“Ulduz səfirlərdən biriyəm”
İlkin Həsənli: “Avropa Oyunlarının yaddaqalan keçirilməsi üçün əlimdən gələni edəcəm”
Bakıda keçiriləcək 1-ci Yay Avropa Oyunlarına 20 gündən az vaxt qalıb. Tədbirə qısa müddət qalsa da, ölkəmizdə bu əlamətdar yarışa dair hazırlıqlar yüksək səviyyədə aparılır. Artıq həmin istiqamətdə bir sıra idman obyektləri tikilib, istifadəyə verilib.
İlk və mötəbər Avropa Oyunları ərəfəsində nailiyyətlərimizin Avropa və dünya məkanında etiraf edilməsi də məhz görülən işlərin təzahürüdür. Hazırda dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağın və Olimpiya Hərəkatının öncül ölkələrindən birinə çevrilməyin Azərbaycan modeli formalaşdırılıb. Birinci Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətindən danışan aparıcı, aktyor, velosiped idman növü üzrə ulduz səfir seçilən İlkin Həsənli qarşıdan gələn Avropa Oyunlarına tam hazır olduqlarını deyib: "Avropa Oyunlarının vətənimizdə keçirilməsi Azərbaycan üçün çox böyük nailiyyət və uğurdur. Bu mötəbər yarış Bakını təkcə Avropaya deyil, bütün dünyaya tanıdacaq. Bir vətəndaş kimi böyük qürur hissi keçirirəm ki, bu cür mötəbər və dünya arenasını zəbt edən "Bakı-2015” Birinci Avropa Oyunları bizim ölkəmizdə qeyd olunacaq. Dünyanın əksər aparıcı dövlətləri bu cür mötəbər tədbirlərin öz ölkələrində keçirilməsini arzulayıblar. Çünki həmin dövlətlərin də vaxtı ilə tanıtıma ehtiyacı olub. Məhz bu cür beynəlxalq idman yarışlarında milyonlarla insan gəlib həmin ölkələri görüb, onların tarixi, mətbəxi, mədəniyyətləri ilə tanış olurlar. İlk Avropa Oyunları ölkəmizin dünyada tanınması üçün çox böyük şansdır.
Belə bir önəmli tədbirin ilk dəfə Azərbaycanda keçirilməsi qürur duyulacaq hadisədir. Avropa Oyunlarının bütün dünya tərəfindən izlənməsi bizim üçün böyük reklam olacaq. Bütün dünyanın diqqəti, marağı ölkəmizdə keçirilən bu möhtəşəm oyunlara yönələcək. Bu oyunları keçirməklə dünyaya səs salmış oluruq ki, Azərbaycan kimi inkişaf etmiş bir ölkə var. Nə xoş bizə ki, Azərbaycan belə möhtəşəm beynəlxalq layihələrin öhdəsindən peşəkarcasına gəlməyi bacarır. Digər dövlətlərin 5-6 ilə gördüyü işi Azərbaycan iki ildən də az bir vaxtda ərsəyə gətirdi. Gələn ay nəinki avropalılar, bütün dünya Azərbaycan adlı ölkə ilə tanış olacaq. İlk növbədə bir Azərbaycan vətəndaşı kimi qürur hissi keçirirəm. Bir neçə il bundan əvvəl Azərbaycan "Eurovision” yarışması ilə əcnəbi dövlətlərə, bütün dünyaya səs sala bildi. Birinci Avropa Oyunları "Eurovision”dan da böyük bir tədbirdir və səs-küyü daha böyük arealı əhatə edəcək. Amma hər halda "Eurovision” vasitəsilə Azərbaycan bütün dünyaya göstərdi ki, musiqi sahəsində də bizim yüksək nailiyyətlərimiz var.
Bakı iyun ayında öz qapılarını bütün turistlərin üzünə açacaq. Hər kəsə Azərbaycan xalqının qonaqpərvərliyi məlumdur. Əminəm ki, vətənimizə təşrif buyuran turistlər buradan məmnun halda gedəcəklər. Qoy gəlsinlər, istirahət etsinlər, Azərbaycanı, Bakını, mətbəximizi, mədəniyyətimizi tanısınlar və əlbəttə ki, Oyunlarda iştirak etsinlər. Azərbaycan yaxın günlərdə bütün dünyaya sübut edəcək ki, kiçik bir dövlət necə böyük işlər görə bilir!!!
- "Bakı-2015” Avropa Oyunlarında Azərbaycan üçün seçilmiş 15 ulduz elçidən biri də sizsiniz. Maraqlıdır, bu təklif sizə gələndə necə qarşıladınız?
- Bu təklif mənə ötən ilin sonunda gəldi. Dedilər ki, Avropa Oyunlarında Azərbaycan üzrə 15 ulduz səfir təyin olunub və siyahıda sizin də adınız var, yəni siz də ulduz səfir namizədlərindən birisiniz. Qəbul edəcəksinizmi? Mən də düşünmədən razılıq verdim. Dedim lap yaxşı, əgər bu, ölkəmizlə bağlıdırsa, mən canla-başla hazıram. Statusumdan asılı olmayaraq, bir Azərbaycan vətəndaşı olaraq Avropa Oyunlarının yaddaqalan və möhtəşəm keçirilməsi üçün əlimdən gələni edəcəm. Yanvar ayında müqavilə bağladıq, hər şey rəsmiləşdi. İlin əvvəlindən isə kiçik təqdimatlar başladı.
- Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarının miqyasını və əhəmiyyətini nəzərə alsaq, belə bir tədbirdə ulduz elçi olmaq o qədər də asan görünmür. Təbliğat kampaniyası olaraq hansı işləri görürsünüz? Ümumiyyətlə, öz fəaliyyətiniz özünüzü qane edirmi?
- Qısa zaman ərzində biz həqiqətdən də çox işlər görmüşük. Bəlkə də, Avropa Oyunları ilə bağlı apardığımız təbliğat kampaniyalarının ulduz səfir olaraq tərəfimdən deyilməsi təvazökarlıqdan uzaqdır. Amma yenə də deməliyəm ki, velosiped idman növü üzrə keçirilən idman yarışlarında iştirak edir, dəvət olunduğum bütün televiziya proqramlarında bu istiqamətdə öz funksiyamı yerinə yetirirəm. Oyunların başlayıb-bitəcəyi müddət, velosiped yarışlarının istiqaməti barədə ətraflı informasiyalar verirəm. Azərbaycan Velosiped İdman Federasiyası ilə də yetərincə sıx əlaqələrim var.
- Öz verilişinizdə bu oyunların təbliğatına yer ayırmağı düşünürsünüzmü?
- Əlbəttə, artıq veriliş çəkilib. "Bozbaş pictures”in sırf Avropa Oyunlarına həsr olunan sayı gələn həftə efirdə olacaq.
- Bildiyimiz qədəri ilə təmsil edəcəyiniz idman növünə püşkatma ilə seçildiniz. Əgər seçim sərbəst olsaydı, hansı idman növünü seçərdiniz?
- Seçim könüllü olsa belə, yenə də velosiped oyunlarını seçərdim. Çünki bu idman növü mənə çox yaxındır. Hətta özümün velosipedim var və 3 ilə yaxındır ki, velosiped sürürəm.
- Vurğuladığınız kimi yarışlarda iştirak edirsiniz. Həmçinin də yeni istifadəyə verilən məkanları görür, bu istiqamətdə keçirilən tədbirlərdə iştirak edirsiniz. Avropa Oyunlarından gözləntiləriniz nədir?
- Birinci Avropa Oyunlarından gözləntilərim çox böyükdür. Hər şey çox yüksək səviyyədə hazırlanıb. Əslində bütün gözləntiləri yalnız Avropa Oyunları üzərində qurmaq çox yanlış olardı. Çünki bu miqyasda tədbirlər ərəfəsində yaradılan infrastruktur sonrakı dövrlərdə sosial xidmətlər üçün böyük töhfələr verir. Faktiki olaraq, inşa olunan idman arenalarının, komplekslərin yerində bataqlıqlar mövcud idi. Hansı ki, bu gün həmin bataqlıqların yerində inşa edilən obyektlər növbəti illərdə keçiriləcək tədbirlərdə yenə də ünvan kimi seçilə bilər. Məsələn, 68 min azarkeş tutumuna malik Olimpiya stadionu futbol üzrə həm Avropa, həm də Dünya Çempionatı üçün əla məkandır. Bir neçə il əvvələ qədər Azərbaycanda idman növləri ilə bağlı müəyyən məhdudiyyətlər vardı ki, biz bu oyunları ölkəmizdə keçirə bilmərik. Amma artıq belə bir çərçivə yoxdur. Bundan sonra Azərbaycan, atıcılıq, üzgüçülükdən tutmuş böyük futbol çempionatlarına kimi istənilən idman növü üzrə yarışlar keçirə bilər.
- Oyunlar zamanı yarışları canlı olaraq izləməyi düşünürsünüz?
- Bəli, demək olar ki, idman yarışlarının əksəriyyətini izləməyə gedəcəm. Artıq biletlərim də var.
- Azərbaycanın tanınmış aparıcılarından birisiniz. Avropa Oyunlarında da aparıcı kimi iştirak etmək ehtimalınız varmı?
- Xeyr, Avropa Oyunlarında aparıcı olaraq iştirakım nəzərdə tutulmayıb. Keçirilən tədbirlərdə sırf velosiped idman növləri yarışlarında ulduz səfir kimi mütəmadi olaraq iştirak edəcəm. Amma bu günə kimi keçirilən tədbirlərdə ulduz səfirdən əlavə aparıcı kimi də iştirak etmişəm.
Şəymən