“Hər zaman bu cür bezlərlə bağlı məndə müəyyən şübhələr olub”Şəmsiyyə Namazlı: “Artıq həyatımız kimyəsal olub. Sintetik materiallardan uzaq durmaq lazımdır”
Dünyanın əksər yerlərində, həmçinin ölkəmizdə istifadə edilən populyar uşaq bezi markalarından olan "Pampers”in tərkibində kanserogen (xərçəng xəstəliyi törədən) maddələr aşkarlanıb. Bunu "Asef” assosiasiyasının mütəxəssisləri bildiriblər.
Məlum olub ki, sözügedən uşaq bezlərinin tərkibində gələcəkdə dəri, sidik kisəsi, qaraciyər və mədə xərçəngi törədə biləcək toksiki birləşmələr mövcuddur. Bu birləşmələr uşaq bezlərinə körpələrin hissiyatlı dərisini mühafizə etmək və qıcıqlanmanı aradan qaldırmaq xatirinə əlavə olunmuş maddələrin tərkibinə daxildir. Assosiasiyanın rəhbəri Lüdvin Ferrer deyib ki, həmin kanserogen birləşmələr körpənin bədəninin ən zəif hissələri ilə az qala 24 saat ərzində kontaktda olur.
Məsələyə münasibət bildirən tibb elmləri namizədi, həkim Şəmsiyyə Namazlı belə bezlərin məişətimizə son zamanlarda daxil olduğunu deyib. Onun sözlərinə görə, tərkibində kimyəvi qatqı olan maddələrdən uzaq durmaq lazımdır: "Hər zaman bu cür bezlərlə bağlı məndə müəyyən şübhələr olub. Ümumiyyətlə, bu barədə hər hansı bir təbliğat apara bilməmişik və dəqiq nəticə əldə etmək çətindir. Nəticə olaraq biz 10-15 il sonra müşahidə və monitorinqlər, Elmi Tədqiqat və ya Uşaq Pediatriya İnstitutlarında araşdırmalar aparsaq, hansı qrup uşaqların daha sağlam olması qənaətinə gələ bilərik. Bütün bu tədqiqatlar aparılarsa, fərqlər göz qabağında olarsa və dinamika izlənilərsə, əlbəttə ki, bunun haqqında daha dəqiq demək olar. Yəni, sidik ifrazında və cinsi orqanda, həmçinin qız və oğlan uşaqlarında nə kimi problemlər yarana bilər”.
Vaxtilə bezlərin yerinə təbii, ağ və yumşaq parçalardan istifadə olunduğunu deyən həkim hər kəsin əldə edə biləcəyi "pampers”lərin belə parçaları sıradan çıxardığını da vurğuladı: "Həm yay, həm də qış ayları üçün xüsusi materialda parçalar var idi. Artıq "pampers”lər istifadə baxımından asan olduğu üçün bu cür parçaların istifadəsinə son verildi. Mütəxəssislərin araşdırması ilə razılaşıram. Çünki, süni bir bez istifadə olunursa və mayeni canına hopdurursa, mütləq onun tərkibində kimyəvi qatqılar var. Tam olaraq hansı kimyəvi tərkiblərin olduğunu deyə bilmərəm, amma bu bezlərdən istifadə zamanı kiçik çanaqda da müəyyən durğunluqlar yarana bilər. Xüsusilə də oğlan uşaqlarında bu durğunluq daha qabarıq şəkildə özünü göstərir. Artıq həyatımız kimyəsal olub. Sintetik materiallardan uzaq durmaq lazımdır. Çünki bunlar tez olaraq allergiya verə bilir. "Pampers” istifadə edən uşaqlarda daha çox yanlarda, ayaqlarda qaşınmalar, qızartılar və digər allergik reaksiyalara tez təsadüf olunur. Ona görə ki, bu bezlər uzun müddət onlarda qalır. Bəzən uşağın xaric etdiyi sidik və nəcis bezdə qalır və təkrar olaraq uşağın dərisini qıcıqlandırır. Çox vaxt bu halı allergik əlamət kimi qəbul edirlər. Amma əslində belə deyil. Orqanizmdən xaric olunmalı olan sərbəst radikallar orada qalaraq dəridə yenidən reaksiya verir. Ümumiyyətlə, "pampers” dövriyyəyə buraxılan gündən mən narahatçılığımı bildirmişəm”.
Yeganə Bayramova