“Üçlük”dən “beş”li formata keçid...
Həmsədrlik institutunun dəyişdirilməsinə politoloqlar rəy verir
ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı apardığı bacarıqsız və uğursuz siyasət Azərbaycan ictimaiyyətinin səbr kasasını doldurub. Ona görə də ABŞ, Rusiya və Fransadan ibarət olan üçlü formatın dəyişdirilməsi və ya tamamilə ləğv olunması ölkə mediasında ciddi müzakirə olunur.
Önə çəkilən əsas təkliflərdən biri isə üçlüyün beşliklə əvəz olunması, yəni Almaniya və Türkiyənin də yer aldığı beş ölkədən ibarət "Sədrlər Şurası”nın yaradılmasıdır. Əksəriyyət hesab edir ki, yeni format münaqişənin həlli istiqamətində müsbət nəticələrə səbəb olacaq. Ancaq bunun əksini düşünənlər də var. Bəs, görəsən, ölkənin tanınmış siyasi partiya funksionerləri bu barədə hansı fikirdədirlər?
KXCP sədrinin müavini Xəzər Teyyublu hesab edir ki, ən uğurlu variant 1993-cü ildə ABŞ, Rusiya və Türkiyədən təşkil olunmuş üçlü format olub. Çünki həmin formatda Azərbaycanı hərtərəfli müdafiə edən qardaş ölkə yer alırdı: "Təəssüflər olsun ki, daha sonra Fransa Türkiyəni əvəzlədi. ATƏT-in bugünkü fəaliyyəti sıfırdır. Fikrimcə, Türkiyə mütləq münaqişənin həllinə cəlb olunmalıdır. Almaniya haqqında da fikirlərimiz müsbətdir. Almaniyanı Azərbaycana dost ölkə bilirik. Eyni zamanda ABŞ-ı da prosesə cəlb etmək, daha aktiv olmasına çalışmaq lazımdır. Ukrayna ərazisini işğal edən Rusiya kimi təcavüzkar bir dövlətin münaqişənin sülh yolu ilə həllində iştirak etməsi gülüncdür. Bizim tam haqqımız çatır ki, erməniləri müdafiə edən ölkələri həmsədrlikdən uzaqlaşdıraq.
Əlbəttə, Almaniya və Türkiyənin prosesə cəlb olunması münaqişəni tez zamanda həll etməyə bilər. Amma bu ölkələr Rusiya və Fransanın mövqeyini neytrallaşdırar”.
BXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli isə deyib ki, ilk baxışda belə təkliflər çoxları üçün cazibədar görünür. Amma məsələnin başqa tərəfləri var: "Təklifdə Türkiyənin adı var. Təbii ki, Türkiyə problemin ədalətli həllində, Azərbaycan torpaqlarının işğaldan azad olunmasında maraqlıdır. Almaniya isə qismən neytral mövqedən çıxış edir. O baxımdan Almaniyanın da prosesdə iştirakı xoş qarşılanır. Təkliflərdən biri də həmsədr ölkə olan Fransanın Avropa Birliyi ilə əvəzlənməsidir. Ancaq bir məqamı xüsusi nəzərə almaq lazımdır. ATƏT-in Minsk Qrupunun üç həmsədri də BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləridir. Üç dövlətin hamısının TŞ-də qəbul olunan istənilən qərarı tətbiq etmək və ya əksinə, veto qoymaq hüququ var. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı BMT dörd qətnamə qəbul edib. Ancaq həmsədrlər bu günə kimi qətnamələrin icra olunması istiqamətində addım atmayıblar. Əgər dünyanın super gücləri, ən yüksək tribunalarda hakim sözə sahib olan dövlətləri problemin həllində maraqlı deyillərsə, Almaniya və ya Türkiyənin prosesə cəlb olunması bizə heç nə verməyəcək. Əslində hansısa dövlətin bu prosesdə iştirak etməsindən daha çox bütövlükdə beynəlxalq ictimaiyyətin ikili standartlardan əl çəkməsi, işğalçı Ermənistana təzyiq göstərməsi və sanksiyalar tətbiq etməsi daha mühümdür. İndiyə qədər çoxlu sayda dəyişikliklər olub, həmsədrlər əvəzlənib. Amma münaqişənin həllində heç bir müsbət irəliləyiş olmayıb. Müsbət nəticə üçün problemin arxasında dayanan ermənipərəst qüvvələri neytrallaşdırmaq lazımdır”.
AMİP-in Mərkəzi Şurasının üzvü Əli Oruclu bildirib ki, Dağlıq Qarabağ problemi beynəlxalq aləmin çözə bilmədiyi, daha doğrusu, çözməkdə aciz qaldığı azsaylı problemlərdəndir: "Münaqişədə beynəlxalq hüquq normaları da, hamılıqla qəbul olunmuş prinsiplər də gücsüzdür. Ona görə ki, burada maraqlar, tərəflilik və təəssübkeşlik faktorları var. Özü də işğalçı Ermənistanın lehinə olan faktorlar. Bu səbəbdən hansısa regional və beynəlxalq təşkilatlardan, yaxud da dövlətlərdən münaqişənin ədalətli həllini gözləməyi sadəlövhlük sayıram. Hətta qardaş Türkiyənin özünün belə bizimlə üst-üstə düşməyən milli və dövlət maraqları var”.
Ə.Oruclu hesab edir ki, nə qədər çox dövlət və beynəlxalq təşkilat Ermənistan-Azərbaycan münaqişəsinin həllinə cəlb olunacaqsa, problemin çözümü çətinləşəcək: "Azərbaycan diplomatiyasının ən böyük səhvi onda olub ki, Dağlıq Qarabağ problemini qloballaşdırıb. Onun beynəlxalq status almasına imkan verib. Ziyanın yarısından qayıtmaq da xeyirdir. Azərbaycan çalışmalıdır ki, ilk növbədə problemi özünün daxili işi hesab edilməsinə nail olsun. Almaniyanın təmsil olunması nəyi dəyişəcək ki? Atalar demişkən, "yüz həkim də yığılsa, güc doğana düşər”. Ona görə də güc Azərbaycanın, Azərbaycan xalqının üzərinə düşür. Yetər ki, bunun üçün daxili həmrəyliyə, daha doğrusu, milli birliyə, xarici siyasətdə isə strateji, hərbi müttəfiqlərimizin sayının artırılmasına nail olaq”.
İsmayıl