İranın TANAP-a qoşulması aktuallığı artır
Ekspertlər hesab edir ki, bu layihənin həyata keçməsi üçün ciddi şəkildə araşdırma aparmaq lazımdır
Ötən gün Türkmənistanın paytaxtı Aşqabadda Azərbaycan, Türkiyə, Türkmənistan və Avropa İttifaqı arasında dördtərəfli görüş keçirilib. Görüşdə Türkmənistan təbii qazının Trans-Anadolu Boru Xətti (TANAP) layihəsinə cəlb olunması ilə bağlı müzakirələr aparılıb. Dördtərəfli müzakirələrdə Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız, Türkmənistan prezidentinin neft və qaz məsələləri üzrə köməkçisi Baymurat Hocamuhəmmədov, Azərbaycanın energetika naziri Natiq Əliyev və Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç iştirak ediblər.
Müzakirələrin yekununda Türkmənistanın təbii qazının qiymətləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu və birgə bəyanat imzalanıb. Layihə ilə bağlı aparılan müzakirələrdən danışan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib ki, TANAP regionun ən böyük "arteriyası” olaraq qalacaq: "Biz buna gələcəyi perspektivli bir layihə kimi baxırıq. Trans-Anadolu genişləndirilə biləcək böyük boru xəttidir. Onun vasitəsilə nəinki Azərbaycanın, hətta İranın, Türkmənistanın, İraqın da qazını nəql etmək imkanı var. İran layihədə iştirak payı almaqda maraqlıdır. İrana qarşı sanksiyaların ləğvi qərarından sonra TANAP-ın aktuallığı daha da artıb. Bu ölkənin qazının dünya bazarlarına çıxması üçün TANAP-dan başqa alternativ yoxdur”. Bir sıra iqtisadçıların fikrincə, yaxın günlərdə İran və Türkmənistan layihəyə qoşulacaq və üç mənbədən böyük həcmdə təbii qaz Avropaya axacaq.
Bu da ölkəmiz üçün əlavə dividendlər gətirəcək. Amma ciddi götür-qoy etməyin zəruri olduğunu düşünən ekspertlər də var. Məsələn, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, iki böyük qaz ehtiyatına malik olan ölkələrin qazının TANAP-la axması geniş şəkildə ölçülüb-biçilməlidir. Çünki 31 milyard kubmetr buraxılış gücü olan qaz kəməri ilə əsasən Azərbaycan qazının dünya bazarına çıxarılması planlaşdırılıb: "Kommersiya baxımından boş qalan hissəni üçüncü tərəfə vermək niyyətimiz var. "Cənub Qaz Dəhlizi”nin tikintisinə başlayanda da bu fikirləri dilə gətirmişdik. Əgər "Şahdəniz” layihəsində 16 milyard kubmetr qaz çıxacaqsa və elə birinci mərhələsində onun buraxılış gücü 16 milyarddırsa, orada üçüncü tərəf üçün qaz yoxdur. Bu, ancaq "Cənub Qaz Dəhlizi”nin əsas hissəsi olan TANAP-ın və onun ardınca da TAP-ın genişləndirilməsindən sonra baş verə bilər. Bu isə qrafik üzrə 2023-cü ildə nəzərdə tutulub. Həmin ildə 23 milyard kubmetrə qədər genişləndirmə həyata keçiriləcək. Genişləndirmədən sonra Azərbaycanın öz qazı, qalan hissə ilə isə üçüncü tərəfin qazı daşına bilər. Bu zaman daşınma xərcinə görə, Azərbaycan gəlir əldə edəcək. Üçüncü tərəf deyilən də Türkmənistan, İran və İraq qazı nəzərdə tutulur. Ancaq layihənin tam şəkildə nə vaxt həyata keçəcəyi barədə heç kim məlumata sahib deyil”.
İqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, İranın TANAP-a qoşulması Türkmənistandan daha tez baş tutacaq: "Gələcək danışıqların əsas predmeti İranın layihəyə hansı şərtlər daxilində qoşulması olacaq. Bildiyimiz kimi, İranın potensialı çox böyükdür. Bu ölkə yaxın illərdə bazara 180 milyard kubmetr qaz çıxartmalıdır. TANAP-ın buraxılış gücü isə 31 milyard kubmetr olacaq. Bunun da 16 milyardı bizim qazdır. Yəni, İranın potensialının çox olması böyük həcmdə qazın TANAP-a qoşulmasına imkan verməyəcək. İranın başqa alternativləri də var. Rəsmi Tehran Fars körfəzi ətrafında sıxılmış qaz terminalları tikməyi düşünür”.
Türkmənistanın layihəyə qoşulması məsələsinə isə iqtisadçı belə münasibət bildirib: "Transxəzər” kəmərinin çəkilməsi həmişə Rusiya və İran tərəfindən əngəllənib. Yaxın gələcəkdə Xəzərin hüquqi statusu həll olunmayacaqsa, Rusiya bu layihənin həyata keçirilməsinə veto qoyacaq. Ona görə də İranın layihəyə qoşulması daha realdır”. İqtisadçının sözlərinə görə, cənub qonşumuz layihəyə qoşularsa, Azərbaycan TANAP-ın 57 faizini gəlir kimi götürəcək: "İranla Azərbaycan müəyyən danışıqlara başlamalıdır ki, şərtlər indidən razılaşdırılsın”.
İsmayıl