Kamran Əsədov:"Belə ciddi məsələdə məktəbin direktoru və müəllimlər məsuliyyət daşıyır. Hadisə sübuta yetirilərsə, o müəllimlər müəllim statusundan məhrum edilməlidir”Məlahət Mürşüdlü:"Bu hadisəni, cinayəti gizlətməkdə məktəb direktorunun məqsədi rəhbərlik etdiyi məktəbin adının hallanmasını istəməməyidir"
Bir müddət öncə Şəmkir rayonu, Çənlibel kəndindəki məktəbdə baş verən şagird ölümü ilə bağlı yeni fikirlər səsləndirilir. Qəfil vəfat etdiyi iddia olunan 6-cı sinif şagirdi Məhərrəmov Elgün Gündüz oğlunun yaxınları onun döyülərək öldürüldüyünü deyiblər.
Belə ki, E. Məhərrəmovun Güleyşə adlı bibisi "Criminal.az" saytına açıqlamasında qardaşı oğlunun yıxılaraq dünyasını dəyişmədiyini, Nurlan adlı sinif yoldaşı tərəfindən döyülərək öldürüldüyünü söyləyib. O bildirib ki, E.Məhərrəmovun bədənində xəsarət izləri aşkarlanıb,amma ekspert başqa rəy verib.
Şübhəsiz ki, bu hal cəmiyyətdə ciddi narazılıqlara səbəb olub. Əksər valideyn və ictimaiyyət nümayəndəsi şagirdlərin məkbələrdə nəzarətsiz qalmasından gileylənir.
Bəzi orta məktəblərdə özbaşınalıqların hökm sürdüyünü təsdiqləyən təhsil ekspert Kamran Əsədov "Sherg.az"a bildirib ki, bu vəziyyətin yaranmasında günahkar direktorlar və müəllimlərdir:" Orta ümumtəhsil məktəblərində baş verən hadisələr zamanı təhsilimizin gələcəyini quracaq şəxslər, müəllimlər, sinif rəhbərləri, təhsil işçiləri 2014-cü ildə qəbul edilmiş Müəllimlərin Etik Davranış Qaydalarına zidd olaraq, heç bir peşəkar fəaliyyətə yaraşmayan hərəkətlər sərgiləyir.
Şəmkirdə, orta məktəbdə baş verən hadisədə cəzasız qalan və haqsız cəzalandırılmış, öldürülmüş şəxslərdən söhbət gedir. Ağır cinayət törədən şəxsin əməlinə təhsili idarə edən müəllimlər göz yumursa, deməli, onlara etibar etməməliyik. Belə hadisələr gələcəkdə bizim övladlarımızın da başına gələ bilər. Düşünün, uşaq məktəbdə öldürülür və müəllimlər həqiqəti bilə-bilə gizlədir. Həmin şagird cəzasız qalarsa, düşünəcək ki, yenə belə əməl törədə bilər. Hesab edirəm ki, bu dərəcədə ciddi məsələdə məktəbin direktoru, müəllimlər də məsuliyyət daşıyır. Hadisə sübuta yetirilərsə, o müəllimlər müəllim adından belə məhrum edilməlidir”.
Təhsil Nazirliydən məsələyə münasibət bildirilmədiyini xatırladan K.Əsədov vurğulayıb ki, bu, nazirlik üçün çox ciddi qüsurdur:
"Təhsili idarə edən, tədris fəaliyyətini həyata keçirən şəxslərlə ciddi məşğul olmaq lazımdır. Hadisə baş verən anda aidiyyəti qurumların əməkdaşları, Təhsil Nazirliyinin səlahiyyətliləri orada olmalı idi. Nazirlik lazımi açıqlamanı verməyə borcludur”.
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü isə orta məktəb şagirdlərinin son illərdə aqressiv davranışlar sərgilədiyini diqqətə çatdırıb. Onun qənaətincə, hətta aşağı sinif şagirdləri oyun, tənəffüs zamanı belə bir-birinə qarşı aqressiv münasibət göstərirlər:"Uşaqları dəyişən, aqressivliyin səbəbi nədir? Bunun araşdırılmasına ehtiyac var. Bütün şagirdlərlə olmasa belə, ən azından pilot şəklində araşdırma aparılması, nəticələrə uyğun tədbirlər görülməsi vacibdir.
Şəmkirdə baş verən hadisə məktəblərdə müəllim, şagird növbətçiliyinin olmamasını, nəzarətsizlik məsələsini gündəmə gətirdi. Hər bir uşağın tək dəhlizdə deyil, adi tualetə belə nə məqsədlə getdiyinə nəzarət olunmalıdır. Qızlar üçün qadın müəllimlər, oğlanlar üçün kişi müəllimlər məsuliyyət göstərməli, növbətçilik etməlidirlər”.
M.Mürşüdlünün fikrincə, məhkəmə tibbi ekspertizanın rəyi olmadan, müvafiq müayinələr aparılmadan həkimin uşağın ürək tutmasından öldüyünü iddia etməsi böyük riskdir:
"Bu hadisəni, cinayəti gizlətməkdə məktəb direktorunun məqsədi rəhbərlik etdiyi məktəbin adının hallanmasını istəməməyidir. Vəzifəsini itirmək qorxusu da olduğundan hadisə ört-basdır edilir. Kənd məktəbində nəzarət məsələsi xüsusilə diqqətdən kənarda qaldığından belə hadisələr baş verir. Qeyd etdiyim kimi, bunlar araşdırılmalı, uşaqların psixologiyası müəyyən olunduqdan sonra nəzarət məsələsi ilə bağlı da tədbirlər görülməlidir”.
Aysel Aslan