Uşaq MAT qalmaz

Bütün məktəblər bu təcrübədən yararlansa, faydalı olar





Şahmat elə bir oyun növüdür ki, həm idmana, həm elmə, həm də incəsənətə yaxındır. O, yaddaşı gücləndirir, diqqəti və səbri artırır, çətin vəziyyətlərdən çıxış yolu tapmaq və ani qərar qəbul etmək vərdişləri formalaşdırır.

Psixoloqlar da bildirirlər ki, şahmat oyunu uşağın əqli inkişafında müsbət rol oynayır. Həm intellekti artırır, həm də insanı formalaşdırır. Şahmat oyunu dünyagörüşün inkişafına təsir edir, diqqətli olmağı, fikirləşməyi,müqayisə etməyi, əvvəlcədən oyununun nəticəsini görməyi öyrədir. İxtiraçılıq qabiliyyətini və qanunauyğunluq təfəkkürünü inkişaf etdirir. Uşaqlarda səbirlilik qabiliyyətini, özünü ələ almaq, dözümlülük hisslərini artırır. Onlarda özünə tənqidlə yanaşma, sərbəst qərar vermək hissləri güclənir. Şahmatı ən çox da hiperaktiv (dəcəl, dinamik) uşaqlara öyrətmək lazımdır.

IBM araşdırmasına görə şahmat öyrənmək uşaqların oxu performansını yüksəldir. Həmçinin şahmat məşğələlərinə qatılan uşaqların bütün dərslərdə qiymətləri yüksəlir. Dünya şahmat çempionu Kasparovun sözlərinə görə, cəmi bir il şahmat tədrisi ilə uşaqların öyrənmə bacarıqlarını artırmaq, konsentrasiya, tətbiq, məntiqi yanaşma, intizam, hörmət, davranış və hərəkətlərdə ciddi məsuliyyət kimi dəyərlər əldə etmək olar.
Bir müddət əvvəl şahmatın dərs cədvəlinə salınması müzakirə olunanda bəzi ekspertlər buna etiraz etdilər ki, dünya təcrübəsində şahmatın fənn kimi tədris edilməsinə rast gəlinmir. Bu layihə şagirdlərin həddən artıq yüklənmiş dərs cədvəlini bir az da ağırlaşdıracaq. Təklif olaraq irəli sürüldü ki, şahmat məntiqi, tənqidi düşüncəni inkişaf etdirsə də, dərsdən əlavə məşğələ olması yaxşı olar.
Əməkdar müəllim Almaz Həsrətin sözlərinə görə, ümumtəhsil məktəblərinin bəzilərində idman dərsləri zamanı müəyyən oyunlar keçirilir ki, onlar arasında şahmat da var: "Mənim övladlarım təhsil aldığı məktəbdə fiziki tərbiyə dərslərində şagirdlərin seçiminə uyğun şahmat dərsləri keçirilir. Bu üsulu kifayət qədər effektiv hesab edirəm. Çünki şahmat uşaqlarda məntiqin, səbrin, analiz etmə qabiliyyətinin inkişafına zəmin yaradır. İntellekti formalaşdırır. Fikrimcə, bütün məktəblərimiz bu cür təcrübədən yararlansa, faydalı olar”.

A.Həsrətin sözlərinə görə, digər fənlərin daxilində də şahmat dərsləri keçirilə bilər. Burada söhbət şahmatın dərs cədvəlinə salınmasından getmir. İstənilən fənn müəllimi dərs saatının bir neçə dəqiqəsini şahmat oyunlarına ayıra bilər. Yeni tədris proqramı olan Kurikulum dərslərin təşkilində müəllimlərə kifayət qədər geniş imkanlar yaradır. Şagirdlərin istəyinə uyğun olaraq müəllimlər dərs metodikasında müəyyən fərqliliklər edə bilər.

Təhsil eksperti Əjdər Ağayev deyib ki, şahmat da idmanın bölmələrindən biridir: "Necə ki, boks, güləş, cüdo, futbol var, eləcə də şahmat idman növünə daxildir. Və bu cür dərslər də ənənəvi olaraq, uşaqlara dərsdənkənar fənn kimi keçirilib. Yəni, gün ərzində tədris planında olan dərslər bitdikdən sonra, həftədə bir neçə dəfə nəzərdə tutulmaqla, bu sahənin mütəxəssisləri uşaqlarla məşğul olur. Şahmat üzrə mütəxəssis də şahmatın əlifbasından başlayaraq, hərflərinə, gedişlərinə qədər uşaqlara öyrədir. Bu yaxşı haldır. Amma şahmatı müstəqil fənn kimi tədrisə gətirməyin mən də lehinə deyildim. Bu o deməkdir ki, tədris planındakı fənlərin biri artırılmalıdır. Buna isə ehtiyac yoxdur. Bizim tədris planımızda kifayət qədər fənn var. Ona görə də şahmatı tədris planında oturdub, dərs cədvəlinə salıb, tədrisə gətirməkdənsə, orta məktəblərdə şahmat dərnəklərinin yaradılması və bu dərnəklərin də zəruri məşğələ kimi tədrisinə həvəsi olan uşaqları bir yerə yığıb, onlara sistemli şəkildə mütəxəssislər tərəfindən dərslərin verilməsi yaxşı olar. Biz hamımız istəyirik ki, şahmat sahəsində Azərbaycan birincilər içərisində dayansın. Bunun üçün də uşaqlara şahmatı orta məktəb yaşlarından tədris etmək, onlarda bu sahəyə həvəs oyatmaq lazımdır. Amma mütləq dərsdənkənar və dərnəklər vasitəsilə aşılanmalıdır. Bu daha əhəmiyyətlidir və nəticəsi də daha müsbət olar. Əgər məşğələlərdə sistemli şəkildə bu fənn keçirilərsə, ancaq o zaman biz istədiyimiz nəticəni ala bilərik. Çünki bizim çox qabiliyyətli uşaqlarımız var və bir az dəstək və pedaqoji yardımla onların bilikləri daha da artar, ölkəmizin bayrağını daha yüksəklərə qaldırmaq üçün beynəlxalq güclərlə mübarizə apararlar”.

Təhsil eksperti Kamran Əsədov:

- Dünyada təhsil baxımdan inkişaf etmiş ölkələrdə pedaqoqlar və psixoloqlar israrla vurğulayır ki, intellektual oyunlar, xüsusi ilə şahmat oyunu uşağın əqli inkişafında müsbət rol oynayır. Bu gün milyonlarla insanın məşğul olduğu bu idman növü, beyni məşq etdirərək intellektual qabiliyyətin artmasında bilavasitə rol oynayır. Şahmat oyunu zamanı beynin hər 2 yarımkürəciyi eyni zamanda sinxron fəaliyyət göstərir, həmçinin məntiqi və abstrakt təfəkkürün aktiv inkişafı gedir.
Şahmatda mnemonik proseslər də intensiv istifadə olunur ki, oyunçu vizual, rəqəmsal və s. informasiyadan istifadə edərək həm uzunmüddətli, həm də operativ yaddaşı hərəkətə gətirir. Hadisələri qabaqcadan bilmək və proqnozlaşdırmaq, oyunda bütün mümkün variantları və nəticəni hesaba almaq cəhdi, operativ qərarlar qəbul etmək və mühüm həlledici gedişlər etmək - şahmatçının əldə etdiyi əsas bacarıqlardandır.

Uşaqlıqdan şahmat öyrənməyin üstünlüklərinə toxunan K.Əsədov hesab edir ki, bu idman növü ilə uşaqlıqdan məşğul olmaq uşaqların inkişafında həm intellektual, həm də şəxsi müstəvidə böyük təkan verir. Şahmat uşaqlara sevinc bəxş edən oyun olmaqla yanaşı, onların əqli inkişafı üçün aktiv və effektiv vasitədir. Şahmat oyunu uşaqlarda analitik-sintetik fəaliyyətləri, təfəkkür və mühakimə etməyi, fikri bir yerə cəmləməyi, nəticə çıxara bilməni, müqayisə etməyi, ümumiləşdirməyi, uzaqgörənliyi və s. kimi qabiliyyətləri inkişaf etdirir.

Bundan savayı, şahmat - yaddaşı möhkəmlədir, eyni zamanda həm emosional, həm iradəvi möhkəmlik, əzmlilik və qələbəyə cəhd etmə kimi cəhətləri aktiv formalaşdırır. Bununla bərabər, oyunçunu məğlubiyyətə mətanət və ləyaqətlə yanaşmağı, lazımlı və dəyərli təcrübə əldə edərək, özünü tənqid və şəxsi hərəkətlərini analiz etməyi öyrədir. Şahmatın bir cəhəti də odur ki, obyektiv olmağı öyrədir. Hələ illər öncə E.Lasker bu haqda fikir bildirmişdir ki, "Şahmat lövhəsində riyakarlığa yer yoxdur. Şahmat tərtibatının gözəlliyi ondadır ki, o, həmişə gerçəkliyi əks etdirir...”. Məşhur riyaziyyatçı akademik L.Eyler isə şahmatı riyaziyyatın bir sahəsi kimi qiymətləndirib.

Təhsil ekspertinin sözlərinə görə, şahmat - 64 dama üzərində həyatın proyeksiyasıdır. Çoxsaylı eksperimentlər sayəsində müəyyən edilib ki, şahmatla məşğul olan uşaqlar digərlərindən fərqli olaraq ümumtəhsil məktəblərində əsas fənlərdən daha çox nailiyyətlər əldə edirlər: "Təcrübələr göstərir ki, şahmat dərsləri həm istedadlı, həm də adi uşaqlara müsbət təsir etməklə yanaşı, eyni zamanda zəif və müxtəlif funksional pozğunluğa malik olan uşaqlara da effektiv təsir göstərir. Buna görə də uşaqları şahmat biliklərinə müvafiq olaraq erkən yaşlarından yiyələndirmək - faydalı və məqsədəuyğundur. Bu qeyd etdiklərim onu göstərir ki, orta məktəbdə şahmat dərslərinin keçirilməsi çox vacib və faydalıdır. Bu elmin, təhsilin inkişafına mühüm təsir göstərəcək”.

Şəymən