“Ümid edirik ki, atəşkəs davam edəcək”

Lavrov deyib ki, Rusiya münaqişənin həllində qərb ölkələrinə nisbətən daha çox maraqlıdır




Bakıda Azərbaycan, İran və Rusiya XİN rəhbərlərinin üçtərəfli görüşü keçirilib. Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Rusiyanın xarici işlər naziri Sergey Lavrov iştirak ediblər. Toplantıda regional əməkdaşlıq, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və digər qarşılıqlı faydalı əməkdaşlıq layihələri əsas müzakirə mövzuları olub. Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirib və media nümayəndələrinin suallarını cavablandırıblar.

"Ermənistan silahlı qüvvələri torpaqlarımızı tərk etməlidir”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, İran və Rusiya XİN başçılarının üçtərəfli görüşündə həmkarları ilə cəbhədə baş verənləri müzakirə etdiklərini deyib. Nazir bəyan edib ki, İran tərəfi də atəşkəsin əldə olunması üçün müəyyən cəhdlər edib və nəticəni yüksək qiymətləndirib. E.Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla da ciddi iş apardıqlarını söyləyib: "Lavrovun keçən ilin ortasında irəli sürdüyü təkliflər üzərində işləyirik. Kimsə buna dondurulmuş münaqişə deyir. Amma bu, tez həllini tapmalı olan münaqişədir. Çünki insan itkisinə səbəb olur. Sülh yolu ilə həll çox vacibdir. Biz bu çərçivədə həlli dəstəkləyirik. Münaqişənin davam etdirilməsi qəbuledilməz haldır. Münaqişənin dondurulması insanlarda illüziya yarada bilər. Hamı bilməlidir ki, işğalçı hərbi qüvvələr torpaqlardan çıxarılmalıdır. Müharibə elə bir şeydir ki, hər iki tərəfə ziyan verir. Ermənistan silahlı qüvvələri torpaqlarımızı tərk etməlidir. Sonra digər məsələlər, monitorinqin aparılması, təhlükəsizlik məsələləri nəzərdən keçirilməlidir”.

"Rəşt-Astara dəmir yolu xəttinin tikintisində Rusiya da maraqlıdır”

Elmar Məmmədyarov diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin İrana səfəri zamanı iki ölkə arasında daha sıx əməkdaşlıq və şimal-cənub dəhlizi müzakirə edilib. Orada bu məsələnin üçtərəfli formatda müzakirəsi qərara alınıb. Nazir bildirib ki, söhbət xüsusilə dəmir yolu əlaqəsinin yaradılmasından gedir: "Aprelin 20-də İran və Azərbaycan tərəfi 8 kilometrlik Astara-Astara dəmir yolu körpüsünün tikintisini müzakirə edəcək. Düşünürük ki, bu layihə ilin sonuna kimi başa çatacaq. Digər müzakirə mövzusu Rəşt-Astara dəmir yolu xəttinin tikintisi olub. Rusiya da bunda maraqlıdır və görüşün Moskvada keçirilməsini təklif edib. Nəqliyyat dəhlizi

vacibdir. Terrorizm, narkotik qaçaqmalçılığı üçün razılaşmışıq ki, müvafiq qurumlar üçtərəfli görüşlər keçirsin. Biz Xəzər dənizinin hüquqi statusu məsələsini də müzakirə etdik. İki gün əvvəl Bakıda işçi qrupunun görüşü oldu. Statusa dair Konvensiyanın qəbulu sülh, təhlükəsizlik və əməkdaşlıq üçün geniş imkan yaradacaq”.

"İranla viza ilə bağlı məsələlərin həllinə çox yaxınıq”

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı və iranlı həmkarları ilə görüşdən sonra keçirilən brifinqdə viza məsələsi ilə bağlı müəyyən irəliləyişlərin əldə olunduğunu bildirib: "Yaxın vaxtlarda Naxçıvanda olduğu kimi xüsusi rejimə oxşar bir rejim tətbiq edilə bilər”.

"Bu görüş çox gözəl başlanğıc oldu”

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan, Rusiya və İran arasındakı əməkdaşlığı hər üç xalqın və regionun maraq və prioritetlərinə uyğun sayıb. Nazir regionda sabitliyin sülh və təhlükəsizlik üçün vacib amil olduğunu bildirib: "Görüşdə müxtəlif məsələlər, o cümlədən nəqliyyat dəhlizlərinin inkişafına dair müzakirələr aparıldı. Bu dəhlizlər daşınmaların sürətlənməsinə rəvac verəcək. Aprelin 20-də Astara-Astara dəmiryolu xətti ilə bağlı mərasim keçiriləcək. Ardınca Rəşt-Astara dəmiryolu xətti üzrə müzakirələrə başlayacağıq. Bu görüş çox gözəl başlanğıc oldu. Biz gömrük, turizm və digər sahələrdə də üçtərəfli əməkdaşlığı müzakirə etdik”.

"Atəşkəs münaqişə siyasi yolla həll edilənədək qüvvədə olmalıdır”

Bakıda səfərdə olan İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar beynəlxalq hüquq və BMT prinsiplərinə əsasən aparılmalıdır: "Ermənistan xarici işlər naziri ilə danışmışıq. Tərəflər Qarabağ münaqişəsi həll olunanadək atəşkəs rejiminə riayət etməlidirlər”.

"Ümid edirik ki, atəşkəs davam edəcək”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da görüşdə əsasən Qarabağ məsələsinin müzakirə edildiyini söyləyib: "Biz sülhün bərqərar olması faktını vurğuladıq. Prezident Putin hər iki ölkə prezidenti ilə danışdı. Sabah (bugün) Baş nazir Medvedyev Azərbaycana gəlir. Ümid edirik ki, atəşkəs razılaşması davam edəcək”.

Lavrov bildirib ki, keçmiş razılaşmalara istinad edilməlidir: "Xüsusilə təmas xəttində tərəflərin bir-birinə etimad etməsi məsələsi vacibdir. Bir daha qeyd etmək istəyirəm ki, təmas xəttində etimadın bərqərar olması o demək deyil ki, münaqişənin siyasi yolla həllini axtarmamalıyıq. Rusiya hər iki ölkə ilə yaxın olan dövlət kimi əlindən gələni edəcək ki, son illər əldə olunan nailiyyətlər davam etdirilsin”.

"Bizim ortaq məqsədlərimiz var”

Sergey Lavrov həmçinin deyib ki, görüşdə təhlükəsizlik, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər məsələlər istiqamətində əməkdaşlıq müzakirə olunub: "Bizim ortaq məqsədlərimiz var”. Nazir terrorizm, qaçaqmalçılıq kimi məsələlərlə birgə mübarizə aparmağın tərəfdarı olduqlarını bildirib: "Azərbaycanla bu sahədə əməkdaşlığımız var, amma düşünürük ki, bu, üçtərəfli formatda daha effektiv olacaq”. S.Lavrov bəzi layihələrin maliyyə tərəfləri ilə bağlı da müzakirə apardıqlarını deyib: "Qərara gəldik ki, müvafiq qurumlar bu istiqamətdə danışıqlar aparıb, razılaşmalar əldə etsin. Buraya nəqliyyat, gömrük, su xətləri və digər sahələr də daxildir. Həmkarlarım da turizm və biznes sahəsində çalışanların üçtərəfli görüşlərində maraqlıdırlar”.

Siyasi həll üçün səylər vacibdir

Lavrov razılaşmanın bütün komponentlərinin masa üzərində olduğunu deyib: "Bakıda apardığım görüşlər və Ermənistanda baş tutacaq görüşlərimiz bizim səylərimizin göstəricisidir. Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində qərb ölkələrinə nisbətən daha çox maraqlıdır. Regionun tranzit strukturu pozulub. İtkilər baş verib. Hər gün snayperlər cəbhənin o biri tərəfindəki snayperlə üz-üzə dayanır. Bu hadisələrin baş verməməsi üçün tədbirlər görülməlidir. Siyasi həll üçün səylər vacibdir”. Mətbuat konfransından sonra tərəflər öz dövlət başçılarının təlimatına uyğun olaraq, birinci zirvə toplantısının hazırlanmasına dair müzakirələrin başlanması barədə razılaşıblar.

İsmayıl