“Mustafa Akıncı naşılıq edir”
Şimali Kipr Türk Respublikasının yeni seçilmiş prezidenti Mustafa Akıncı ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında "yavru vətən” polemikası yaşanıb. Gərginliyə səbəb M.Akıncının ötən gün mətbuata verdiyi açıqlama olub. Belə ki, Akıncı artıq "yavru vətən” olmaq istəmədiklərini deyərək ŞKTR-nin öz ayaqları üzərində duracağını bəyan edib.
Onun açıqlaması Türkiyə prezidenti Ərdoğan tərəfindən sərt qarşılanıb. Şimali Kiprin bala vətən olduğunu təkrarlayan Ərdoğan M.Akıncıya diqqətli açıqlama verməsini tövsiyə edib: "Ağzından çıxanı qulağının duyması lazımdır. Biz onların baxdığı kimi Kiprə baxa bilmərik. Bir ananın balaya baxması eyni şəkildə davam edəcək. M.Akıncı isə deyib ki, Ərdoğanın sərt reaksiya verməsi əsassızdır: "Şimali Kipr Türk Respublikası deyilən bir dövlət var və Türkiyə bunu tanıyır. Dövlətimizin hökuməti, seçki komissiyası, məhkəməsi və prezidenti var. İməkləmə dövrümüz arxada qalıb”.
Məlumat üçün deyək ki, tərəflər arasında yaşanan gərginliyə baxmayaraq, Ərdoğan Akıncını prezident kimi fəaliyyətə başladıqdan sonra ilk olaraq Türkiyəyə dəvət edib. Akıncı isə böyük məmnuniyyətlə təklifi qəbul etdiyini bildirib.
Tərəflər arasındakı polemikanı şərh edən Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi şərhçi Natiq Miri deyib ki, Türkiyənin maddi və mənəvi yardımı olmadan Şimali Kiprin siyasi və iqtisadi cəhətdən ayaqda durması hələlik mümkün deyil: "Əvvəla nəzərə almaq lazımdır ki, Şimali Kipr müstəqil dövlət kimi dünya ölkələri tərəfindən tanınmır. Eyni zamanda Şimali Kiprə qarşı ola biləcək hər hansı sanksiyalar məhz Türkiyə tərəfindən neytrallaşdırılır. Türkiyə Şimali Kiprin dövlət olaraq ayaqda dura bilməsi üçün hər il 1 milyard dollara yaxın maliyyə yardımı edir. Bunları gözardı etmək olmaz”.
Ekspertin fikrincə, parlament seçkisi öncəsi belə bir gərginliyin gündəmə gəlməsi müəyyən suallar doğurur: "İndiki məqamda Türkiyə ilə Şimali Kiprin üz-üzə qoyulması, bu cür qeyri-siyasi polemikanın ortalığa atılması yalnız düşmən ölkələrin maraqlarına xidmət edir. Yaranmış ziddiyyət Yunanıstan və Avropa ölkələrinin, o cümlədən Ermənistanın əlinə Türkiyəyə qarşı tutarlı əsaslar verir. Hazırkı şəraitdə daha çox səbrli davranmaq lazımdır. Getdikcə dünyada təklənən Türkiyənin fonunda Kipr daha diqqətli addımlar atmalıdır. Hesab edirəm, yeni prezident seçilən şəxsin bu cür açıqlamaları hər bir halda siyasi ritorika olaraq yanlışdır. Məncə, bu, naşılığın əlamətidir”.
İsmayıl