Uğura davam...

Azərbaycan cəmiyyəti ilk Avropa Oyunlarında qürur hissi keçirəcək




Ölkəmizə qarşı aparılan çirkin kampaniyaların ifşa olunmuş nəticələrini çox görmüşük

Birinci Avropa Oyunlarının vaxtı yaxınlaşdıqca, ölkəmizin uğurunu istəməyən bəzi xarici qüvvələr və onların daxildəki havadarları Azərbaycana qarşı qərəzli mövqelərini daha qabarıq şəkildə göstərməyə başlayıblar. Hər ötən gün qondarma təşkilat və qurumların adı altında Birinci Avropa Oyunları barədə həqiqəti əks etdirməyən məlumatlar yayan, bəyanatlar səsləndirən antiAzərbaycan qüvvələrin yarışların keçirildiyi günlərdə də təxribat xarakterli hərəkətlərə yol verəcəkləri istisna edilmir.

Təbii ki, ölkəmizə qarşı olan bu kampaniya Azərbaycan cəmiyyəti, ölkədə fəaliyyət göstərən ictimai və siyasi təşkilatlar, QHT-lər, kütləvi informasiya vasitələri tərəfindən etirazla qarşılanır. Qərəzli kampaniyaya qarşı haqlı mövqe ortaya qoyulur.

Mötəbər tədbirlə bağlı yayılan qərəzli yanaşmalara münasibət bildirən Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov deyib ki, ilk Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı qarayaxma kampaniyası aparan dairələr bu oyunlar keçiriləndən sonra peşman olacaqlar. F.Heydərov bildirib ki, bu dairələrin məqsədi Azərbaycanda gedən bugünkü inkişafın üzərinə kölgə salmaqdır: "Azərbaycanda gedən bugünkü inkişaf, dövlətin apardığı ağıllı və məqsədyönlü siyasət, dövlətin nüfuzunun artması, dünya dövlətləri içərisində həm iqtisadi, həm də siyasi cəhətdən nümunəvi ölkəyə çevrilməsi bir çox dairələri narahat edir və onlar bu kampaniyanı guya bizim ölkəmizdə gedən inkişafın qarşısını almaq üçün bir vasitə hesab edirlər”. Deputat qeyd edib ki, bu dairələr özləri də bilirlər ki, bütün bunlar hamısı yalandır, böhtandır: "Onlar bir şey edə bilməyəcək. Avropa Oyunları Azərbaycanda çox böyük müvəffəqiyyətlə keçiriləcək”. Millət vəkili ilk Avropa Oyunlarının ölkəmizə gətirəcəyi faydalardan da danışıb. Vurğulayıb ki, bu oyunların Azərbaycanda keçirilməsi dövlətimiz, xalqımız üçün böyük tarixi hadisədir: "Əvvəla, bu, Azərbaycanın beynəlxalq aləmdə, inteqrasiya etdiyimiz Avropada necə böyük önəm daşıdığının bariz nümunəsidir. Bu oyunlar keçirilən müddətdə bütün dünyanın diqqəti Azərbaycanda olacaq və bütün dünya ölkəmizin nə qədər təhlükəsiz, humanist və qonaqpərvər olduğunu görəcək, Azərbaycanın beynəlxalq aləmdə sözünün kəsəri daha da artacaq. Vətənini, dövlətini, xalqını, millətini sevən hər bir azərbaycanlı da təbii ki, belə bir nəhəng idman yarışının məhz Azərbaycanda keçirilməsindən fərəh, qürur hissi duymalıdır”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov da ilk Avropa Oyunları ərəfəsində bəzi xarici mətbuat orqanlarında Azərbaycanla bağlı yayılan qərəzli yazılara, ölkəmizə qarşı qarayaxma kampaniyalarına münasibət bildirib. Vitse-spiker deyib ki, Azərbaycanın imicinə xələl gətirmək istəyən qüvvələrin cəhdləri heç vaxt nəticə verməyib: "Ölkəmiz bu sınaqlardan çox çıxıb, ona görə bundan da narahat olmağa heç bir əsas yoxdur. "Eurovision” mahnı müsabiqəsi ərəfəsində də bəzi xarici mətbuat orqanları, QHT-lər və sapı özümüzdən olan baltalar çox çalışdılar ki, bu yarışmaya kölgə salsınlar, Azərbaycanın imicini ləkələsinlər, amma bu cəhdlər heç bir nəticə vermədi. İndi yenə də eyni sözlər deməyə, heç bir mənası, mənəvi, siyasi, hüquqi əsası olmayan bəyanatlar verməyə başlayıblar. Amma Azərbaycanın inkişafı göz qabağındadır. Biz Birinci Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşırıq. Artıq idman qurğularının hamısı istifadəyə verilib və bu oyunların çox yüksək səviyyədə keçiriləcəyini gözləyirik”.

O qeyd edib ki, bəzi Avropa qeyri-hökumət təşkilatları, özlərini insan haqlarının müdafiəçiləri adlandıran şəxslər niyə bir dəfə də olsa Xocalı soyqırımı haqqında bir bəyanat vermirlər?: "Ermənilər Azərbaycan ərazisində 30-dan artıq terror aktı törədiblər, niyə həmin şəxslər bu barədə danışmırlar? Niyə Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkününün olması faktına göz yumurlar? Amma hansısa bir cinayətkarla bağlı tez əldə bayraq tuturlar. Görün burada nə qədər ikili standartlar var!”. Z.Əsgərov bildirib ki, hər bir Azərbaycan vətəndaşı belə təxribatlara qarşı ayıq-sayıq olmalı və ölkəmizi istəməyən qüvvələrin cavabını verməlidir. Bu məsələdə mətbuatın üzərinə daha böyük məsuliyyət düşür.

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Xəzər İsayev də bildirib ki, I Avropa Oyunları ilk növbədə Azərbaycanda kütləvi idmanın təbliği xarakterini daşıyır: "Avropa Oyunları idmanın təbliği ilə Azərbaycanda sağlam həyat tərzinin inkişafına təkan verəcək. Bu oyunlar gənclərin idmana daha da cəlb olunmasında böyük rol oynayacaq. İlk Avropa Oyunlarının Azərbaycanda Olimpiya Oyunları səviyyəsində keçirilməsi dünyada ölkəmizin daha da tanınmasına və inam qazanmasına gətirib çıxaracaq. Ölkəmizdə inşa olunmuş möhtəşəm yeni idman qurğuları gələcəkdə də Azərbaycanda insanların müstəqil şəkildə idmanla məşğul olması, idmançılarımızın təlim-məşq toplanışları keçmələri və möhtəşəm yarışlar keçirmək üçün əhəmiyyətli olacaq. Kommunikasiya sisteminin yenilənməsi, nəqliyyatın inkişafı, yeni yolların salınması, yeni idman obyektləri I Avropa Oyunlarından sonra da Azərbaycan xalqının rifahına xidmət edəcək”. MOK-un vitse-prezidenti I Avropa Oyunlarının yüksək səviyyədə təşkilinin Azərbaycanın gələcəkdə Yay Olimpiya Oyunlarına ev sahibliyi etməsi üçün də böyük köməklik göstərəcəyini qeyd etdi. Onun sözlərinə görə, I Avropa Oyunları Azərbaycanda turizmin inkişafına da böyük təkan verəcək: "Əminəm ki, Prezident cənab İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə İlk Avropa Oyunları çox yüksək səviyyədə təşkil olunacaq və bütün dünya bu Oyunların möhtəşəm şəkildə keçirilməsinə heyranlıqla baxacaq”.

İsmayıl