Türkiyəyə sərmayə qoymağın səbəbləri var

“Çünki bir millətik, eyni dildə danışırıq, qanunvericilik normaldır”



Bir sıra media orqanlarında Azərbaycandan Türkiyəyə kapital axını barədə yazı dərc edilib. Yazıda qeyd olunur ki, 2015-ci ilin yanvar-aprel aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 60 şirkət, o cümlədən 16 səhmdar cəmiyyət yaradılıb.

Xəbəri Türkiyənin Palatalar və Birjalar Birliyi də təsdiqləyib. Deyilənə görə, səhmdar cəmiyyətlərin kapitalında Azərbaycan investorlarının iştirakı 77 faizdir. İnvestorlarımız əsasən ticarət, ictimai iaşə, turizm, nəqliyyat və s. sahələrə sərmayə yatırır. Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli prosesin bundan sonra da davam edəcəyini deyib: "Son dövrlərdə prosesin sürətlənməsinin bir sıra səbəbləri var. Təəssüf ki, Azərbaycanda mülkiyyət hüququnun qorunmasında, vergi və gömrük sahələrində müəyyən problemlər yaşanır. Bunu dövlət başçısı da, hökumət nümayəndələri də dəfələrlə qeyd ediblər. Hələ ki problemlərin aradan qaldırılmasında ciddi irəliləyiş əldə edə bilməmişik”.

Biznesi, kapitalı qorumağın ən yaxşı yolunu xaricə çıxarmaqda görənlər də var. Kapital özünə sakit liman axtarır. Türkiyə də bunun üçün ən ideal ölkələrdən biridir. Çünki bir millətik, eyni dildə danışırıq, qanunvericilik normaldır. Orada biznes qurmaq üçün əlverişli şərait və güzəştlər var. Çox güman ki, yaxın günlərdə Azərbaycanla yanaşı, Gürcüstanda da xaricə kapital axınını müşahidə edəcəyik. Çünki eyni vəziyyət qonşu ölkədə də var”.

İsmayıl