Meriya bilir ki, təhsil müəssisələrinə nəzarət hüququ yoxdur
Bağçaların əllərindən çıxmamaları üçün "gözdən pərdə asırlar"
Bakı Şəhər İcra Hakimiyyətinin birinci müavini, başçı vəzifəsini icra edən Eldar Əzizov qurumun tabeliyində olan məktəbəqədər təhsil müəssisələrində təhsil alan uşaqların payız və qış geyimləri ilə pulsuz təmin olunması ilə bağlı əmr imzalayıb.
Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi artıq E.Əzizovun müvafiq əmri əsasında bağçalarda uşaqların payız geyimləri ilə təminatına başlayıb.
Uzun müddətdir ki, məktəbəqədər təhsil müəssisələrinin Bakı şəhər İcra Hakimiyyətinin nəzarəti altında olduğunu deyən təhsil üzrə ekspert Nabatəli Qulamoğlu "Şərq”ə bildirib ki, bu, tamamilə anti-pedaqoji yanaşmadır. Ekspert deyib ki, Bakı Şəhər İcra Hakimiyyəti pedaqoji kollektivdən ibarət deyil və onların pedaqoji kadr potensialı yoxdur.
N.Qulamoğlu məktəbəqədər təhsil müəssisələrindəki uşaqlara pulsuz geyim verilməsinin gözdən "pərdə” asmaq kimi bir hərəkət olduğunu da diqqətə çatdırdı: "Bakı Şəhər İcra Hakimiyyəti başqa qurumlara nisbətən daha çox korrupsiyalaşıb. Ümumiyyətlə, Bakı Şəhər İcra Hakimiyyətinin məktəbəqədər müəssisələrə rəhbərlik etmək hüququ yoxdur.
Uşaqlara şalvar, pencək və ayaqqabı almaqla nə düzələcək? Əvvəllər heç olmasa, təhsil müəssisəsi belə məsələlərə nəzarət edirdi. İndi isə hər şey Bakı Şəhər İcra Hakimiyyətinin əlindədir və sui-istifadə halları var. Ona görə də Bakı Şəhər İcra Hakimiyyəti məktəbəqədər təhsil müəssisələrini əllərindən vermək istəmirlər”.
N.Qulamoğlu həmçinin bildirib ki, vaxtilə məktəbəqədər təhsil müəssisələri ilə bağlı səlahiyyətin Təhsil Nazirliyindən alınıb Bakı şəhər İcra Hakmiyyətinə verilməsində ədavət rol oynayır: "Bu, sabiq təhsil naziri Misir Mərdanova qarşı olan ədavət idi. Bir sıra vəzifə pərəstişkarları, təhsil ekspertləri deyirdilər ki, məktəbəqədər təhsil müəssisələri Bakı Şəhər İcra Hakimiyyətinə verilsə, daha yaxşı olacaq. Onda da bunun tamamilə düzgün yanaşma olmadığını və biabırçı nəticələrin olacağını demişdim, belə də oldu. Hər kəs yaxşı bilir ki, məktəbəqədər təhsil müəssisələrində hansı "oyunlar”, yeyintilər var. Ola bilər ki, çox az vəsait sərf edib uşaqlara pulsuz geyim verilir. Lakin bu, populist hərəkətdir. Bakı Şəhər İcra Hakimiyyəti demək istəyir ki, biz məktəbəqədər təhsil müəssisələrinə yardım edirik. Gec-tez hər kəs məktəbəqədər təhsil müəssisələrinin səlahiyyətlərinin yenidən Təhsil Nazirliyinə verildiyini görəcək”.
Yeganə Bayramova