Uşaq bağçaları Təhsil Nazirliyinə qaytarılmalıdır

“İcra hakimiyyəti orqanlarının bir çoxu hələ öz funksiyasına daxil olan işləri belə lazımınca yerinə yetirə bilmir”



Ombudsmanın 2015-ci il üzrə illik məruzəsində yer alan məsələlərdən biri də məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə qaytarılması, həmçinin istər bu müəssisələrin, istərsə də orta məktəblərin birbaşa həmin nazirliyin büdcəsindən maliyyələşdirilməsinin məqsədəuyğun olmasıdır.

Məruzədə qeyd olunub ki, uşaqların intellektinin və düşüncə tərzinin düzgün formalaşmasında rol oynayacaq məktəbəqədər təhsil müəssisələrinin az olması, tərbiyəçi müəllimlərin peşəkarlıq tələblərinə cavab verməməsi və həmin müəssisələrin yerli icra hakimiyyətlərinin tabeliyində olmaqla təhsil və Təhsil Nazirliyi sistemindən uzaqlaşması səbəbindən I siniflərə şagirdlərin qəbulu zamanı 6 yaşlılara verilən məntiq testlərinin sualları çətin olmaqla, bu yaşda uşaqların əksər hissəsinin real təfəkkür və düşünmə tərzi ilə ciddi fərqlər təşkil edir. Məruzədə vurğulanıb ki, ibtidai sinfə hazırlıq prosesinin məktəbəqədər təhsil müəssisəsi ilə məktəblərdə təşkil ediləcək hazırlıq qrupları arasında parçalanması təhsilə hazırlanmada ciddi fəsadlar yarada bilər: "Məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi uşaqların sayı ilə bu təhsillə əhatə səviyyəsi arasında nəzərəçarpacaq fərqin aradan qaldırılmasına imkan verə bilər”.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev də ombudsmanın uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə qaytarılması ilə bağlı təklifinin təqdir etdiyini deyib: "Uşaq bağçaları məktəbəqədər təhsili əhatə edir və onlar təhsil sisteminin özülü sayılır. Ona görə də vaxtilə bu sistemi parçalamağın özü də düz olmayıb. Məktəbəqədər təhsil, məktəb təhsili, orta ixtisas, texniki peşə, ali təhsil elmi bir sistem olaraq qurulub. Onun parçalanması ilə elmi sistem də pozulur, qayda-qanunlar, pedaqoji tələblər də yerinə yetirilmir. Bağçaların icra hakimiyyətlərinin səlahiyyətinə verilməsinə hələ o zamandan etiraz edərək bu addımın düzgün yanaşma olmadığını bildirmişdim. Belə bir addım həm də ona görə düzgün yanaşma deyil ki, icra hakimiyyəti orqanlarının bir çoxu hələ öz funksiyasına daxil olan işləri belə lazımınca yerinə yetirə bilmir, qaldı bağça məsələlərilə məşğul olmaları. İcra hakimiyyəti orqanlarında təhsillə bağlı heç nə yoxdur. Amma Təhsil Nazirliyində metodiki mərkəzlər var, uşaq bağçasının özündə təlim, tərbiyə işləri həyata keçirilir, burada dərsliklər, musiqi, ətraf aləm, oyunlar, uşağın fiziki inkişafı, məktəbəqədər hazırlığı ilə bağlı geniş əhatəli təhsil layihələri həyata keçirmək mümkündür. Bütün bunlar heç bir halda icra hakimiyyəti orqanlarının işi deyil. Bağçaların yenidən Təhsil Nazirliyinə qaytarılması işin keyfiyyəti baxımından çox faydalı olardı və bu addım tezliklə həyata keçirilməlidir. Uşaq bağçalarının çoxu lazımi maddi-texniki baza ilə təmin olunmayıb, bura son illər kimi gəldi kadr olaraq götürüblər. Bu istiqamətdə də müəyyən işlər həyata keçirilməlidir ki, onun da öhdəsindən ancaq Təhsil Nazirliyi gələ bilər”.

Ekspertin sözlərinə görə, uşaq bağçalarında təhsil, təlim və tərbiyə məsələləri birbaşa Təhsil Nazirliyinin öhdəsində olmalıdır. Təhsil Nazirliyini bu işdən tamam kənarlaşdırmaq olmaz: "İcra hakimiyyəti orqanları belə məsələdə mütləq mütəxəssislərlə, təhsil, təlim-tərbiyə sahəsində təcrübəli insanlarla məsləhətləşmələr aparmalıdırlar. Bu, sıradan bir iş deyil ki, üzərinə götürəsən, icra edəsən. Burada söhbət uşaqların taleyindən gedir”.

Ekspert deyib ki, icra qurumları uşaq bağçalarının tikilməsi, qida rasionuna nəzarət kimi işlərdə nazirliyə kömək edə bilərlər: "Bilirik ki, bu dəqiqə uşaq bağçası qıtlığı var. Valideyni geri qaytarırlar ki, yerimiz yoxdu. Valideyn uşağını bağçaya qoya bilmədiyindən işə də gedə bilmir. Uşaq bağçaları ilə bağlı bir sıra neqativ hallar da var. Əvvəlcə "yerimiz yoxdu” deyirlər, sonra isə kimsə tapşıranda, yaxud rüşvət verildikdə uşaq bağçaya qəbul olunur. İcra hakimiyyətləri yaxşı olar ki, uşaq bağçaları tiksinlər. Hər bir ərazi üzrə bir neçə uşaq bağçası olsun ki, uşaqlar məktəbəqədər təlim-tərbiyədən, təhsildən kənar qalmasınlar. Bundan başqa, icra hakimiyyətləri uşaqlar üçün gəzintilər, səfərlər, oyunlar təşkil edə bilər. Bizim respublikada oyuncaq fabriki yoxdur. Uşaq oyuncaqları müxtəlif ölkələrdən gətirilir, çox zaman da onların uşaq sağlamlığı üçün zərərli olduğu üzə çıxır. İcra orqanları oyuncaq fabrikinin yaranmasında, uşaqlar üçün əyləncə yerlərinin yaradılmasında təşəbbüs qaldıra və bu işdə iştirak edə bilər. Ehtiyacı olan uşaqlara himayədarlıq etmək də icra orqanlarının əsas vəzifələrindən biri olmalıdır. Amma təlim-tərbiyə işini qoy Təhsil Nazirliyinin öhdəsinə buraxsınlar”.

Şəymən