən Türkiyədə gərgin seçki kampaniyası davam etməkdədir.
Seçki marafonunda bir çox siyasi partiya iştirak etsə də, əsas mübarizə hakim AKP ilə müxalifət partiyaları olan Milliyətçi Hərəkat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (CHP) və Xalqların Demokratik Partiyası (HDP) arasında gedir. Əslində seçkilərin nəticələrinə görə bir çox proqnozlar səslənsə də, iqtidar partiyasının lider olaraq marafonun sonuna yaxınlaşdığını söyləmək olar. Açıqlanan son anket sorğuları da AKP-nin digər partiyalardan qabaqda olduğunu göstərir. Düzdür, ötən müddət ərzində baş verən bir sıra hadisələr, məsələn, prezident sarayının inşası ilə bağlı yeyintilərin olması, sarayda qızıl əşyalardan istifadə edilməsi, Türkiyədən Suriyaya dərman yardımı aparan yük maşınlarından silah və sursat çıxması prezident Ərdoğanı və onun partiyasını bir qədər silkələsə də, qurumun nüfuzuna əsaslı təsir edə bilmədi. Üstəlik, AKP lideri həmişəki kimi yayılan iddialara cavab verdi və deyilənlər sübuta yetirilərsə, istefa verəcəyini açıqlayaraq, iddiaları neytrallaşdırmağa müvəffəq oldu.
AKP yenə qabaqdadır, lakin ciddi problemləri var...
Baş nazir və partiya lideri funksiyasını yerinə yetirən Əhməd Davudoğlu seçki marafonunda Ərdoğanın kölgəsindən çıxa bilmədi. Bu yamsılama cəmiyyətdə birmənalı qarşılanmadı. Bəzən ikrahla belə qarşılanan bu taktiki gedişin yanlış olduğunu anlayan AKP, prezident olmasına rəğmən təkrar Ərdoğanı meydanlara gəlməyə razı saldı. 30 mart bələdiyyə seçkilərində olduğu kimi, parlament seçkiləri də marafonun ikinci yarısından başlayaraq Ərdoğanın liderliyi və xarizması üzərində quruldu. Baxmayaraq ki, o, artıq prezidentdir və siyasi seçki proseslərində bir partiya təmsilçisi kimi iştirakı düzgün deyil. Lakin "qalibi mühakimə etməzlər” prinsipi Ərdoğanı məsuliyyətdən qurtarır. Lakin bütün bunlar o demək deyil ki, AKP parlament seçkilərində rahat qələbə əldə edəcək və təkbaşına iqtidar olacaq. Həmçinin, indiki seçkilər AKP-də bir lider boşluğunun olduğunu ortaya çıxardı. Lidersizlik gələcəkdə müəyyən problemlərə yol açacaq.
AKP-nin səslərinə birbaşa təsir edəcək ən mühüm faktor etnik kürdlərdir
Cənub-qərb bölgəsindən bir o qədər ciddi səs ala bilməyən ənənəvi müxalifətə rəğmən AKP seçkilərdə hər zaman həmin bölgənin əhalisinin dəstəyini əldə etməyi bacarıb. Lakin kürdləri təmsil edən HDP faktoru hazırkı dönəmdə bu hədəfi təkrarlamağa maneələr yaradır. Hazırda həmin partiya kifayət qədər aktiv iş aparır və 4-cü partiya olaraq parlamentə daxil olmağa çox yaxındır. Tam mübaliğəsiz demək mümkündür ki, HDP bölgədə səslərinə sahib çıxa bilsə, hətta AKP-nin təkbaşına iqtidar olmaq imkanını belə əlindən alacaq. Bu isə 2002-ci ildən bugünədək ilk koalisiyanın qurulacağı deməkdir. Siyasi anlamda AKP-nin seçkilərdən tam qələbə ilə çıxmağının 3 vacib amili var. Kürd seçicilərin səsi bu amillərdən biridir və indiki şəraitdə ən əhəmiyyətlisidir. Digər amillərdən biri isə iqtisadiyyatdır. Orta səviyyəli həyat sürən türk vətəndaşının "aş və iş” prinsipinə dayanan psixologiyası hakim partiyanın xeyrinədir. Üçüncü və digər maraqlı məqam isə Türkiyə siyasi sistemində sağ mərkəzçi partiya boşluğunun olmasıdır. Əvvəllər DYP və ANAP-ın doldurduğu bu boşluğun ortada qalacağı müddət ərzində AKP şəriksiz lider olaraq qalacaq.
Hakim partiya sandıqdan tək çıxmasa, nələr baş verəcək?
Seçkinin nəticələrindən asılı olaraq ortaya bir neçə ssenari çıxa bilər. İlkin ssenari AKP və MHP koalisiyasının qurulmasıdır. Üzərində durulmasa da, ekspertlər bunun reallaşmasını mümkün görürlər. HDP-nin seçim barajını keçəcəyi təqdirdə 276 millət vəkilini təmin edə bilməyən AKP özü üçün bir koalisiya ortağı tapmağa məcbur olacaq. Bu zaman onların MHP-yə üz tutacaqları da ən çox inandırıcı variant hesab oluna bilər. Sağçı olmaları, eləcə də MHP-nin türk-islam ideologiyasında din faktoruna önəm verməsi və Gülən şəbəkəsinə neqativ münasibət bəsləməsi bu yaxınlaşmanı mümkün edən əsas amillər hesab olunur. Bu zaman baş nazir Ə.Davudoğlunun MHP lideri Dövlət Baxçalı ilə əldə edəcəyi razılaşma son dərəcə əhəmiyyətlidir. Siyasilərə görə, ölkənin bütünlüyünün təmin edilməsi və unitar dövlətin saxlanılması qarşılığında MHP hakim partiya ilə yaxınlaşa bilər. Amma D.Baxçalını başqanlıq sistemi məsələsində yola gətirmək o qədər də asan olmayacaq. Bu səbəbdən də AKP-MHP koalisiyasının qurulacağı təqdirdə yarı-başqanlıq sisteminin davam edəcəyi və hətta parlamentar sistemin gücləndirilməsinin şahidi ola bilərik.
Ssenarilərdən biri AKP-CHP koalisiyasıdır
Olduqca çətin görünməsinə rəğmən, belə bir ssenarinin də işə düşməsi nəzəri cəhətdən mümkündür. Hətta belə bir birliyin alınması üçün Fətullah Gülən şəbəkəsinin də araya girməsini istisna etmək olmaz. AKP-CHP koalisiyanın qurulması ictimai təmsilçiliyin 70 faizini əhatə edəcək ki, bu da ciddi rəqəmdir. Nəticədə siyasi qütbləşmələr zəifləyəcək. Lakin tərəflərin istər "camaat hadisələri”ndə, istərsə də, digər siyasi qarşıdurmalarda biri-birlərinə sərt siyasi ritorikalar etmələri, praktik cəhətdən bu koalisiyanı mümkünsüz edir. Həmçinin, burda sağ-sol, "dindar-laik” qütbləşmələrini də nəzərə almaq lazımdır. Məhz MHP-dən fərqli olaraq bu fərqliliklər AKP ilə koalisiyanı inandırıcı etmir. Türkiyədə belə qütbləşmələr son dərəcə dərindir və ciddi əhəmiyyət daşıyır.
HDP seçim barajını keçərsə...
HDP-nin barajı keçəcəyi təqdirdə ortaya çıxacaq bir digər ehtimal isə AKP-HDP koalisiyanın qurulması ilə bağlıdır. Bu cür ortaqlıq ilk növbədə AKP-nin kürdlərlə bağlı müəyyən güzəştlərə getməsi ehtimalını ortaya atacaq ki, bu da ciddi narazılıqlara yol açacaq. Belə bir ortaqlıq həm MHP-də, həm də CHP-də millətçi yanaşmaları sürətlə gücləndirəcək və bu da müəyyən qarşıdurmalara səbəb olacaq”.
Müxalifətin birləşməsi, CHP-MHP koalisiyası..
Yaxın keçmişdə, Dəniz Baykal dönəmində CHP-nin iqtidar formulu olan bu koalisiya modeli, hazırda partiyaların səs faizlərinin aşağı olması səbəbi ilə mümkün görünmür. Lakin bu iki partiya, seçim sonrasında sürpriz bir şəkildə lazımi millət vəkili sayına sahib olarlarsa, bu formul asanlıqla həyata keçə bilər. Hətta sağ-solun uzunmüddətli və qanlı rəqabətinin mövcud olmasına rəğmən sözügedən koalisiya formalaşar. Tərəfləri bir araya gətirən başlıca faktor isə, təbii ki, "nə yolla olursa-olsun, AKP-ni yola salmaq” olacaq. Hər halda Türkiyədəki siyasi proseslərdə maraqlı gedişlərin və oyunların şahidi olacağıq.
"AKP-nin hakimiyyətdən getməsi Türkiyəyə yaxşı şeylər vəd eləmir”
Türkiyədəki yaxınlaşan parlament seçkisini şərh edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, Türkiyədə proses təkpartiyalı siyasi sistemə doğru gedir və faktiki olaraq hakimiyyətin bütün qurumları bir partiyanın nəzarəti altındadır: "Əlbəttə, bu hal istər-istəməz Türkiyənin demokratiyadan uzaqlaşmasına gətirib çıxarır. Amma indiki şəraitdə seçkilərin nəticəsində AKP-nin hakimiyyətdən getməsi Türkiyəyə yaxşı şeylər vəd eləmir. Çünki sərhədlərində yerləşən ölkələrdə, İraqda və Suriyada ciddi proseslər və müharibələr gedir. Türkiyənin daxilində də vəziyyət gərgindir. Ona görə də AKP-nin hakimiyyətdən getməsi düzgün olmazdı. Amma hər halda, ən azı parlamentin praktikasında müəyyən dəyişiklik olmalıdır ki, təkpartiyalı seçki təşəkkül tapmasın. Yəni AKP müəyyən miqdarda daha az səs toplamalıdır ki, müxalifətin də səsvermədə iradəsi nəzərə alınsın. Hər şeyi Türkiyə xalqı müəyyən edəcək. Fikrimcə, həmişəki kimi AKP qalib gələcək”.
"Ola bilər ki, seçkidən sonra koalisiya qurulsun”
Seçkini dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev 6 türk dövlətinin hamısında hər şeyin yaxşı olmasını arzulayıb: "Bizim müxtəlif arzularımız ola bilər. Amma millətin siyasi iradəsinə qarışa bilmərik. Türkiyədə millət iradəsini ortaya qoyub kimi seçəcəksə, hansı partiyaya üstünlük verəcəksə, biz də xalqın iradəsinə hörmətlə yanaşacağıq. Türkiyədə demokratik seçkinin olmasını və milləti təmsil edən ən yaxşı üzvlərin parlamentə seçilməsini arzulayırıq. Mən seçki ilə bağlı proqnoz vermək istəmirəm. Hesab edirəm ki, AKP güclü partiya olduğu üçün qalib gələcək. Ola bilər ki, bu seçkidən sonra koalisiya da qurulsun. Yəni əvvəlki kimi təkbaşına idarəetmə olmaya bilər. Amma hakim partiyanın seçkidə uduzmaq ehtimalı minimumdur. Məncə, AKP qalib gələcək”.
İsmayıl