Bununla belə ekspert yeni tikililərin sovet dövründə tikilən binalarla müqayisədə keyfiyyətli olduğunu deyib
Bir neçə gün əvvəl Şıxov qəsəbəsində "Green City” istirahət mərkəzində tikilməkdə olan binada baş verən qəza nəticəsində ölən və yaralananlar olub. Baş verən bu hadisə yeni tikililərin zəlzələyə davamlılıq məsələsini də gündəmə gətirib. Bildiyiniz kimi, Bakıda kütləvi tikinti işləri aparılır. Azərbaycanın da seysmoloji baxımdan aktiv bölgədə yerləşdiyini nəzərə alsaq, qısa müddətdə nəhəng yaşayış komplekslərinin inşa olunub, istifadəyə verilməsi isə onların fövqəladə hallara qarşı davamlılığını şübhə altına salır.
Aidiyyəti dövlət orqanları aparılan tikintilərin 9 ballıq zəlzələyə davamlı olduğunu iddia etsələr də, bir çox tikinti şirkətləri az xərclə daha çox gəlir əldə etmək üçün keyfiyyətsiz materiallardan istifadə edir. Eyni ilə "Green City” də baş verən faciə kimi. Qeyd edək ki, uçqun "Green City” yaşayış-istirahət kompleksinin həyətində qeydə alınıb. Burada tikilməkdə olan iaşə obyekti uçub. Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Abit Əliyev deyib ki, Bakı şəhəri, Səbail rayonunun Şıx qəsəbəsində baş verən uçqun hadisəsi tikinti normalarının pozulması nəticəsində baş verib. Oxşar hadisələrin sayı yetərincədir. Bəs, günahkar kimdir? Bəzi tikinti şirkətləri ucuza qaçmaq üçün hər vasitəyə əl atırlar. Fəhləni usta kimi işlədirlər, tikinti materiallarının ən ucuzu, yəni ən keyfiyyətsizini istifadə edirlər ki, qazancları daha da çox olsun. Nəticədə də belə hadisələr baş verir.
"MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov isə "Şərq”ə açıqlamasında deyib ki, binanın tikinti normalarına uyğu olub-olmadığını araşdırmaq üçün ilkin olaraq layihələndirmə sənədlərindən başlamaq lazımdır:
"Tikintinin layihəsi standartlara uyğun deyilsə, bu zaman həmin tikintiyə icazə verən icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi məsuliyyətli qurum hesab edilir. Növbəti mərhələdə isə tikintini aparan şirkətin fəaliyyəti üzrə araşdırma aparmaq lazımdır. Tikintini aparan məsul şəxslərin ifadəsi alınmalıdır. Keyfiyyət sertifikatı olmayan tikinti materiallarından istifadə edildiyi halda baş verən hadisənin məsuliyyəti icraçıların üzərindədir. Hesab edirəm ki, son rəy komissiyanın araşdırmasından sonra verilməlidir”. Bununla belə N.İbrahimov yeni tikililərin sovet dövründə tikilən binalarla müqayisədə keyfiyyətli olduğunu deyib: "Ekspert kimi qeyd edə bilərəm ki, indiki binalar sovet dövründə tikilənlərlə müqayisədə kifayət qədər keyfiyyətlidir. Düzdür, hələ sovet dövründə tikilən bu binalar 2000-ci ildə sınaqdan yaxşı çıxdı. Hazırda yeni tikilən binalar da zəlzələyə davamlıdır. Ola bilər ki, bu binalar sırasında keyfiyyətə, tələblərə cavab verməyənlər olsun. Faiz nisbəti ilə götürdükdə bu cür binalar 13-15 faiz təşkil edir”.
Respublika Seysmoloji Mərkəzin direktoru Qurban Yetirmişli isə deyib ki, onlar sadəcə olaraq, tikinti aparılan ərazinin neçə ballıq zəlzələyə davamlı olması məsələsini araşdırırlar:
"Biz tikinti aparılan ərazi üçün seysmoloji aktivliyi müəyyən edirik. Bəlli edirik ki, tədqiqat apardığımız ərazidə ən güclü zəlzələ neçə bal gücündə baş verə bilər. Ərazidə müvafiq cihazlarla tədqiqat aparılır, daha sonra hesablamalar əsasında dalğanın əraziyə təsiri, sürəti digər metodikalarla müəyyənləşdirilir. Tikinti işləri bu hesablamalar əsasında aparılmalıdır. Biz sadəcə olaraq, yekun fikir bildiririk ki, həmin ərazidə ən yüksək ballı zəlzələ nə qədər ola bilər”. Cebhe.info-ya açıqlama verən Q.Yetirmişlinin sözlərinə görə, ümumilikdə Bakıda tikilən göydələnlər 8-9 ballıq zəlzələyə davamlıdır: "Yalnız arzuolunmaz halda, zəlzələ olduqdan sonra bilmək mümkündür ki, hansı tikili zəlzələyə davamlıdır, hansı yox”. Mərkəz direktoru da hesab edir ki, Şıxovdakı tikilinin uçmasının səbəbi binanın pis tikilməsidir.
Şəymən