Bəlkə də bu səbəbdən Qərb Saakaşvilini Poroşenko ilə əvəzləməyə cəhd edir
Ötən gün Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna paytaxtı Kiyevdə mitinq keçirib. Aksiyaya min nəfərə yaxın Saakaşvili tərəfdarı qatılıb. Aksiyaçılar Ukraynada vaxtından əvvəl parlament seçkilərinin keçirilməsini tələb ediblər. Mitinqdə çıxış edən Saakaşvili deyib ki, onun məqsədi dövlət aparatının korrupsiyadan təmizlənməsi və oğruların həbs edilməsidir:
"Ölkədə qayda-qanun yaratmaq və əgər ehtiyac varsa, çox sərt olmaq lazımdır. Biz qalib gələcəyik və Ukraynanın sərvətini xalqa qaytaracağıq”. Bir sıra ekspertlərə görə, Saakaşvili ukraynalıları meydanlara səsləməklə mövcud hakimiyyəti devirməyə çalışır. Eks-qubernatorun sözlərini dəyərləndirən analitiklər bu cür aksiyaların davamlı olacağını deyirlər. Ancaq Saakaşvilinin uğursuz olacağını düşünənlər də var. Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Rasim Ağayev deyib ki, keçmiş prezidentin Ukraynada yenidən siyasi uğur qazanacağı ehtimalı çox azdır: "Saakaşvili Vətəni Gürcüstana qayıda bilməz. Çünki geri dönən kimi onu həbs edəcəklər. O, rəhbərlikdə olarkən öz xeyrinə külli miqdarda vəsait mənimsəməkdə ittiham olunur. Faktiki olaraq Saakaşvili Ukraynada da biabır oldu və heç bir nailiyyət əldə edə bilmədi. Hazırda onun siyasi nüfuzu, imici xeyli azalıb. Ukrayna Prezidenti Poroşenko Saakaşvilini birlikdə işləməyə, ona dəstək olmağa çağırmışdı. Amma Saakaşvili işləməyi bacarmadı, indi də çalışır ki, Poroşenkonu hakimiyyətdən devirib, öz demokratiyasını qursun. Ancaq hamı yaxşı bilir ki, hər iki şəxsin "sahibi” Qərbdir. Onların ikisi də ABŞ və Avropa ölkələri tərəfindən idarə olunur. Sadəcə, Poroşenkodan fərqli olaraq Saakaşvili çox nadinc siyasətçidir. O, sakit dayana bilmir”. Ekspert bildirib ki, Ukrayna siyasi dairələrində gedən söhbətə görə, ölkə əhalisi yönünü Rusiyaya çevirməyə başlayıb: "Hakimiyyət xalqı boğaza yığıb. Bəlkə də bu səbəbdən Qərb Saakaşvilini Poroşenko ilə əvəzləməyə cəhd edir.
Ən azından siyasi qüvvələri parçalamağa çalışır. Amma bu niyyət baş tutmayacaq. Artıq Ukraynada Saakaşvilinin nüfuzu sıfıra enib, ona sadəcə Qərbin dəstəklədiyi üç-beş adam dəstək verir”.
İsmayıl