Millət vəkilləri məsələni parlamentdə qaldıracaq, iqtisadçı isə deyir ki, xərclərin mənbəyi də göstərilməlidir
Azərbaycanda uşaq pulları artımı ilə bağlı bir qrup valideyn imza toplayaraq, Milli Məclisə müraciət ərizəsi yazıb.
Müraciətin təşəbbüskarı AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi Əpoş Vəliyevin sözlərinə görə, Azərbaycanda uşaqlara dövlət tərəfindən verilən müavinətin bərpa edilməsi məsələsi parlamentdə müzakirəyə çıxarılacaq.
Müraciətə deputatlar Fazil Mustafa və Adil Əliyevdən müsbət cavab gəlib və bu məsələni Milli Məclisdə gündəmə gətirəcəklərini bildiriblər.
Yeni doğulan uşağın doğum xərcinin rayonlarda təxmini 400 manat, paytaxtda isə 800-1000 manat olduğunu vurğulayan Ə.Vəliyevin sözlərinə görə, ananın hamilə vaxtı müayinə, dopler, UZİ, analiz xərclərini, uşağın doğumdan sonrakı aylarda həkim müayinəsi, uşaq üçün çarpayı, uşaq arabası, uşaq bezi, geyim, əmzik, süd butulkası, ana südü ilə təmin edilməyən uşaqlara veriləcək uşaq yeməyini də bunun üzərinə gəldikdə böyük bir məbləğ alınır. Uşağın doğulduğu ilk ayın bu qədər çox xərcli olduğunu nəzərə alaraq birdəfəlik müavinətin miqdarı da artırılmalıdır. Hazırda 109 manat verilir ki, bugünkü qiymətlərin qarşılığında çox cüzi məbləğdir. 109 manat heç uşaq bezinin pulunu ödəmir. Uşaq pulunun ləğv edilməsinin ən böyük və mənfi təsirinin ailələrdə uşaq sayının azalması olduğunu qeyd edən elmi işçi uşaq pulunun ailələrə maddi dəstək olduğunu əlavə edib. Həmin pulla uşaqların qidalanması, müayinəsi üçün lazımi ləvazimat və ərzaqlar alınırdı.
Ə.Vəliyev qeyd edib ki, uşaqpulu bərpa edilərsə, həmin pulla uşaqları vaxtında müayinəyə aparmaq, onlara lazım olan geyim, ləvazimat və qidaların alınması daha rahat olacaq:
"Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi sağlam, bilikli və güclü yetişdirməliyik. Biz valideynlər hər bir uşaq üçün ayda 100 manat, birdəfəlik müavinətin isə 1000 manat verilməsi üçün Milli Məclisə müraciət etmişik”.
Milli Məclisin deputatı Fazil Mustafa da hesab edir ki, uşaqpulu anlayışı yenidən gündəmə gəlməlidir və bərpa olunmalıdır. Ölkədə uşaq pullarının bərpasının mümkün olduğunu deyən millət vəkili deyib ki, uşaqların ehtiyaclarının ödənilməsi və onların sağlam böyümələri üçün həmin müavinətlərin bərpasına ehtiyac var:
"Verilən uşaq pullarının təyinatı üzrə xərclənməsinə də nəzarət olunmalıdır. Bunun üçün məsuliyyət belə nəzərdə tutulmalıdır”. Deputat hazırda uşaqlara ödənilən birdəfəlik müavinətin artırılmasını da təklif edir. Onun sözlərinə görə, müavinətlərin indiki məbləği uşaqların xərclərinin ödənilməsinə kifayət etmir:
"Hər iki məsələ Milli Məclisin büdcə müzakirələrində gündəmə gətiriləcək, daha sonra plenar iclasa təqdim ediləcək”.
İqtisadçı-ekspert Natiq Cəfərli isə doğuşun stimullaşdırılması ilə bağlı ayrı-ayrı ölkələrin müxtəlif təcrübələri olduğunu deyib:
"Xüsusən də əhalinin sayının artımının zəif olduğu ölkələrdə, hətta qonşu dövlətlərdə də bu hal müşahidə olunur. Rusiyada ikinci uşağa görə 250 min rubl məbləğində "analıq kapitalı” verilir. Bir çox Avropa ölkələrində də bənzər addımlar atılır. Həm doğuşdan sonra birdəfəlik müavinətlər, həm də aylıq vəsaitlərin verilməsi halları var. Yaxşı olar ki, Azərbaycan da bu praktikaları öyrənib, ölkəmizə uyğun olanı istifadə etsin. Həmin ölkələrdə uşaqlarla bağlı aparılan sosial layihələr Azərbaycanla müqayisədə dəfələrlə çoxdur. Bizdə uşaqların hüquqları, onların ödənişləri, sosial həyat şərtləri ilə bağlı görüləsi kifayət qədər işlər var”.
Valideynlərin müraciətinin qulağa xoş səsləndiyini vurğulayan ekspert deyib ki, təklifdə xərclərin mənbəyi də göstərilsə, daha yaxşı olardı:
"Əlavə xərclərin büdcədən maliyyələşməsi, yoxsa Dövlət Neft Fondundan birdəfəlik maliyyə ayrılmasına qərar verilməsi dəqiqləşdirilməlidir. Bu tipli məsələlər öz həllini tapmalıdır ki, irəli sürülən təklif kampaniya xarakteri daşımasın. Bir müddətdən sonra vəsait çatışmazlığı bəhanəsi ilə "uşaqpulu”nun verilməsi dayandırılmasın deyə, dayanıqlı mənbələrə hesablanmalıdır. Avropada belə bir təcrübə var ki, uşaq ödənişləri əlavə bir maddə kimi vergi qanunvericiliyində əks olunub. Əlavə Dəyər Vergisinin bir faizi ayrıca toplanıb, məhz bu ödənişlər üçün istifadə olunur. Bu cür təcrübələrdən istifadə etməklə "uşaqpulu”nu bərpa etmək olar. Hesab edirəm ki, bu yardım aztəminatlı ailələrin gündəlik dolanışığına müsbət təsir göstərə bilər”.
Şəymən