Ulu Öndər Klivlend xatirələrində...
Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin anım günü on yeddi ildir ki, böyük minnətdarlıqla yad edilir. Bu ilin 12 dekabrı- Heydər Əliyevin anım günü həm də onun Qarabağ arzusunun gerçəkləşməsi ilə qeyd olundu. On yeddi il bundan əvvəl ölkəmizdə keçirilən prezident seçkiləri ərəfəsində İlham Əliyevin namizədliyini irəli sürəndə Ulu Öndər xalqa müraciətlə demişdi: “Mən İlhama özüm qədər inanıram!”. Tale elə gətirdi ki, Heydər Əliyevin bu inamı Qarabağ uğrunda apardığımız Vətən müharibəsində Prezident, ordumuzun Ali Baş Komandanı İlham Əliyevin tarixi qələbəsi ilə bağlı keçirdiyimiz “Zəfər paradı” Ulu Öndərin anım günü ərəfəsinə düşdü və onun ruhunu bir daha şad etdi.
Azərbaycan mediası Heydər Əliyevin anım gününü Qarabağ qələbəsi kontekstində çox maraqlı faktlarla- tarix və müasirliyin yaşadığı cəmiyyətə təqdim etdi. Xüsusilə telekanallarımız bu sahədə çox yaddaqalan süjetlər, xatirələr, tarixə düşən sənədli filmlər nümayiş etdirdi.
Biz bu yazıda Heydər Əliyevlə bağlı tarixiliyi və müasirliyi birləşdirən yeni və çox maraqlı bir sənədli film barədə danışmaq istərdik: İstedadlı jurnalist, filologiya üzrə fəlsəfə doktoru Elnur Niftəliyevin “Lider” televiziyasında dekabrın 12-də nümayiş etdirilən “Unudulmaz” filmi haqqında. Bu sənədli film Heydər Əliyevin ABŞ-ın Klivlend xəstəxanasında müalicə olunduğu zamanın tarixi həqiqətlərini tamaşaçılarla bölüşür. Filmin yaradıcı qrupu Klivlend xəstəxanasına səfər edir və burada Ulu Öndərin bir zamanlar müalicə aldığı məkanı lentə köçürür. Əlbəttə, Klivlend kimi dünyaca nüfuzlu bir xəstəxanada həmin günlərdə Heydər Əliyevin müalicəsində əməyi keçmiş hər kəsi arayıb tapmaq, onları mükəmməl müsahibələrə cəlb etmək, hər kəsin xatirələrini onların söhbətləri ilə çatdırmaq o qədər də asan başa gəlməzdi. Lakin jurnalist Elnur Niftəliyev başda olmaqla, yaradıcı qrup bu vəzifənin öhdəsindən uğurla gəlmişdu. Vaxtı ilə Heydər Əliyevi həmin xəstəxanada müalicə etmiş dünyaca nüfuzlu həkimlərin xatirələri bir azərbaycanlı kimi hər kəsin qəlbində Ümumilli Liderdən gələn qürur hissləri oyatdı. O zaman cavan, indi xeyli yaşlaşmış bu həkimlər hər şeydən əvvəl Heydər Əliyevin vətəninə, xalqına sevgisindən bəhs edirlər. Və deyirlər ki, Heydər Əliyev onlara Azərbaycanı, bu ölkənin inkişaf sürətini, gələcək inkişaf dinamikasını aydınlaşdırıb.
Klinikanın qocaman bir həkimi Bruys Laytinin bütün xatirələrində Heydər Əliyevin dünya siyasətindəki mövqeyi çox aydın faktlarla üzə çıxdı.
Aparıcının müsahiblərindən biri-Murad Tuzçu filmin axırınadək söhbətini davam etdirir və belə bir siyasətçilə şəxsən tanış olduğundan qürur duyduğunu dilə gətirir.
Həmsöhbətlərin hər birinin xatirələrində belə məqam vardı: Heydər Əliyev müalicə aldığı günlərdə bir Prezident kimi telefon məsləhətlərilə ölkəni idarə etmək zəhmətini ön plana çəkmişdir.
Filmin yaradıcı heyəti Klivlenddə çalışan türkiyəli həkimlərin xatirələrinə, həmin günlərin həkimlərinin Heydər Əliyev haqqında onlara necə maraqlı söhbətlər etdiyindən qürurla söz açır, Türk dünyasının bu siyasi Liderinin böyük insan olduğunu dilə gətirirlər.
Filmdə Heydər Əliyevin Klivlenddəki günlərilə bağlı o zaman lentə alınmış kadrlar çox yerində və kontekstə uyğun şəkildə bol-bol istifadə edilib. Tarixə düşmüş videomateriallardır, amma yaradıcı qrup həmin videomaterilları bu günümüzlə o qədər peşəkarlıqla əlaqələndirir ki, elə bil, ulu Öndərin həmin günlərini bir şahid kimi biz də yenidən yaşayırıq...
Filmin aydın, faktları dəqiq istiqamətləndirən bir süjet xətti var. Bu süjet xətti bəzən publisistik mətnlə duyğulu bədii leksikanı elə birləşdirir ki, tamaşaçı bu məqamdan riqqətə gəlir. Heydər Əliyevin müalicədən sonra həkim personalı ilə son görüşü və onlara təşəkkür nitqi də çox təsirli və ibrətamizdir.
Film boyu həkim personalı içərisində müxtəlif ölkələrin nümayəndələri təqdim olunur və tamaşaçıda bu anda bir nigaranlıq yaranır: belə məşhur xəstəxanada bəhs niyə bir azərbaycanlı həkim yoxdur? Elnur Niftəliyev sanki bu sualı gözləyirmiş kimi, gənc, istedadlı bir azərbaycanlı doktoru təqdim edir və onun bu xəstəxana həkimlərinin Heydər Əliyev haqqında maraqlı xatirələrini dəfələrlə dinlədiyini qürurla dilə gətirir...
Qeyd edək ki, Xarici İşlər Nazirliyinin dəstəyilə filmin Bakıda, Daşkənddə, Vaşinqtonda və Ankarada geniş ictimaiyyətin iştirakı ilə təqdimatı da keçirilib.
Beləcə, biz “Lider” Tv-də Ulu Öndərin anım gününə həsr olunmuş, peşəkarlıqla hazırlanmış bir sənədli filmin təsirindən hələ də ayrıla bilmirik. Heydər Əliyev hər gün, hər an yada düşən, əziz xatirələrlə yad edilən bir tarixi şəxsiyyətdir. Çox güman ki, “Lider” Tv də yaradıcı heyətinin ortaya qoyduğu "Unudulmaz” sənədli filmi başqa telekanallarda da tamaşaçılara vaxtaşırı təqdim olunacaq.
Cahangir Məmmədli,
Kənan Novruzov