Uşaqlar dırnaqlarını ağrıdan, stressdən də “yeyə bilər”
Türk mütəxəssislərin araşdırmaları bir çox mətləblərə işıq salır
Dırnaqlarını gəmirən insanlarla, az da olsa, rastlaşırıq. Azyaşlılar arasında isə bu vərdiş geniş yayılıb. Bəs, dırnaq "yemək” nə dərəcədə ziyanlıdır və bu vərdişdən qurtulmağın yolları varmı?
Valideynlər tərəfindən ən çox soruşulan da məhz budur; "Dırnaq yeyən uşağa necə davranılmalı, nə etməli”.
Türk mütəxəssislərin araşdımaları bir çox mətləblərə işıq salır.
Uşağınızın dırnaqlarını yeməsinin bir çox səbəbi ola bilər. Burada psixoloji amillər və altında yatan bir çox digər səbəblər də var.
Dırnaq yeyən uşağa necə davranılmalı?
Uşaqlarda dırnaqları gəmirmək vərdişi çox vaxt ciddi bir vəziyyətin varlığına dəlalət etmir. Ancaq tez-tez olursa və dırnaqlarda qeyri-sağlam bir görünüş meydana gəlməyə başladısa, səbəbləri şübhəsiz araşdırılmalıdır.
Uşağınız dırnaqlarını maraqdan, hansısa ağrıdan, stressdən, ya da vərdiş halına gəlməsi səbəbindən "yeyə bilər”. Uşağınızın dırnaqlarını gəmirməsinin bir başqa əhəmiyyətli səbəbi də təqlidetmə duyğusunun inkişafa başlaması nəticəsində reallaşa bilər. Yəni uşağınız bu vərdişi başqa birində görüb təqlid edə bilər.
Uşaqlarda dırnaq yemək vərdişi, təqlid etdikləri bir çox vərdişlərin ən məşhurudur. Uşaqlarda dırnaq "yemək” vərdişi əsasən sonradan qazanılır. Eləcə də barmaq əmmək, burun çəkmək, dişləri qıcırdatma, saçlarını çəkmək kimi vərdişlər də sonradan qazanılanlar sırasındadır.
Uşaqlarda dırnaq gəmirmək vərdişi bəzən gərginliyi aradan qaldırmaq və ya hansısa psixoloji halda, daxilə qapanma, nəsə ciddi bir şey haqqında fikrə dalan zamanlar müşahidə edilən davranış şəklidir. Bəzi uşaqlar dərs çalışarkən, film seyr edərkən, kitab oxuyarkən dırnaqlarını gəmirir. Uşağa nəzarət edilməlidir ki, hansı halda dırnaqlarını gəmirir. Ola bilər ki, uşaq hansısa təzyiq, stress altında bu hərəkəti etsin. Təzyiqin, stresin mənbəyini tapmaq lazımdır.
Məsələn, uşağınız körpələr evində yeni bir şey öyrənməyə başladığında, ya da qatıldığı bir oyunda utanması vəziyyətində stress və ya narahatlıq duyğuları içində dırnaq "yeməyi” vərdiş edə bilər.
Uşağınızın dırnaq yemək vərdişini önləmək üçün dırnaqların uzanmasını gözləməyin, çalışın, dırnaqları uzanmamış kəsəsiniz.
Bu pis vərdişdən qurtulmaq üçün dırnaqları kəsdikdən sonra nahamar yerləri və kənarları da xüsusi alətlə rəndələyin ("pilka” ilə) ki, daha "yeməyə” bir şey tapmasın. Uşağınızın dırnaqlarının nə qədər sürətli böyüdüyünə bağlı olaraq, bunları bir neçə həftədə bir təkrarlayın.
Uşağa mülayim yaxınlaşın
Uşağınızı hər hansı bir vərdişdən imtina etdirmək çətin olacaq. Uşağınız dırnaqlarını yeməyə başladığında ona əsəbi bir rəftarla yaxınlaşmanız səhv olacaq. Əsəbi bir vəziyyət alsanız dırnaq yemək vərdişindən hər fürsətdə diqqət çəkmək məqsədi ilə istifadə edə bilər.
Bunu etmək yerinə uşağınız dırnaqlarını yemədiyi zaman onu tərifləyin. Ondan razı qaldığınızı əyani göstərməyə çalışın və "mükafatlandırın”. Sevdiyi şəkərlərdən, konfetlərdən verin. Bunların xaricində ona kitab hədiyyə edə bilər, parkda əylənməyə apararaq onu mükafatlandıra bilərsiniz.
Uşaq nə etdiyinin fərqinə varmalıdır
Uşağınızın həyatında dramatik bir dəyişiklik meydana gəldisə, məsələn, ölüm, boşanma və ya müxtəlif səbəblərlə meydana gələn ayrılıqlar kimi... Bu vəziyyətlərə alışmaq və ya bunlarla uzlaşmaq uzun müddət apara bilər. Dırnaq yemək vərdişi bu çətin zamanlarda daha çox sıxlaşa bilir. Əgər uşağınız belə bir vəziyyətdən keçdisə və davamlı dırnaqlarını yeyirsə, bir mütəxəssislə məsləhətləşməli olacaqsınız.
Bəzən dırnaq yeyən uşaqlar, bunu edərkən fərqinə belə varmazlar və çox zaman istək xarici bunu reallaşdırarlar. Bu hərəkəti etdiyi zaman uşağınızın qoluna yüngül bir şəkildə toxuna, onu, bir növ ayıldaraq xəbərdar edə bilərsiniz.
Yeni bir vərdiş qazandırın
Uşağınızı dırnaq yemək asılılığından qurtarmaq üçün ona yeni bir vərdiş qazandıra bilərsiniz. Məsələn, TV izlərkən əlinə bir top və ya əylənəcəyi başqa bir şey verə bilərsiniz.
Uşağınız dırnaqlarını yeməyə mane ola bilmədiyi üçün əsəbiləşirsə, barmaqlarını, ya da dırnaqlarında rəngli çıxartmalar tutmağı sınamaq istəyib-istəmədiyini soruşun. Bu vəziyyət ona dırnaqlarını yeməməsi lazım olduğunu xatırladacaq. Amma əgər bu vəziyyəti seçmək istəməzsə, onu əsla məcbur etməyin. Bu vəziyyətdə özünü cəzalandırmış kimi hiss edə bilər.
Hər uşaq fərqlidir, buna görə uşağınızın bu vərdişindən imtinası üçün bir az zamana ehtiyacı olduğunu da unutmayın.
Dırnaqları gəmirmək təhlükəlidirmi?
Uşaqlarda dırnaq yemək ümumiyyətlə zərərsiz bir vərdişdir və ciddi bir problemin, ya da nəyinsə əlaməti olması ehtimalı azdır. Uşaqlar böyüdükcə, yetkinləşdikcə, dırnaqlarını yemək vərdişindən əl çəkir.
Ancaq uşağınız dırnaqlarını çox çox yeyirsə və dırnaq əti qanamağa başlayırsa, şübhəsiz, bir mütəxəssisə müraciət etmək lazımdır. Dırnaqların altında "yatan” mikroblar sağlamlıq üçün təhlükəli ola bilər. Uşaq gün ərzində ən müxtəlif əşyalarla təmasda olur.
Ona bu əşyaların təmiz olmadığı və onu xəstələndirə biləcəyini anlatmağa çalışın. Çalışın, uşağınız əllərini vaxtlı-vaxtında sabunla yusun. Xüsusən də küçədən evə gəldikdə, ona əllərin yuyulmasının mütləq olduğunu anladın.
Məlahət Rzayeva