Uilyam FOLKNER: Qətl haqqında sonra...

Şükür ŞƏNOLun tərcüməsində


Folkner detektiv janrının pərəstişkarı idi


Uilyam Folkner ( 1897-1962 ) – XX əsr görkəmli amerika yazıçısı, Nobel mükafatı laureatı ( 1949 ). Məşhur "Yoknapatof dastanı və əfsanəsi”nə daxil edilən "Səs və şiddət” ( 1929 ), "Sartoris” ( 1929 ), "Avqustda işıq” ( 1932 ), "Avsessalom, Avsessalom” ( 1936 ) və s. romanların müəllifi. Qeyd edək ki, Yoknapatof Folknerin yaradıcılıq təxəyyülatından doğan Missisipi ştatının yeni dairəsidir və onun əsərlərinin böyük əksəriyyətində hadisələr bu çevrədə təsvir olunur. Bu əfsanənin əsasını Birləşmiş Ştatların tarixində qızıldərililərin torpaqlarına ingilislərin ilk gəlişi və məskunlaşmasından başlayaraq ( 1861-1865 –ci illər ) iyirminci əsrin ortalarına qədərki bir dövrü əhatə edir. Folkner həm də detektiv janrının pərəstişkarı idi ( bunu yazıçının yaradıcılığını dəyərləndirən Xorxe Luis Borxes bu qənaətə gəlirdi. ) ; onun şəxsi kitabxanasında dünyada tanınan 31 detektiv yazarın əsərləri yer alırdı, o cümlədən Aqata Kristi, Elleri Kuin, Harri Kemelmen, Maykl İnnes bu sıraya aid edilir. Folkner ilk detektiv əsəri – "Qətl haqqında sonra...”nı 1932-ci ildə dərc etdirib. Bunun davamı kimi 1934-cü ildə "Doktor Martino” toplusu nəşr olunub. Qeyvin Stivens personajı ilə bir-birinə bağlanan əsərləri geniş şöhrət qazanan "Atla gediş” ( 1949 ) kitabında toplanıb. Folknerin "Qətl haqqında sonra...” əsərini Borxes tərtib etdiyi detektiv əsərlər antalogiyasına daxil etmişdir. Amerika ədəbiyyatının parlaq simalarından olan Folknerin digər əsərləri kimi bu əsərinin də oxucular üçün maraqlı olacağını nəzərə alıb dilimizə tərcümə etdim.

( povest )

Anselm Xollend Ceffersona çox-çox illər əvvəl gəlmişdi. Onun haradan gəldiyini bir kimsə belə bilmirdi. Amma o vaxtlar bir gənc kimi hər halda, görünüşcə diqqət çəkən olduğuna görə idi ki, üç il sonra bizim mahalda ən yaxşı torpaqlarda iki min akr sahəyə sahiblik edənin qızı ilə evləndi və yaşamaq üçün qayınatasının malikanəsinə yığışdı, iki il sonra arvadı elə həmin evdə ona ekiz – iki oğlan doğdu, daha bir neçə il keçdi qayınatası öldü, bundan sonra Xollend arvadının adına olan bütün fermanın sahibi oldu. Lakin biz ceffersonlular qayınatası ölməzdən əvvəl də, onun – "Mənim torpağım, mənim tarlam”, - deyə hədsiz ucadan söyləməsindən cana doymuşduq; və ataları, babaları bu torpaqlarda doğulan hər kəs ona tərs-tərs baxar, onu vicdansız və ( deyilənlərə görə, onun ağ və qara icarəçiləri, bir sözlə onunla əlaqə saxlayan, işgörən kim olubsa ) qəddar kimi tanıyardılar. Amma onun qadınına olan şəfqətə və qayınatasına göstərilən hörmətə görə, ona ədəblə yanaşırdılar, baxmayaraq ki, onu heç sevmirdilər. Lakin xanımı da dünyasını dəyişəndə, iki körpə ( ekizlər ) onun himayəsində qalanda, biz qərar verdik ki, hər şeyə görə, o günahkardır, çünkü bu gənc qadının həyatı onun – bu doğma olmayan yadın qaba rəftarı ilə qəhr oldu. Bir vaxt uşaqlar böyüyüb, əvvəl biri, sonra o birisi evdən tamam çıxıb gedəndə bizi heç təəccübləndirmədi. Yarım il əvvəl isə onu gözlənilmədən getdiyi minik atında ölü vəziyyətdə tapdılar, yəhərin üzəngisinə ilişmiş halda və bədənindəki əzilmiş, zədələnmiş yerlərə görə, çox güman ki, at onu dəmir barmaqlıqları olan hasarın yanı ilə sürümüşdü ( ata o qədər qırmanc çəkilmişdi ki, ətrafı və yanı çapıq və yara idi, görünür bu cür ağır döyülən at havalanıbmış ), bizlərdən heç kimin ona yazığı gəlmədi, o ölümünə az qalmış elə bir iş tutmuşdu ki, o zaman bu şəhərdə yaşayan hər kəs bizim kimi bunun müdhiş cinayət hadisəsi olduğunu böyük əminliklə söyləyə bilərdi. Anselm ölən gün biz öyrəndik ki, o ailə qəbiristanlığındakı məzarların üstünü qazaraq goreşən kimi açıb (orada arvadının ata-baba nəslindən olanlar dəfn edilmisdilər), artıq düz otuz ildən çox tabutda uyuyan arvadının məzarını da amansızcasına söküb, dağıdıb. Bax bu ağılsızı – kinə, ədavətə mübtəla qocanı iyrənc və murdar hərəkəti ilə ruhunu təhqir etdiyi insanların arasında dəfn etdilər, qabaqcadan təyin edilmiş vaxtda isə onun vəsiyyətnaməsin açdılar və təsdiq olunmağa verdilər. Bu bizi heç təəccübləndirmədi. Gor evindən belə son zərbəni də ağalıq etdiyi ya da ağır təhqirə məruz qoyduğu insanlara – öz doğma övladlarına vurdu, hətta bu da bizi təəccübləndirmədi.
Atalarının ölümünün ildönümündə ekizlərin qırx yaşı tamam oldu. Deyilənlərə görə, gənc Anselm anasının sevimlisi idi – ola bilsin, ona görə ki, o atasına daha çox oxşayırdı. Lakin anasının ölümündən sonra bu ekiz oğlanlar hələ tamamilə uşaqkən, biz eşitdik ki, ata Ans həmişə, hələ kiçik Ansla söyüşür və qovğa edir, amma ekizlərdən – Virdjinius onları barışdırmağa çalışır, o səbəbə də atası da, qardaşı da onu ağır söyüşlərlə təhqir edir. Lakin o – Virdjinius başqa heç nə edə bilmirdi. Qardaşı ondan sərt xasiyyəti ilə fərqlənirdi: on altı yaşında evdən getmiş və on il gözə dəyməmişdi. Artıq qayıdanda özünə güvənən gənc idi və atasından ixtiyarında olan torpaqlardan onun payının ayrılıb verilməsini rəsmi qaydada tələb etsə də ata Ans qəzəb və qeyzlə bundan boyun qaçırdı. Buna rəğmən, oğlu da eyni qızğınlıqla torpağı istəməkdə davam etdi – hər ikisi, yaşlı Ansla, gənc Ans bir-birinə qarşı çıxdı. Lakin sonra biz öyrəndik ki, qəribə olsa da, Virdjinius atasının tərəfini saxladı. Hətta biz belə son dərəcə təəccüb içində qaldıq, ona görə ki, torpağa heç kimin toxunmadığını eşitdik, bizə danışırdılar ki, quduzcasına söyüşmə və didişmədən sonra, - bildiyimiz qədər indiyəcən onların aralarında bu şiddətdə dava-dalaş olmamışdı, - elə dəhşətli ki, evin qaradərili xidmətçiləri belə qaçıb dağılışmış və bütün gecəni gözə dəyməmişdilər, - bundan sonra gənc Ans özünə məxsus qatırların qoşqu ləvazimatların yığışdırıb getmişdi və o gündən atasının ölümünə qədər, hətta az sonra Virdjinius məcburən evdən getsə belə artıq heç vaxt geri dönməmiş, nə atası, nə də qardaşı ilə barışıb kəlmə belə kəsməmişdi. Lakin bu dəfə gənc Ans uzağa getmədi. Bu şəhəri çevrəsinə alan dağlarda məskunlaşdı ("oradan o qoca atasının və qardaşının nə etdiyini görə bilirdi”, - kiminsə dediyi bu fikirlə biz hamımız razılaşmışdıq.) və on beş il müddətində yerdən tikilmiş, döşəməsi torpaq ikiotaqlı xırda evdə tək tərkidünya kimi yaşadı, özü-özünə bişirib-düşürdü və ildə yalnız bir neçə dəfə iki qatırın qoşulduğu arabada şəhərdə görünərdi. Neçə il əvvəl onu həbs etdilər və viski çəkdiyinə görə mühakiməsi oldu. O, vəkil tərəfindən müdafiəsinə razılıq vermədi, ona qarşı sürülən ittihamları qəbul etmədi, məhkəmənin hakimi ona qanunu pozduğuna və məhkəməyə hörmətsizliyinə görə cərimə ödəmək cəzası verdi, qardaşı Virdjinius isə ona verilən cəriməni ödəmək istədiyini bildirəndə elə qeyzlə onun üzərinə acığını tökdü ki, eynən atasını xatırlatdı. Həmin anda o, məhkmə zalında Virdjiniusu vurmaq üçün cəhd göstərdi, qazamata aparılmasını özü tələb etdi və səkkiz ay sonra nümunəvi davranışına görə, azad olunub, sərt, susqun, donqarburun kimi evə qayıdanda qonşuları və hərdən-hərdən bu tərəflərdən keçənlər ondan çəkinirdilər.
Ikinci ekiz, Virdjinius malikanədə qalıb atasının əziyyətinə qatlaşmaq istəmədiyi torpaqları əkib-becərirdi. (Qoca Ans haqqında yalnız onu deyirdilər ki, haradan gəlib, kimdir o, məlum deyil, fermer olmaması isə aydın məsələ idi. Və biz hamımız eyni fikirdəydik: qoca gənc Ansla ona görə, söyüşürdü ki, anasının qardaşı ilə ona qoyub getdiyi və indi atasının baxa bilmədiyi torpaqları kol-kos basmışdı.) Buna baxmayaraq, Virdjinius atasının yanında qaldı. Əlbəttə, ola bilsin ki, onun günü xoş keçmirdi və biz tez-tez söhbətlərimizdə - ehtimal ki, bunun belə uzun müddət davam edə bilməyəcəyini Virdjiniusun anladığını, - söyləyirdik. Nələr baş verdiyi bizim fikrimizdən çıxmırdı: "Mümkündür ki, o da hər şeyi başa düşürdü”. Doğrudan da bu Virdjinius belə bir insan idi və ümumiyyətlə, onun o vaxt nə düşündüyünü heç kim bilmirdi. Qoca Ansla gənc Ansı müqayisə edəndə bizə hər şey su kimi aydin olurdu. Bu su bulanıq da ola bilərdi, bütün hallarda hər kəsə onların ağlından nə keçdiyi anlaşılan idi. Amma bir insan belə Virdjiniusun nə düşündüyünü bilməzdi və nə etdiyini yalnız sonra hamı öyrənərdi. Biz hətta, gənc Ansın yoxluğunda atası ilə birlikdə on il yaşayan Virdjinius axır ki, evdən gedən də nə baş verdiyini bilmədik. O, bu barədə heç kimə nəsə demədi – hətta Qrenbi Dodja da və yəqin ki, ondan da bir söz belə eştmək mümkün olmazdı. Amma biz qoca Ansı və Virdjiniusu çox yaxşı tanıyırdıq, odur ki, onların davasının necə getdiyini təsəvvür edə bilirdik.
Gənc Ans qatırları da qoşqu ləvazimatlatı ilə götürüb dağlara gedəndən sonra biz qoca Ansın bütün ili necə dəlilik etdiyini görmüşdük. Lakin sonra yəqin ki, artıq səbr etməyib və Virdjiniusa belə deyib:
- Düşünərsən ki, bütün torpaqlar sənin olana qədər burada mıx kimi dura və gözləyə bilərsən?
- Mənə bütün torpaqlar lazım deyil, - cavab verib Virdjinius. – Mənə öz payım yetər.
- Ahaa, - yəqin, qoca Ans deyib, - sən də torpaqları bölmək istəyirsən. Demək belə, siz birlikdəsiniz? Elə ki, ikiniz də həddi-buluğa çatdınız, hesab etdiniz ki, torpaqları bölüşdürə bilərsiniz...
- Mənə daha yaxşı əkib-becərmək üçün bir az torpaq lazımdı nəinki bu vəziyyətdə görmək, - Virdjinius cavab verib, - həmişə olduğu kimi ağıl və dərrakə ilə çox qısa; heç kim, heç vədə Virdjiniusun özündən çıxdığını yaxud həyəcanlandığını görməmişdi, hətta o vaxt Anselmə məhkəmənin qərarı oxunanda, baş verənlər də...
- Demək belə! – qoca Ans dedi. – Əslində, ötən bütün illəri mən bu torpaqları əkdim, becərdim vergi ödədim, sən və qardaşın ancaq pul yığdınız, vergi-fılan yox, sənin fikrincə, bu ədalətsizlik deyilmi?
- Sən bilirsən ki, Ans ömründə bir sent belə yığmayıb, - Virdjinius dedi, - onun haqqında nə deyirsən, de, amma onu frıldaq işlətməkdə günahlandırma.
- Allaha and olsun, o fikirdə deyiləm! O, özünün düşündüyünü tələb etməyə cəsarət etdi və heç nəyə sahib olmadan itilib getdi. Amma sən elə deyilsən, dilin şirindi. Burada veyil-veyil gəzib, lənət sənə, öldüyüm günü gözləyəcəksən. Sənin payına düşən torpaqların anan ölən vaxtdan ödədiyim vergilərin pulunu qaytar və öz pay torpağını götür!
- Yox, - Virdjinius dedi, - qaytaran deyiləm.
- Deməli, yox? – qoca Ans dedi. – Qaytarmayacaqsan? Belə daha sərfəlidir, bir pay torpağa görə, pullarını xərcləmək ağılsızlıqdır. Nə vaxtsa gözəl bir gün bütün torpaqlar havayı sənin olacaq, heç bir xərcə düşmədən. – Və biz bu məqamda qoca Ansın necə ayağa qalxdığını xəyalımıza gətirdik (biz xəyal etdik ki, onlar bu ana qədər bütün ədəb qaydalarını gözləyərək bir-birini çox sakit dinləyiblər), qoca yerindən dik atılıb əhvalı pozuq, qaşları çatılmış bir vəziyyətdə, - sürük mənim evimdən! – deyir. – Lakin Virdjinius oturduğu yerdən belə ayağa qalxmır, heç qımıldanmır da və yalnız təmkinini pozmadan atasının üzünə baxır. Qoca Ans onun üstünə cumur və əlini qaldırır. – Çıx get! Sürük mənim evimdən, mən sənin üçün kimsə deyiləm...
Və həmin dəqiqədən Virdjinius evdən getdi. O tələsmidi, yeyin-yeyin getmirdi. O, öz əşyalarını yığışdırdı ( gənc Ansla müqayisədə onun yükü çox idi ) və yaşamaq üçün üç, dörd mil aralıda yaşayan ana tərəfdən qohumlarından birinin oğlunun yanına getdi. Onun bu qohumu tək yaşayırdı, baxmayaraq ki, iri ferması vardı, girov qoyulmuşdu, ona görə ki, fermer kimi çox bacarıqsız idi, o daha çox mal-qara satışı ilə məşğul olurdu və arada vaizlik edirdi – görünüşcə qısaboy, kürən, gözəçarpmayan idi; beləsiylə qarşılaşsan da bir dəqiqə sonra hətta sifətini xatırlaya bilməzsən, - əlbəttə, alqı-satqı və vaizliyi də çox yəqinki torpağı əkib-becərməyindən heç də yaxşı bacarmırdı.
Virdyinius evdən tələsmədən, hay-küy salmadan, söyüş söymədən getdi – qardaşı kimi yox, qəribə də olsa, biz gənc Ansı davakarlıqda və özünə aid olanları tələb etdiyi üçün məzəmmət etməkdən heç çəkinməmişdik. Sözün düzü, biz həmişə necə olsa da Virdjiniusa üstünlük verirdik, o həddən artıq təmkinliydi və özünə nəzarət hissini itirmirdi. Biz ona hiyləgər adı vermişdik və onun bütün qənaət edib yığdığını qohumunun fermasını borcdan çıxarmağa sərf etdiyini eşidəndə heç təəccüblənmədik. Heç kimin gözləmdiyi halda qoca Ansın fermasına görə vergini ödəmədiyini eşidəndə də biz təəccüb etmədik və onun borcunu ödəyə bilməyən müflis elan edilməsinə iki gün qalmış şerif gözlənilmədən poçtla kim tərəfindən göndərildiyi məlum olmayan xollendlərin sahib olduğu fermanın vergisinin tamamilə bütün məbləğini aldı.
-Məhz, bu, Virdjiniusun işidir, - bir-birimizə dedik, imzanın belə olmamasına baxmayaraq pulu kimin göndərdiyini başa düşürdük. Buna qədər isə artıq şerif qoca Ansa xəbərdarlıq etmişdi.
- Çıxarın bazara, hərraca qoyun və rədd olun buradan, - şerifin sözünü ağzında qoyan Ans onu qapıdan qovub. – Onlar fikirləşirlərsə ki, onlara yalnız oturub ğözləmək qalır, alçaq övladlar...
Sonra şerif işin nə yerdə olduğunu gənc Ansa bildirib.
- Torpaq mənim deyil, - o da cavab verib.
Və şerif Virdjiniusa vəziyyəti aydınlaşdırıb.
Bundan sonra şəhərə gələn Virdjinius özü vergi ödəyiciləri kitabına baxıb.
- Hazırda mənim ixtiyarımda böyük təsərrüfat var, - deyib o, - amma, əlbəttə, əgər atam fermanı özbaşına buraxarsa mən yəqin ki onu ala bilərəm. Düzü, belə yaxşı ferma alıcısız qalmaz və ucuz da satılmaz.
Vəssalam. O nə əsib-coşub özündən çıxıb, nə nəyəsə təəccüb qalıb, nə rəhmə gəlib. Sadəcə o özündə olub və ağılla iş görüb. Və biz şerifin anonim imza ilə pul aldığını eşidəndə az da olsa təəccüblənmədik: " Anselm Xollendin fermasına görə, vergi ödəməsi. Pul köçürməsi böyük Anselm Xollendə təqdim edilsin”.
- Mütləq bu, Virdjinius olacaq, - dedik biz. Sonra biz bütün ilboyu onu xatırladıq; özgə evdə yaşayır, özgə torpaqları əkib becərir və anadan olduğu ev kimi, hüquqi baxımdan ona məxsus torpaqların da, hər şeyin necə dağılıb məhv olmasını görür. Qoca fermanı tamamilə özbaşına buraxıb. İldən-ilə geniş, məhsuldar torpaqları kol-kos basır, alaq otları bürüyür, sonra da vəhşiləşib cırlaşırdılar. Baxmayaraq ki, heç kim Virdjiniusdan özgə onun yanına gəlmirdi, hərçənd hər ilin yanvarında şerifə poçtla anonim pul göndərilir o da bu köçürmənin sənədini qoca Ansa çatdırırdı, ona görə ki, qoca artıq heç şəhərə getmirdi, evi də sökülüb dağılırdı. Virdjinius isə ildə beş-altı dəfə atın belində gələr, bu evin qabağındakı pilləli, üstüörtülü tikilinin önündə dayanardı və o zaman qoca onu görmək üçün evin içindən çölə sıçrayardı, onun üstünə şiddətli və çirkin söyüşlər yağdırardı. Bununla belə Virdjinius təmkinini pozmadan atasına tamaşa edər, onun sağ-salamat olduğuna əmin olandan sonra fermada qalan zənci xidmətçilərlə söhbət edər və yenidən çıxıb gedərdi. Başqa orada heç kim olmazdı. Buna baxmayaraq, çoxları bu qocanın sonralar onu öldürən ağ atın belində yabanılaşmış bitkilərdən sanki üzərinə örtük çəkilmiş tarlanın yanı ilə ğetməyini müşahidə edərdilər.
Ötən yay isə eşitdik ki, o arvadının mərhum ata və babasının, beş nəsil arxa dönəninin sidr ağaclığı meşəsindəki qəbirlərini qazıb açır. Bu barədə bir zənci xəbər yaymışdı, bundan sonra şəhərin sanitar qayda-qanununa düzgün əməl olunmasına nəzarət edən inspektor qəbirstanlıga gedib ağaca bağlı ağ atı görmüşdü, bu vaxt qoca ağacların arxasından çıxıb əlində tüfəng onun üstünə yerimişdi. İnspektor gedəndən iki gün sonra qəbirstanlıqda olan şerif qocanı üzəngisi və yüyəni dolaşıq düşmüş atının yanında yerdə tapmışdı, həmin vaxt atın sağrısında dəyənək zərbələrinin izlərini görmüşdü – məhz dəyənək, qırmanc yox – dərin izlər, görünür, o atı ara vermədən vurmuşdu...
Və qocanı təhqirə məruz qoyduğu qəbirlərin arasında dəfn etdilər. Virdjinius öz qohumları ilə dəfn mərasiminə gəldi. Düzünü desək, onlar dəfnlə bağlı bütün işləri özləri gördülər, ona görə ki, kiçik Ans heç hüzr yerinə də gəlmədi ... Virdjiniusun xidmətçi zəncilərlə haqq-hesabı üzmək üçün bir müddət malikanədə qalmasına və hələ bütün qapı-bacanı bağlamamasına baxmayaraq sonradan da olsa, kiçik Ans heç evə də gəlmədi. Qoca Ansın vəsiyyətnaməsin təsdiq üçün Dyükinfild məhkəməsinə təqdim edən Virdjinius özü də yaşadığı qohumlarıgilə getdi. Vəsiyyətnamə heç kim üçün sirr qalmadı, biz hamımız bu barədə hər şeyi bilirdik, bütün qaydalara uyğun bir şəkildə yazılmışdı, hər şey dəqiq və çox aydın qeyd edilmişdi, bizi az da olsa belə təəccübləndirmədi: "...növbəti iki bənddə yazılanlar istisna olmaqla məhkəmə sədrinin tam razılğı ilə əgər sübut edilərsə bütün mülkiyyətimi mənim böyük oğlüm Virdjiniusa vəsiyyət edirəm, həm də məhkəmənin sədri heç bir şübhəyə yer qoymayan yeganə hakim olmalıdır. Məhz o yuxarıda adı göstərilən Virdjinius mənim fermama görə vergiləri ödəyib”.
Digər iki bənddə deyilirdi:
"...qatırlar üçün iki dəst qoşqu ləvazimatını mənim kiçik oğlum Anselmə vəsiyyət edirəm. Bir şərtlə ki, yuxarıda adı göstərilən Anselm araba ilə bir dəfə mənim qəbrimin üstə gəlsin. Əks təqdirdə həmin qoşqu ləvazımatları yuxarıda qeyd etdiyim mənim mülkiyyətimin ayrılmaz hssəsidir”.
"...qohumum Qrenbi Dodja mənim təşəkkürüm kimi özünə Zəbur kitabı almaq üçün bir dollar nağd verilməsini vəsiyyət edirəm. Ona görə ki, yuxarıda adı göstərilən Virdjinius mənim evımi tərk edəndən sonra o mənim oğlum Virdjiniusu yedirib içirtmiş və evində yer vermişdir”.
Artıq həyatda olmayan qocanın vəsiyyətnaməsi belə idi. Gənc Ansın nə deyəcəyini və nə edəcəyini biz eşitmək istəyirdik və gözləyirdik. Amma biz heç nə eşitmədik və görmədik. Və biz Virdjiniusun nə edəcəyini gözləyirdik. Lakin o da heç nə etmədi. Ola bilərdi ki, biz sadəcə onun nə etdiyini, nə fikirləşdiyini bilmirdik. Məhz Virdjinius belə halda və xasiyyətdə olan biriydi. Həqiqətdə isə artıq hər şey həll edilmişdi. Ona məhkəmə hakimi Dyükinfild tərəfindən vəsiyyətnamənin təsdiqini gözləmək qalırdı, bundan sonra Virdjinius Ansla hər şeyi istədiyi kimi bölə bilərdi - əlbəttə, onun bunu istəməsi də maraq doğururdu. "Onlar bir-biriylə heç vaxt qovğa etməyiblər” – deyirdi, kimsə. "Əslində Virdjinius heç vaxt bir kimsə ilə dava salıb söyüşməyib – ehtiraz edirdi bir başqaları - əgər bunu nəzərə alsaq onda o fermanı bütün ştatla bölüşməli olacaq”. "Amma Ansa görə cəriməni məhz Virdjinius ödəmək istəyirdi” – ehtiraz edirdi, birincilər. " Düzdür, amma Ans torpaqların bölünməsini tələb edəndə Virdjinius atasının tərəfini saxladı” – deyirdi, bir başqaları.
Bir sözlə, hamı nə olacağını gözləyirdi. Biz məhkəmə hakimi Dyükinfildın qərarını gözləyirdik; birdən xəbər çıxdı ki, hər şey tamam başqa cürdü və hakimə qəzavü-qədərdən qocanın özünü mühakimə etmək lazım gələcək, belə ki, qoca son nəfəsinə qədər heç cür sakitləşmək bilmirdi, hətta, çoxlarına elə gəlirdi ki, qoca gor evindəki tabutundan belə yaxınlarını təhqir etməkdən qalmır; on beş il qabaq bir-birindən yana ölən barışmaz qardaşları mühakimə etmək lazımdır. Amma biz hesab edirdik ki, qoca Ansın son zərbəsi hədəfə dəyməyib, öz ürəyincə seçdiyi hakim Dyükinfilddə qəzəb və qızğınlığı gözünü tutan qoca yanılıb. Biz çox gözəl bilirdik ki, hakim Dyükinfildin timsalında qoca Ans bizim hamımızdan müdrik, vicdanlı və satın alınması mümkün olmayanı seçib və qanunlara dərindən bələdliyi əsla onun vicdan və ləyaqətinə kölgə sala bilməzdi.
Belə sadə bir sənədin təsdiqini qeyri-müəyyən müddətə uzatması faktının özü bizim üçün əlavə dəlil idi. Hakim Dyükinfild o insanlardan idi ki, onlar əmindirlər ki, ədalət məhkəməsinin əsası yarı hüquqi biliyindən, yarı da sənin özünə və Uca Allaha inamından asılıdır.
Vəsiyyətnamənin təsdiqinin qanuni müddətinin bitməsinə az qalmışdı və biz hər gün hakim Dyükinfildin öz evindən çıxıb mərkəzi kücədən keçib məhkəmə binasına getməsini müşahidə edirdik. O tələsməz və çox sakit görünərdi; qamətli, vüqarlı və saçları artıq ağarmışdı – yaşı altmışı haqlamışdı və o çoxdanın dulu sayılırdı – buna baxmayaraq özünü yaxşı saxlayırdı və ləyaqətlə aparırdı, zəncılərin dediyi kimi "ütülü və səliqəli”. On yeddi il əvvəl o məhkəmənin sədri seçilmişdi; hüquq elminin bəzi incəliklərindən xəbərsiz olsa da böyük həyat təcrübəsinə, sadə, sağlam fikrə sahib idi və artıq on üç il olardı ki, heç kim seçkilərdə onun rəqibi kimi iştirak etmirdi və hətta ədəb və nəzakətlə, yumşaq iltifatla xətrinə dəydikləri də uşaq kimi ona etibar edər, ümid bəsləyərək ona səs verərdilər. Və indi biz hamımız əvvəldən onun son qərarının ( ona görə yox ki, qərarı o verəcəkdi, ona görə ki, o heç vaxt haqsızlıq etməyi özünə rəva bilməz və başqalarına da imkan verməzdi ) ədələtli olacağına əmin olsaq da bu addımının nəylə nəticələnəcəyini gözləyirdik. Və hər səhər onun düz saat doqquza on dəqiqə işləmiş mərkəzi küçədən keçib məhkəmə binasına getdiyini görərdik, onun iş yerinə çatmasına on dəqiqə qalmış isə xidmətçi zənci ( qatarın gəldiyini xəbər verən dəmiryol semaforu dəqiqliyiylə ) məhkəmə binasının qapılarını açmaq üçün artıq orada olardı. Hakim öz iş otağına girər, zənci isə həmin otağı iclas zalından ayıran döşəməsi daş dəhlizdə məftillə bərkidilmiş sınıq kresloda əyləşər və bütün günü mürgüləyərdi, belə o artıq on yeddi il sərhasər mürgü döyürdü, günortadan sonra saat beşdə əzgin, süst zənci qalxıb iş vaxtının bitdiyini hakimə bildirir. Ola bilər ki, onu çox sakit qarşılayan cənab Dyükinfild bu uzun həyatı boyu belə bir qənaətə gəlmişdi ki, bütün sadə işləri tələsik qərarları ilə filosofluq edən ağıllılar çətinə salırlar və ipin ucu itir, fikirləşməyə də yer qalmır. Sonra biz bu iki qocanın bir-birindən on beş fut məsafədə ard-arda mərkəzi küçədən keçib geri qayıtdığını görərdik, onlar öz evlərinə gedən küçəni üzüyuxarı qalxar və ikisi də qabağa baxar, özlərini elə şux tutardılar ki, dərzinin hakimin əyninə tikdiyi uzun ətəkli pencəyin çiyinləri qatlama arşın kimi qaməti boyu yanlara sallanardı.
Ancaq bir gün saat beşə qalmış, qəfildən xeyli adam mərkəzi küçədən ötərək məhkəmə binasına qaçmağa başladı. Bunu görüb başqaları da onların arxasınca yüyürürdü, daş döşənmiş yola ağır-ağır ayaq döyən, yük və minik avtomobillərinin arası ilə irəliləyən izdihamdan ətrafa qırıq-qırıq səslər yayılırdı. "Bu nədir?”, "Nə olub?”, "Hakim Dyükinfild...” kimi sözlər eşidilirdi. Daha qabaqda olanlar artıq hakimin iş otağı ilə iclas zalının arasındakı dəhlizdə yaranmış basabasda indi başqasının pencəyində olan və əllərini dəhşətli bir şəkildə göyə qaldıran qoca zəncinin yanından ötüb cənab Dyükinfildin otağına girmişdilər, o, çox məmun halda kürəyini masanın arxasındakı kreslonun söykənəcəyinə sıxmışdı. Onun gözləri açıq idi, güllə düz burnunun üstündən dəymişdi, sanki üç gözü vardı. İndi ona güllənin dəydiyini hamı görsə də, nə mərkəzi küçəni keçənlər, nə də bütün günü dəhlizdə oturan qoca zənci açılan güllənin səsini eşitməmişdi.
Həmin gün qarşısındakı bürünc mücrü ilə Qeyvin Stivens çox çətin vəziyyətdə idi. Əvvəl-əvvəl məhkəmə iclasçıları onun bununla nəyə işarə etmək istədiyini anlamadılar, bəli, o cümlədən həmin ğün hər kəs – hakim, iki qardaş, qohumlar, qoca zənci – heç kim heç nə anlamadı. Nəhayət, baş iclasçı ondan birbaşa soruşdu:
- Cənab prokuror, siz hesab edirsinizmi ki, hakim Dyükinfildin qətli ilə cənab Xollendin vəsiyyətnaməsi arasında hansısa bir bağlılıq var?
- Bəli, elədir ki, var, - dedi Qeyvin Stivens, - və mən tək bunu sübüt etməklə işi bitirməyəcəm. Bu vaxt hamı ona baxırdı – məhkəmə iclasçıları və hər iki qardaş. Lakin qoca zənci və qardaşların qohumu ona tərəf baxmırdı. Son həftələrdə bu zənci görnüşcə əlli ilə qədər daha çox qocalmışdı. Onun ağası məhkəmə sədri seçilən zaman o da məhkəmə xidmətçisi kimi işə düzəlmişdi, bizim yaddaşımızda o həmişə Dyükinfildlər ailəsinə sədaqətlə qulluq edən biri kimi qalmışdı. O yaşca hakimdən illərlə böyük idi. Baxmayaraq ki, bir həftə bundan öncə həmin günə qədər o, beş, on yaşa qədər daha cavan görünürdü, - şivərək, arıq, əynindəki böyük pencəkdə qaməti itib batardı, o hər gün hakimin gəlməyinə on dəqiqə qalmış gəlib onun iş otağın açar, oranı süpürər, silər, masanın üstünün tozunu alar, bütün bu işləri on yeddi ildə adət etdiyi bacarıq və səliqə ilə görər, sonra isə ayaqları məftillə bağlanmış kresloya oturub bütün günü yuxulayardı, daha doğrusu adama elə gələrdi ki, o yatır. ( Hakimin iş otağına məhkəmənin iclas zalından gedən küncdəki ensiz pilləkanla düşüb girmək mümkün idi. Adətən ondan məhkəmənin sədri sessiya zamanı istifadə edərdi, amma bu zaman da qoca zəncinin səkkiz addımlığından keçməli olardı, əlbəttə, əgər dəhlizdə burulub iş otağının pəncərəsinin altındakı dar dalandan yuxarı dırmaşan olmasa. ) Lakin indiyə qədər heç kim, bir adam belə zəncinin xəbəri olmadan içəri girməmişdi, belə ki, həmin an o kimsənin üzünə zəncinin qapaqları qırış qonur gözlərinin qocalara xas nəzərləri zillənib. Hərdən biz qocanın hüquqa aid anlaya bilmədiyi, çox çətin terminləri necə təhrif etdiyini eşitmək üçün onunla həmsöhbət olardıq, bu, bizdə bir azar idi. Və o bu terminləri elə təmtaraq dolu pafosla işlədərdi ki, bizlərdən çoxu hakimin özünü dinləyəndə belə zəncini yadımıza salıb özümüzü gülməkdən güclə saxlayardıq. Qoca elə əldən düşmüşdü ki adımızı belə yaddan çıxarır, bizi bir-birimizlə dəyişik salırdı. Belə yanlışlara görə, mürgülü, yarıyuxulu halda o məhkəməyə müraciət edənlər haqqında məlumat verərkən artıq çoxdan həyatda olmayanların adlarını çəkərdi. Amma hələ onun yanından hiss olunmadan ötüb içəri girmək heç kimə müyəssər olmamışdı...
...onlardan başqa hamı Stivensə baxırdı – məhkəmə iclasçıları öz yerlərindən və iki qardaş ( ayrı-ayrı tərəflərdə oturan ), ikisı də arıq, donqarburun, qarabuğdayı, əlləri sinəsində çarpaz vəziyyətdə...
- Deməli, siz əminsiniz ki, hakim Dyükinfildin qatili burada, bu zaldadır? – yenidən baş iclasçı ondan soruşdu.
Bu ştatın prokuroru nəzərlərini ona sarı baxanların üstündə saxladı.
- Mən nəinki bunu sübut etməyə hazıram? – dedi o.
- Nə sübut? – deyə ekiz qardaşların kiçiyi Anselm soruşdu. O, oturduğu yerdən acıqla, gözqırpmadan, qaba baxışlarla Stivensi süzürdü, ondan əks tərəfdə on beş ildən artıq kəlmə kəsmədiyi qardaşı əyləşmişdi.
- Bəli, - dedi Stivens. O, ayaqüstə dayanmışdı. Bütün zala göz gəzdirib rahat bir duruma mail halda, təmkinini pozmadan, sakit-sakit ekizlərdən birinə - Virdjiniusa xitabən hamıya çoxdan məlum olan işdən bəhs edirdi, kiçik Ans və onun atası haqqında danışırdı. O, fikrini səbrlə, qəlbə toxunmayacaq dərəcədə həlim ifadə edirdi. Elə görünürdü ki o, varislərin müdafiəsinə hazırlaşır
kiçik Ansın evdən necə getmsindən və çox haqlı olaraq inciməsindən, ona görə ki, atası onlara anasından qalma mirası dağıdırdı ( həm də həmin vaxt anasının mülkü olan torpaqların yarısı ailə adətincə, kiçik Ansa məxsus idi ). Stivens çox inandırıcı, ədalətli və açıq danışırdı, ola bilər bir az da kiçik Ansa münasibətdə yanlış qənaətə gəlirdi, bütün işin mahiyyəti də elə bunda idi. Məhz bu yanlış qənaət, zahirən görünən qərəz hansısa arzuolunmaz təəssürat yaradırdı, bir sözlə Ans nədəsə və nəyə görəsə günahkar idi, nəyə görə - o məlum deyildi, ona görə günahkar idi ki, haqqa, ədalətə can atırdı, mərhum anasının xatirəsini əziz tuturdu və bu duyğuları xasiyyətinin tünd olmasına ( ona irsən keçmiş ) görə başqaları tərəfindən təhrif edilirdi, bu, onu dərindn incik salırdı. Qardaşlar bir-birindən xeyli aralı zamanı keçmiş, illər ötdükcə pardaxlanan, artıq işım-işım işıldayan oturacaqlarda əyləşmişdi və qeyzlənsə də bir təhər özünü ələ alan kiçik qardaş Stivensə baxırdı, böyük qardaş da eləcə diqqətlə ona baxırdı, lakin onun üzündən bir bəsirətsizlik oxunurdu. Stivens kiçik Ansın evdən hansı ürəklə çıxmasından, dəfələrlə onu atası ilə barışdırmağa çalışan, xeyli sakit, fikrini gizli saxlayan Virdjiniusun da bir ildən sonra evdən getməyə təhrik edilməsindən danışırdı. Və yenidən Stivens həqiqətə uyğun bu həyat hekayəsinin aydın şəklini cızırdı: bu qardaşları ataları sağlığında, hələ həyatda olarkən ayrı salmayıb, aralarındakı soyuq münasibət atalarından irsən onlara keçən hal və xasiyyətlərindəndir, onları birləşdirən yalnız doğma torpaqlara bağlılıqları olub, o torpaqlarda onlar dünyaya gəlib, o torpaqlar həm də mərhum analarının nəşinin uyuduğu yerlərdir.
- Onlar bu doğma torpaqların kol-kosa bürünməsinə, məhv olmasına uzaqdan-uzağa göz qoya-qoya yaşayırdılar, özlərinin və analarının bir vaxtlar doğulub böyüdüyü evləri də bu ağılsız qocanın istəyinə uyğun şəkildə dağılırdı, onları evdən qovmaqla kifayətlənmir, vərəsə kimi onlara çatacaq malı-mülkü həmişəlik onların əlindən çıxartmaq istəyirdi. Lakin bu yerdə kimsə qocanı qabaqladı, çox uzaqgörən və ehtiyatlı olan bu adam öz adını gizli saxlamaqla yanaşı bütün təsərrüfata görə vergiləri ödədi. Bir sözlə, bu qardaşlara bir tək qocanın ölməyini gözləmək qalırdı, birdəki artıq o, çox yaşlı idi, hətta yaşlı olmasa belə təmkinli, təvazölü bir adam üçün bunu gözləmək elə də çətin bir iş deyildi, vəsiyyətnamədə nə yazılacağını bilməsə belə. Düzdür, tez özündən çıxan, hirslənən, özünü saxlaya bilmyən adam üçün bu çətin iş idi, xüsusən, əgər bu adam təsadüfən vəsiyyətnamədə yazıanlar barədə nəsə eşitsə, şübhəli fikirlərə gəlsə artıq ona heç nə demək lazım olmayacaqdı, ona görə ki, o özünün həmin adam tərəfindən incik düşməsinin heç nə ilə aradan qaldırılmasının mümkünsüzlüyünə əmin olacaqdı. Belə ki, əvvəl onun ən gözəl illərini əlindən aldı, insanlardan uzaq düşməsinə, dağlara çəkilməsinə, komada yaşamasına səbəb oldu. İndi də onu hər şeydən məhrum edir və təmiz adını hörmətdən salmaq üçün ləkələyir. Beləsi daha nəyə görəsə dayanmaz, onu əlbəttə heç nə saxlaya bilməzdi.
İki qardaş yerindən belə tərpənmir gözlərini ondan ayırmırdı. Adama elə gəlirdi ki, onları daşdan yonublar, əlbəttə Anselmin gözləri olmasa. Stivens ələlxüsus ayrıca kiməsə nəzər yetirmir, ucadan danışmırdı. Demək olar ki, o, Dyükinfildin məhkəmədə hakimlik etdiyi illər qədər prokuror işləmişdi. Stivens Harvard univesitetini bitirmişdi, o, hündürboy, yöndəmsiz idi, dağınıq, uzun, çal saçları vardı, universitet alimləri ilə Eynşteyn nəzəriyyəsi haqqında mübahisə apara bilərdi və saatlarla bazar piştaxtası yanında çöməlmiş vəziyyətdə qəsəbə sakinləriylə onların öz ləhcəsində söhbətdən yorulmazdı, özünün də dediyı kimi bu onun üçün " dinclik və rahatlıq” idi.
- Nəhayət, ataları öldü, bu ağlı başında olan hər kəs üçün gözlənilən məsələdi. Və qocanın vəsiyyətnaməsi təsdiq üçün məhkəmyə verildi. Hətta dağlarda yaşayan uzaq qohumara qədər vəsiyyət kağızında yazılanlardan xəbər tutdular, əkilib becərilməyən torpaqlar axır ki qanuni sahibinə çatacaqdı. Daha düzü, sahiblərinə, Ans Xollend bizdən də yaxşı bilirdi ki, yüz belə vəsiyyətnamə yazılmış olsa da Virdjinius yalnız öz payına yiyə çıxacaq, bir vaxt ataları ona bütün torpaqlrı təklif edəndə də o ancaq öz payına düşəni istəmişdi. Ans bunu bilirdi, çünki o özü də bu cür addım atardı, onun yerində olsaydı torpaqların yarısını Virdjə verərdi. Ona görə yox ki, onlar Anselm Xollendin oğulları sayılırdı, həm də ona görə ki, Korneli Mardisin doğma övladları idilər. Əgər, əlbəttə Ans bunu bilməsə belə, yəqin etmişdi ki, anasına məxsus torpaqlar axır ki, yaxşı əllərdə olacaq. Və ola bilsin ki, atasının öldüyünü eşidən Ans həmin gecə anasının hələ sağ-salamat olduğu illərdən ( anası gecələr tez-tez yerindən qalxıb onlara göz qoyardı, qardaşının və onun üstünü örtərdi ) sonra bəlkə də ilk dəfə kiçik Ans çox sakit yuxuya gedib. Başa düşürsünüzmü, indi hər şey geridə, keçmişdə qalıb: inciklik, ədalətsizlik, itən yaxşı ad, dustaq həyatı – hər şey röya kimi yox oldu. İndi bütün bunları unutmaq olar, indi hər şey yaxşı olacaq. Ötən illər ərzində o, abid kimi tək, tənha yaşamağa alışıb, bu təhər həyat tərzini dəyişmək onun üçün çətin olacaq. Yaxşı olardı ki, yenə tənha qalsın, əvvəlki kimi dağlarda, mədəni mərkəzlərdən uzaq yerdə. Başlıcası isə - artıq bilirsən ki, hər şey geridə qaldı, pis röya kimi, analarına aid nə varsa, əbədi sakitlik tapdığı yerə qədər onun danışdırmadığı illərdə belə etibar etdiyi qardaşının əllərində idi. Fikirlərim sizə aydındırmı?
Biz prokurora, Stivensə baxırdıq, qarşısındakı masada hər şey hakim Dyükinfildin öldüyü gün olduğu kimi qalırdı, masanın üstündəki əşyalar içində hakimin işıqlı dünyada son dəfə gördüyü lüləsi iki gözünün arasına tuşlanan tapança, bizə uzun illər tanış olan; kağız üçün qovluq, kif atmış mürəkkəbqabı, hakimin yazmağa adət etdiyi ucu korş qələm və ehtiyac olanda təzyiq və basqı üçün bürünc mücrü... Taxta oturacaqlarda hərəkətsiz əyləşmiş hər iki qardaş çox diqqətlə Stivensə baxırdı.
- Yox, aydın deyil, - baş iclasçı dedi. – Siz nəyə işarə edirsiniz, hakim Dyükinfildin qətlinin bütün bu deyilənlərlə nə bağlılığı var?
- Görün necə, - Stivens dedi. – hakim Dyükinfild vəsiyyətnaməni təsdiq etməliydi, amma onu öldürdülər. Həm də cənab Xollenddən nə desən gözləmək olardı, vəsiyyətnamə xeyli dərəcədə qeyri-adi idi. Bundan başqa hərtərəfli tərtib edilmişdi, varislər də tamamilə razı qaldılar; biz hamımız əla bilirdik ki, torpaqların yarısı Ansa çatacaq, o bunu tələb edə bilərdi. Deməli, vəsiyyətnamənin təsdiqi formal xarakter daşıyırdı. Lakin hakim Dyükinfild bu kağızı demək olar ki, üç həftəyə yaxın özündə saxladı, sonra da öldürüldü. Deməli, o adam, hesab edirdi ki, ona yalnız gözləmək lazımdır...
- Hansı adam? – baş iclasçı onun sözünü kəsdi.
- Səbr edin, - Stivens dedi. – Bu adama bircə şey lazım idi – gözləmək. Əlbəttə, onu gözləmək narahat etmirdi – axı o, on beş il gözləmişdi. Məsələ heç də bunda deyildi. Məsələ tamam başqa cürə idi, amma o bunu anlayanda ( və ya xatırlayanda ) belə çıxdı ki, artıq gecdir. O isə hiyləgər adam idi, bir işi hövsələ ilə, səbirlə görən adam idi, o qədər hövsələli ki, sakitcəsinə on beş il gözlədi, hər şeyi düşünüb-daşındı, hər şeyi hesaba aldı, tək bir şeydən başqa – öz yaddaşını... Və məlum olanda ki, artıq çox gecdir, o, qəfil xatırladı ki, başqa bir adam da var və o adama onun özünün unutduğu bəllidir. Və bu adam – hakim Dyükinfilddir. Hakim də bilirdi ki, bu hadisə əslində necə olub; ağ at cənab Xollendi öldürə bilməzdi
O susdu və salona tam sakitlik çökdü. Gözləri Stivensdə olan məhkəmə iclasçıları dinməzcə ona baxırdı. Anselm qırışları qamçı yeri kimi qəzəbli sifətini qardaşına tərəf döndərdi, ona nəzər saldı, sonra yenidən Stivensin üzərində dayandı. Virdjinius hərəkətsiz oturmuşdu və onun üzünün ciddi, diqqətli ifadəsi dəyişmədi. Onlardan bir az aralı divara tərəf qohumları Qrenbi Dodj oturmuşdu, kilsədəki kimi onun əlləri dizlərinin üstündə idi, başını aşağı əymişdi. Bizim onun haqqında tək bildiyimiz oyduku vaizlik edir, səfilanə həyat yaşayır, hərdən də heydən düşmüş atları və qatırları bəzən ilxı qədər bir yerə yığıb sonra onları haradasa satır və dəyişdirir. O elə susqun, özünə inamsız və çəkingən idi ki, insanlarla münasibət onun üçün əzab və əziyyətdən başqa bir şey deyildi və bizim ona yazığımız gəlirdi, həm də nifrət qarışıq ürəyiyumşaqlıq göstərirdik, ona sıxılıb əzilmiş soxulcan kimi baxırdıq və onu danışdırmaq istəmirdik, bununla onu əzab çəkə-çəkə cavab verməyə məcbur etmirdik. Lakin biz hər bazar onu kənddəki kilsənin kürsüsündə dəyişik bir vəziyyətdə görürdük: o, bu vaxt başqa adam olurdu, onun səsi də dəyişirdi, ahəngdar, səmimi, inamlı olurdu, o, hal və xasiyyətinə, görnüşünə uyğun olmayan bir şəkil alırdı.
- İndi özünüz təsvvür edin, o adam nə qədər hövsələli olub, - Stivens dedi, - nə olacağını gözlədi və sonra birdən nəyinsə niyə alınmadığını anladı, niyə vəsiyyətnamə hakim Dyükifildin əllərinə keçdi, sonra isə hər kəs üçün yox oldu, hər şeyə səbəb onun yaddaşsızlığının nəticəsiydi, nəyi ki o unutmuşdu, onu unutmaq olmazdı. O unutdu ki, hakim Dyükinfild də cənab Xollendin heç vaxt .öz atını döyməyəcəyini bilirdi. O onu da anladı ki, hakim Dyükinfild atı dəyənəyinən döyən, belini zol-zol yara edən adamın cənab Xollendi öldürdüyünü bilir. Əvvəl öldürüb, sonra ayağını üzəngiyə geyindirib və atı vurmağa başlayıb ki, at onu sürüsün. Amma at yerindən tərpənməyib. Həmin adam atın getməyəcəyini bilirdi; o bunu çoxdan – uzaq bir zamandan bilirdi və unutmuşdu. Yaddan çıxarmışdı ki, hələ o dayça olanda onu dəhşətli şəkildə döymüşdülər ona görə indiyə qədər də ona sarı bir şiv qaldıran görəndə belə yerə yatır və ayağa qalxmırdı, bunu cənab Xollend də bilirdi başqaları da, kim ki onun ailəsinə yaxın idi. Oduku bu at cənab Xollendin cəsədinin yanında yerə yatdı. Amma bu da elə bir şey deyildi, bu olsa-olsa ziyanın yarısıydı. Həmin adam gecələr carpayısında uzanıb belə fikirləşirdi və gözləyirdi, necə ki on beş il gözləmişdi. Hətta nə vaxt ki artıq çox geciydi və o öz səhvini düşdüyü həmin anda belə yada salmadı, təəssüf ki, bir vaxtlar eşitdiklərini unutmaq olmazdı. O unutduqlarını xatırlayanda artıq iş-işdən keçmişdi, qoca Ansın cəsədi tapılandan və hamı atın belindəki yaraları görəndən sonra bu hadisə haqqında elə danışırdılar ki, bunu gizli saxlamaq çox çətiniydi. Bununla belə o həmin vaxt xatırladı ki, yəqin artıq atın yaraları sağalıb. Amma ətrafdakı insanların bütün bu olanları unutması üçün yalnız bir yol vardı. O dəqiqələrdə siz onun anlaqlı vəziyyətində evini yıxan səhvini düzəltmək üçün ümidsiz halda zamanı geri döndərmək, heç olmasa bir anlığa gedişini dayandırmaq kimi mümkün olmayan istəyini, hansı hala düşdüyünü, necə qorxu və həyəcan keçirdiyini təsəvvür edin. Hər şey ona görə bu şəkilə düşmüşdükü o, cənab Xollendin bu atı hakim Dyükinfilddən aldığını olduqca çox gec xatırlaya bilmişdi. Həmin o hakimdən ki bu masanın arxasında oturub vəsiyyətnamənin düzgünlüyünü yoxlayırdı, bir vaxt onun əlləriylə imzaladığı sənədlər əsasında bu ştatın iki min akr ən yaxşı torpaqları da ona verilmişdi. Və həmin adam nə olacağını gözləyirdi, yalnız bu yolla atın yaralarını kimlərəsə unutdura bilərdi – amma, heç nə baş vermədi. Bəli, onun gözlədiyi heç nə alınmadı, o, bunun nədən belə olmasının fərqindəydi. Və o gücü çatan yerə qədər gözlədi. Əlbəttə torpaqlardan da böyük məsələlərin nəzərə alındığı bu həyat oyununu tam anlayana qədər. Sonda o atdığı addımdan başqa daha nə etdi?..
O fikirlərinin davamını gətirməmiş səsi sərt və kəskin olsa da qırıq-qırıq çıxan Anselm dilləndi.
- Siz səhv edirsiniz, - o dedi.
Biz hamımız ona baxırdıq, əynindəki paltarı nimdaş, ayağında palçığa bulaşmış uzunboğaz çəkmələri vardı. Biz onun gözlərini Stivensə necə zillədiyini gördük. Hətta Virdjinius dönüb ona baxdı. Yalnız qohumu və qoca zənci yerində hərəkətsiz qaldı, sanki onlar heç nə eşitmədi.
.- Mən nədə səhv etdim? – Stivens soruşdu.
Lakin Anselm cavab vermədi. O gözlərini Stivensdən çəkmirdi.
- Fərqi yoxdur hə, Virdjinius torpaq alacaq? Hətta əgər... əgər...
- Hətta, əgər nə? – Stivens soruşdu.
- Hətta, əgər o... əgər...
- Siz demək istəyirsiniz ki, hətta əgər atamız ölməyib, öldürülsə belə?
- Bəli, - Anselm dedi.
- Əlbəttə. Siz də qardaşınızla birlikdə torpaq alacaqsınız, vəsiyyətnamənin təsdiq olunub, olunmamasından asılı olmayaraq - əgər qardaşınız düşünərək sizinlə bölüşmək istəsə. Lakin sizin atanızı öldürən adam buna inanmayıb, soruşmaq üçün də cəsarəti çatmayıb. O istəmirdi ki, hər kəs öz payını alsın. O istəyirdi ki, bütün torpaqlar Virdjiniusun olsun. Bax ona görə də o vəsiyyətnamənin təsdiq olunmasını istəyirdi.
- Siz haqlı deyilsiniz, - Anselm sərt və kəsik-kəsik dedi. – Mən atamı öldürmüşəm? Amma onu da deməyin ki, lənətə gəlmiş fermaya görə. Yaxşı, cağırın serifi!
Lakin, Stivens diqqətlə Anselmin qəzəbdən dəyişən sifətinə baxıb sakitcəsinə dedi:
- Mənsə deyirəm, siz haqlı deyilsiniz, Ans.
Biz onlara baxıb, aralarındakı danışığı eşıdıb, oturduğumuz yerdə quruyub qalmışdıq, röyadakı kimi əvvldən hər şeyin necə olacağını bilirsən, eyni zamanda, başa düşürsən ki, bu, heç nə demək deyil, elə indi oyanacaqsan, gördüklərin ilğım kimi yoxa çıxacaq. Sanki biz zaman və məkan xaricindəki bir səmtdən ətrafda baş verənləri izləyirdik; bəli, biz real həyatdan – kənar bir yerdən olanları müşahidə edirdik və bu arada kimsə, ağır-ağır nəfəs aldı, lap asta bir yüngüllüklə səsini ətrafa yaydı. Biz hamımız Ansın qorxulu yuxularının nəhayət sona yetdiyini fikirləşdik və xəyalən keçmişə döndük, onun uşaqlıq illərinə; onu hər kəsdən çox sevən anası gecələr çarpayısında uzanan oğlu yuxuya getməzdən öncə övladlarının yataq otağına gəlib xoş və şirin sözlər deyər, qayğı göstərərdi. İndi isə ağır iztirab çəkmiş, sitəm görmüş həmin ananın məzarında belə cənazəsi təhqir edilmişdi və bir vaxtlar əzizlədiyi oğlunun vərəsəliyi də əlindən alınmışdı. Bütün bu olanlar artıq keçmişdə qalsa belə, bir uzun yolun əvvəli kimi unudulmurdu. Bax , o illərdən bu sadəlövh oğlan uşağı uzun yoldan kənarda qalmışdı, yoxa çıxmışdı, indi onun özünün də fikirləşdiyi kimi onu çoxdan öldürmüşdülər. Sidr ağaclığında yerləşən aramgahdakı əbədi dincliyi pozulan anasının yoxluğu qədər bizim üçün o da yox idi və biz onu ağzı geniş açılmış uçurumun üstündə dayanan kimi görürdük; bu vəziyyətdə ona yazığımız gəlirdi, həm də ona qarşı amansız idik. Elə buna görə də Stivensin dedikləri əvvəl-əvvəl bizə çatmadı, necə ki Ansa da onun fikirləri aydın olmamışdı və Stivens dediyini bir daha təkrarlamalı oldu:
- Mənsə, sizin haqlı olmadığınızı düşünürəm, Ans.
- Nə? – Ans hiddətləndi. O yerindən qalxmasa da, həmin dəqiqələrdə Stivensin üstünə sıçramağa hazır vəziyyətdə görünürdü. – Dedikləriniz yalandır!
- Yox, siz haqlı deyilsiniz, Ans. Atanızı siz öldürmədiniz. Onu əvvəlcədən düşünülmüş məqsədlə hər gün gəlib bu masanın arxasında oturan – Dyükinfildi öldürən adam qətlə yetirib. Hələ qoca zənci işin sonunda onun yanına gəlib, - evə getmək vaxtdır – deməmiş öldürdülər, elə bir insanı öldürdülər ki, bütün həyatı boyu qadın, kişi və ya uşaq olsun ondan xeyirdən başqa heç bir pislik görməmişdi, həmişə, hər zaman Allahın buyurduğu kimi ədalətli, rəhimli olmuşdu. Yox, atanızı siz öldürmədiniz. Siz haqq etdiklərinizi ondan tələb edirdiniz, o imtina etdikdə, siz onu tərk etdiniz, evdən getiniz və onunla bir daha danışmadınız. Siz atanızın torpaqları xarabaya çevirdiyini eşidəndə belə susdunuz, ona görə ki, artıq izin üçün doğma eviniz də özgə bir yer idi. Ağlını itirmiş qocanın ananızın ulularının uyuduğu məzarları qazıb dağıtdıını nə qədər ki, eşitməmişdiniz, siz susurdunuz. O vaxt və yalnız o vaxt – siz atanızın yanına, onu utandırmaq üçün getdiniz. Lakin siz o adamlardan deyilsiniz ki, başqalarını peşimançılıq çəkməyə vadar edir və heç qoca da o kəslərdən deyildi ki, səhvini başa düşüb, peşiman olsun. Oduku siz onu sidr ağaclığındakı qəbiristanlıqda gözlədiniz və onu əlində tüfəng gördünüz. Bununla belə, mənim zənnimcə, hətta, onun əlində tüfəng olması sizin diqqətinizi çəkməyib. Şübhəsiz ki, siz sadəcə tüfəngi onun əlindən alıb, bərk döymüsünüz və atın yanında qoyub getmisiniz. Ola bilər ki, onun öldüyünü düşünmüsünüz. Amma sizdən sonra başqası gəlib, qocanı görüb və mümkündür ki, həmin şəxs ötən bütün müddətdə sizi izləyib. O qocanın ölümünü istəyən adam olub, incik düşüb hiddətləndiyinə, qəzəbləndiyinə görə, deyil, müəyyən bir niyyətlə qocanı qətlə yetirib. Çox güman ki, bu zaman o vəsiyyətnaməni nəzərdə tutub. Axı, məhz o sizdən sonra qocanın yanında olub və onu öldürüb, daha sonra ayaqlarını üzəngiyə ilişdirib və atı vurmağa başlayıb ki, artıq ölmüş qocanı sürüsün. Əgər o keçdiyi cığırda unudub qoyduğu nəsə olmasa idi, əlbəttə, hər şey yaxşı ola bilərdi. Bəli, o siz deyildiniz. Siz yaşadığınız evə getdiniz, qocanın necə tapılmasını eşidəndə isə, heç nə demədiniz. Demədiniz ona görə ki, ağlınıza gələnləri özlüyünüzdə etiraf etmək belə çətin idi. Vəsiyyətnamənin olduğunu eşidəndə isə əmin oldunuz ki, indi hər şey sizə aydındır. Və siz şox şad oldunuzş. Şad oldunuz ona görə ki, siz tənha yaşamağa öyrəşmişdiniz, gəncliyiniz, həyat eşqi artıq arxada qalmşdı. Sizin bir istəyiniz vardı – sakit yaşamaq, əbədi yuxuya gedən ananızın qəbir evində rahatlığı. Adı ləkələnmiş insan üçün ictimai vəziyyəti və torpağın olub, olmamasının nə mənası?..
Stivens nitqinə fasilə verəndə sanki səsi bu kiçik, darısqal otağın tağtavanına dirənib dayanırdı və həmin ana qədər onu biz sakit, səsimizi çıxarmadan dinləyirdik. Yelçəkəni olmayan bu otağın divarları hündür olsa da havası həmişə kəsif olurdu...
-Yox, atanızı və hakim Dyükinfildi siz öldürmədiniz, Ans. Əgər atanızı öldürən adam zamanında o atın əvvəllər hakim Dyükinfildə məxsus olduğunu xatırlaya bilsəydi, indi hakim sağ-salamat idi.
Biz nəfəs dərmədən - hakim Dyükinfildin alnına tuşlanmış tapançanın lüləsini gördüyü masanın arxasında – oturmaqda davam edirdik. Masanın üstündə olan heç nəyə əl dəyməmişdi. Əvvəlki kimi masanın üstündə kağız, qələm, mürəkkəbqabı və mahiranə hazırlanmış, zərb olunmuş bürünc mücrü vardı, hakimin qızı onu Avropadan iyirmi il bundan əvvəl atasına gətirmişdi, amma ondan nə üçün istifadə olunmasını nə qızı, nə də hakim özü bilirdi: belədə adətən ondan tütün qutusu, burunotu qabı kimi istifadə edirlər. Amma hakim bu vərdişlərin heç birinə adətkar deyildi, ona görə mücrüdən kağız saxlamaq üçün istifadə edirdi; bu da artıq bir iş idi, belə ki, bu otaqda qapının və pəncərənin eyni vaxtda açıq qalmasıyla yüngül meh də əsmirdi ki, masanın üstünə qoyulan kağızları yerə töksün. Bu mücrü həmişə bu masanın üstündə olardı və o, bizim hamımıza tanış idi: biz dəfələrlə hakim Dyükinfildlə söhbətlərimiz zamanı onun bu mücrü ilə məşğul olduğunu, qapağını qaldırıb baxdığını və qapağın cüzi bir toxunuşdan sonra dərhal öz-özünə çırpılıb örtüldüyünü görmüşdük...
Indi, bunu xatırladığım vaxtda mənə elə gəlir ki, hər şey çox tez aydın olmalı idi. Düşünürəm ki, artıq bizə bu qətllərin təfərrüatları daha aydındır; mən indi də mərhəmət və şəfqətdən uzaq nifrətin olduğunu duyuram hansı ki kədərli sonluqla bitir, nə vaxt ki, yağlı soxulcanın qarmaqda qıvrıldığını görüb çimcəşirsən və ürəyin bulanır, sənin əlində bir şey olmasa belə, ağlında tək bir fikir dolaşır, yalın əlinlə onu tez öldürüb, tez də atmaq istəyirsən. Lakin, Stivensin fikri başqa idi və biz onu çox sonra anlaya bildik, o qətlin üstün açmağın, qatilin ifşasının nə qədər çətin olduğunu bilsə belə istəyirdi ki, o özü-özünü ifşa etsin. Və o bunu heç də qayda-qanunla, vicdanla etmədi, biz sonralar ona elə-belə də deyirdik. "Boş söhbətdir! – o deyirdi. – Məgər hüquq müdafiəçisi həmişə düz yolla istədiyini əldə edir. Bu yolun, yolçuluğun çox tərəfləri var və məlum deyil ki, bu zaman hansı cəhət daha üstündür”.
Əvvəlcə onun nəyə işarə etdiyini, nə demək istədiyini anlamadıq, o yenidən bir əli bürünc mücrünün üstündə, başlanğıcdakı tərzdə və intonasiyada böyük həvəslə nitqinə davam etdi. Lakin insanları yanlış fikir və əməllərindən döndərmək çox çətindir. Bizi çox vaxt fakt, şərait və vəziyyət heyrətdə qoymur, bizi o heyran və valeh edir ki, ağlımıza gəlməyən fikirlər eşidək və həmin anda əmin oluruq ki, bu bir həqiqətdir. Stivens gözlənilmədən çox papiros çəkən adamlar haqqında fikirlərinə yer verdi və bildirdi ki, belələri heç vaxt tənbəkidən gerçək həzz almırlar, nə qədər ki, bunun zərərli vərdiş olduğuna inanmırlar elə zənn edirlər ki, papiros çəkməyənlər özlərini həyatda ləzzət və nəşədən məhrum edirlər. Lakin bilmirlər ki, tədricən özləri ürəklərində qüsurlara mübtəla olurlar.
- Siz papiros çəkmirsiniz, Ans? – o soruşdu
- Yox, - Ans dedi.
- Və siz də çəkmirsiniz, Virdj?
- Yox, - Virdjinius dedi. – Biz hamımız çəkən deyilik – atam, Ans və mən. Yəqin bu irsən belədir.
- Nəsildən, soydan keçmədir, - Stivens dedi. – Ana tərəfdən necə, heç kim çəkmir? Qrenbi necə?
Qohumları Stivensə ötəri bir nəzərlə baxdı. O yerindən tərpənməsə də, sanki onun bütün vücudu nimdaş pencəyin içində biclik etmək üçün vurnuxurdu.
- Xeyr,cənab. Mən heç vaxt çəkməmişəm.
- Yəqin, bu ondan irəli gəlir ki, siz, vaizlik edirsiniz? – Stivens dedi.
Qrenbi cavab vermədi. Yenidən ötəri də olsa Stivensə baxdı. Onun baxışlarından özünü itirdiyi hiss olunurdu...
Mən həmişə çəkmişəm, - Stivens dedi, - on dörd yaşından, birinci qullabda öyüyəndən sonra özümə gələndən. Çoxdan çəkirəm, oduku tütünün yaxşısını pisindən ayıra bilirəm. Bundan başqa, demək olar bütün çəkənlər tütünü növlərinə görə fərqləndirə bilir, baxmayaraq ki, psixoloqlar bunu təkzib edirlər, ümumiyyətlə, tütünün standart olduğunu deyirlər. Siqaretləri standart hesab etmək düzdürmü? Ancaq azadətkar insanlara elə gələ bilər ki, onların heç bir fərqı yoxdur, həris, davamlı siqaret çəkənlər haqqında bunu demək olarmı? Çəkməyənlərin tütün barəsində hər cür boş söhbətlərini eşitmişəm, tamamilə o sayaq biz də istifadə etmədiklərimizdən anlayışımız olmadığı üçün mənasız söhbətlər edirik, sadəcə ona görə ki, insanlar zehni çəhətdən yanlış fikirlərə meyillidirlər. Tütün məmulatları satıcılarını götürün, hətta o özü çəkən olmasa da alıcıların bağlı siqaret qutusunu alıb elə oradaca – piştaxtanın yanındaca açdığını və çəkdiyini görür. Ondan da soruşun, bütün tütün, tənbəkilər eynidirmi? Iyinə görə bir növü digərindən fərqləndirə bilərmi? Yəqin, "yox” – deyəcək. Burası da var və mümkündür ki, papiros və siqaret qutularının forması və rəngi də bu mənada az əhəmiyyət daşımır, ona görə ki, psixioloqlar hələ də bizə tam aydınlaşdıra bilməyiblər ki, görmə qabiliyyəti harada itir və nə vaxt iyi duyğusu yaranır və ya səs necə bitir və görmə qabiliyyəti öz işinə başlayır.Bunu sizə hər bir hüqüqşünas deyə bilər...
Bu arada onu məhkəmə iclasçılarının başçısı dayandırdı. Biz sizi çox diqqətlə dinləyirik və mənim qənaətimə görə, hamı bu fikrimlə şərikdir ki, ağıllı mülahizə ilə qatili üzə çıxarmaq başqa, bizi, iclasçıları ziddiyyətli fikirlərlə çasdırmaq başqa məsələdir:
- Bütün bu araşdırma və təhqiqatı siz, bizi bura çağırana qədər aparmalıydınız, - o dedi. – Öldürülənin cəsədinə baxış olmadan hətta sizdə sübut və dəlil olsa belə bu heç bir məna ifadə etmir. Əlbəttə, ehtimal və güman etmək mümkündür, lakin...
- Yaxşı, - Stivens onun sözünü kəsdi, - mənə icazə verin mülahizələrimi bir az da davam etdirim və əgər sizin fikriniscə bu da bir nəticəyə gətirib çıxarmasa, dayandırın məni – və mən bu işi öz bildiyim kimi deyil, sizin düşündüyünüz kimi aparım. Fərz edək ki, mən buna hazıram və nəzərə alaq ki, bununla öz üzərimə böyük məsuliyyət götürürəm. Lakin, biz hakim Dyükinfildi burada – bu masa arxasında, bu kresloda öldürüldüyü yerdə tapdıq. Artıq bu ehtimal deyil. Qoca zənci isə bütün günü dəhlizdə öz yerində oturub, bu otağa gəlmək istəyən hər kəs ( amma , iclas zalından yan tərəfdəki nərdivanla düşmək və pəncərəyə çıxmaq onun ağlına gəlməyibsə ) qocanın önündən üç addımlığından keçməli olub. Biz bilirik ki, on yeddi ildə bir adam belə qocanın gözünə görünmədən buradan keçməyib və bu da ehtimal deyil.
- Belə isə, sizin gümanınız nəyə gəlir?
Lakin Stivens yenidən tütün və siqaret çəkənlərdən danışdı:
- Keçən həftə tənbəki üçünUestin tütün dükanına girdim və o, mənə bir adam haqqında danışdı və bildirdi ki, o adam da söz tütündən düşəndə səndən heç də az müşkülpəsəndlik etmir. Mənim istədiyim tütünü yeşikdən götürən Uest əlini uzadıb yuxarı rəfdən bir qutu siqaret yendirdi. Qutunun üstü tozlu, həm də yanıq idi, sanki uzun müddət istifadə olunmamış, əl dəyməmişdi və o mənə dedi, bir dəfə hansısa bir ticarət agenti ona bu cür iki qutu sırıyıb. "Nə vaxtsa beləsini çəkmisiniz?” – o məndən soruşdu. "Xeyr, - dedim, - görünür şəhərdən gəlmə siqaretlərdir”. Onda o mənə dedi ki, qutulardan birini dünən satdım. Söylədi ki, satıcı nahar edirdi, piştaxtanın arxasında oturmuşdum, açdığım qəzeti üzümə tutub oxuyurdum və hərdən qapıya baxırdım, nə gözüm gördü, nə səs eşitdim, necə gəldi o adam heç hiss etmədim, birdən başımı qaldırıb onun piştaxtanın yanında dayandığını gördüm, elə yaxında ki! – bunu deyən Uest hətta diksindi, bəlkə tükləri də ürpərdi. Balaca bir adamcığaz şəhərli kimi geyinmişdi və bu növ siqaret istəyirdi, - haqqında Uest nə eşitmişdi, nə də yatsa yuxusuna belə girməzdi. "Məndə beləsi yoxdur, - dedi Uest, - biz bunnan almırıq və satmırıq”. "Nəyə görə?” – o soruşur. "Bizdə onnara tələbat yoxdur” – deyir Uest. O, mənə şəhərli kimi geyinmiş bu adamcığazı təsvir etdi: "Sifəti, mumdan qayrılmış kukla kimi ağ rəngdə idi, təmiz qırxılmışdı, sanki gözlərinin işığı zəifləmiş, səsi tutulmuşdu”. Sonra da Uest onun gözlərinə, burun deşiklərinə fikir verib və başa düşüb ki, ona nə olub, açıq-aşkar onun kokainin tam təsiri altında olduğunu anlayıb. Bu şəhərli həmin qutulardan köhnə siqaret alıb və çıxıb gedib.
Uest danışırdı ki, ürəyim bulandı - məni elə bir acı istehza götürdü ki, hətta alnıma tər gəldi. Mənə deyirdi: "Bilirsiniz əgər mən ona pislik etmək istəsəydim, yəqin ki bacarmazdım, amma nə edərdim? Bu müzürr adama on dollar verib, deyərdim ki, get harada nə zibil qaynadırsan qaynat, ancaq bir daha mənim gözümə görünmə. Bax o buradan çıxanda, bu təhər fikir və düşüncələrin təsiri altında idim. Sadəcə mən bunu etmkdən daşındım və ona demək istədiklərim dilimin ucundan qayıtdı”.
Stivens bizə baxıb susdu. Biz gözümüzü ondan çəkmirdik.
- Şəhərdən olan bu adam hardansa gözəl, bahalı avtomobildə gəlmişdi və görünür o müəyyən bir növ siqaret çəkməyə alışmışdı, özündə qalmadığı və başqa yerdən tapa bilmədiyi üçün axtara-axtara gəlib bura çıxmışdı. – Stivens yenidən susdu, başını döndərib Virdjinius Xollendə baxdı. Bizə elə gəldi ki, onlar hətta bir dəqiqəyə qədər göz-gözə durdular. – Hakim Dyükinfild öldürüləndən bir gün əvvəl ki gecə bu bahalı avtomobilin Virdjiniusun qarajında dayandığını mənə bir zənci dedi. – Və yenidən biz onların sifətlərində yaranan nüfuzedici ifadə ilə hər ikisinin bir-birinə necə diqqətlə baxdığını gördük. Stivens düşünərək sakit tərzdə sözünə davam etdi:
- Kimsə bu adama həmin bahalı avtomobildə bizim qəsəbəyə gəlməyə icazə verməyib, cünki bu avtomobili görən hər kəs xatırlayıb onu tanıya bilərdi. Ola bilər ki, kimsə ona bu avtomobildə görünməyi qadağan edib, ona bu qadağanı qoyan adam böyük ehtimalla indi bizim aramızdadır. Lakin deyəsən bizim doktor Uestin siqaret satdığı bu adam heç nədən çəkinən və qorxan deyil...
- Sizin fikrinizcə, bu "həmin adam” – mənəm? – Virdjinius dedi. O yerindən tərpənmədi və nəzərləri Stivensdə idi. Bu arada Anselm qardaşına tərəf çevrilib onun düz gözünün içinə baxdı və baxışlarını yana çəkdi. Otağa tam sakitlik çökdü. Qohumları isə danışmağa başlayanda, ilk dəqiqədən biz onu nə eşitdik, nə də nə dediyini anladıq. Yalnız Stivens qapını kip örtəndən sonra biz onun dediklərini başa düşdük. Səsi alçaqdan çıxırdı və bizə yenidən elə gəldi ki, onun vücudu balacalaşır, amma onun yerindən tərpənmədiyini gördük. O alçala-alçala, ürəksiz danışırdı: bir kimsənin gözünə dəyməmək, diqqətini çəkməmək üçü