Tüstünü üzümə üfürmə!..

Daha siqaret çəkənlər dayanacaqda sərnişinləri zəhərləməyəcəklər
“Burada ictimai nəzarət böyük əhəmiyyət daşıyır. Biz ictimaiyyət üzvü olaraq hər bir fərdin qanunlara hörmətlə yanaşmasını tələb etməliyik”



"Minsk şəhərində nəinki kafelərdə, hətta kafenin ətrafında, sağ və sol tərəflərdən 10 metr məsafədə siqaret çəkmək qadağandır”



Avtobus dayanacaqlarında da siqaret çəkməyə qadağa qoyuldu. Bakı Nəqliyyat Agentliyindən "Sherg.az”a verilən məlumatda bildirilir ki, siqaret qadağası ilə bağlı şəhərdəki bütün dayanacaqlara xəbərdarlıq elanları vurulub. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qüvvəyə mindikdən sonra BNA paytaxtda müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərlə görüş keçirib, onlara qanunun tələblərinin yerinə yetirilməsi istiqamətində tövsiyə və tapşırıqlar verilib.

Maraqlı olan, dayanacaqlarda siqaret qadağasına necə nəzarət ediləcəyidir. Sözügedən qanun qüvvəyə mindikdən sonra, ictimai nəqliyyatda qanun pozucusu sürücülərə ara-sıra yenə də rast gəlinir. Bir də görürsən, sürücü sükan arxasında siqareti damağına qoyub, tüstü dumanı da sərnişinlərin üzərinə axır. Amma həqiqət naminə deməliyəm ki, sərnişinlər etiraz etdikdə, sürücü özünü "yığışdırır” - yəni, siqareti yığışdırır.

 Bununla belə, sürücü qanundan xəbərdardırsa, onu pozmağa çalışmamalıdır. Gərək elə sərnişin narazı qalıb etiraz etsin ki, sürücü də qanunsuz əməlinə son qoysun?! Sürücülər birdəfəlik anlamalı və qəbul etməlidir ki, qanun ictimai nəqliyyatda və ümumiyyətlə, ictimai yerlərdə siqaret çəkilməsini qadağan edir. Avtobus sürücüləri macal yaranan kimi qanunun tələblərini pozduqları halda, üstəlik, dayanacaqlarda da siqaret çəkilməsi qadağan edildi. 

Nəzərə alsaq ki, avtobusların əksəriyyətində müşahidə kameraları quraşdırılıb, lakin bəzi sürücülər heç buna da məhəl qoymur, o zaman dayanacaqlarda nəzarət necə həyata keçiriləcək?

Sualı Bakı Nəqliyyat Agentliyinə ünvanladıq. BNA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev "Şərq”ə açıqlamasında nəzarət mexanizminin hələ dəqiqləşdirilmədiyini bildirdi: "Hələlik bu işlə hansı qurumun məşğul olacağı və cəzalandırma mexanizmləri məlum deyil. Biz sadəcə qanunun tələbinə uyğun olaraq bu elanların vurulmasını təmin edirik”

Nəqliyyat məsələləri üzrə mütəxəssis İlqar Hüseynli "Şərq”ə açıqlamasında avtobus dayanacaqlarının yaxınlığında 2-3 kvadratmetrlik yüngül konstruksiya kabinələrin qoyulmasının mümkün ola biləcəyini dedi:

- Əlbəttə, bu bir təklifdir. Kiçik həcmli kabinələr quraşdırılarsa, dayanacaqda avtobus gözləyən birisi siqaret çəkmək üçün ora keçə bilər. Ümumiyyətlə isə, siqaret qadağası birmənalı şəkildə təqdir edilməlidir. Məsələ burasındadır ki, nəzarət mexanizmlərinin qurulması xeyli çətinliklər yaradır. Burada ictimai nəzarət böyük əhəmiyyət daşıyır. Deyirsiniz ki, siqaret çəkən sürücülərə sərnişinlər etiraz etdikdə, tabe olurlar, siqareti yığışdırırlar. Həmişə belə olmalıdır. Biz ictimaiyyət üzvü olaraq hər bir fərdin qanunlara hörmətlə yanaşmasını tələb etməliyik. İctimai qınaq böyük təsirə malikdir. Bununla yanaşı, cəzaların tətbiqi də əhəmiyyətlidir. Görürük ki, müşahidə kameraları olan yerlərdə insanlar qanunları pozmamağa çalışır. Son zamanlar piyadaların yeraltı keçidlərdən istifadəsi halları artıb. 

Çünki yol polisləri vaxtaşırı reydlər keçirir, yolu keçid üçün nəzərdə tutulmayan yerdən keçənləri cərimələyirlər. Əhali artıq ayıqlıq göstərməyə başlayıb. Yolu keçiddən keçməyə üstünlük verirlər. Çünki cərimə olunacaqlarını bilirlər. Sükan arxasında siqaret çəkən sürücülər də cərimə olunmalıdır. Bu mexanizm dəqiqliyi ilə işləsə, bu kimi hallar da azalar. Amma dayanacaqlarda siqaret çəkmək qadağası bir az fərqlidir. Adam deyə bilər ki, açıq havada dayanıb siqaret çəkirəm. Baxmayaraq ki, ictimai yerlər deyildikdə, təkcə qapalı sahələr yox, açıq hava altındakı yerlər də nəzərdə tutulur. Məsələn, biz bir müddət əvvəl Minsk şəhərində konfransda olduq. 

Fikir verdim ki, orada nəinki kafelərdə, hətta kafenin ətrafında, sağ və sol tərəflərdən 10 metr məsafədə siqaret çəkmək qadağandır. Yəni, bu şəhərdə qapalı yerlərin ətrafı da müəyyən qədər qadağa ərazisi hesab edilir. BNA-nın bütün dayanacaqlarda kamera quraşdıracağı real görünmür. Reydlərin keçirilməsi üçün də lazımi resursları varmı, bilmirəm. Amma elanlar vurmaqla, televiziyada sosial reklamlar verməklə, əhalini maarifləndirmək olar. 

Ən əsası isə vətəndaşlar qanun pozucularına təpki göstərməlidir. Qanunu pozanlar da anlamalı və qəbul etməlidir ki, siqaret çəkib tüstünü yaxınlıqdakı insanın üzərinə buraxmaq qeyri-etikdir. Biz zamanla cəmiyyətimizi bu qadağalara alışdırmalı və tədricən bunu mədəniyyətə çevirməliyik.

Məlahət Rzayeva