Eyyub Hüseynov: "Restoranların 80 faizi yeməyi anti-sanitar vəziyyətdə hazırlayır. İstehlakçıları dəbdəbəli zalda otuzdururlar, mətbəx isə anti-sanitar vəziyyətdə olur. Mənşəyi məlum olmayan ətlərdən istifadə olunur"
"Əksər kafe və restoranlarda anti-sanitar vəziyyət hökm sürür”
Bunu "Sherg.az”a kafe və restoranlardakı acınacaqlı vəzyətlə bağlı danışarkən Azad İstehlakçılar Birliyinin(AİB) sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, kafe və restoranlarda sanitar sahədə ciddi problemlər var:
"Hər gün AİB-ə bununla bağlı şikayətlər daxil olur. Xüsusən də istehlakçılar mətbəxə buraxılmır. Onların mətbəxlə bağlı informasiya almaq hüququ pozulur. Bu barədə bizə zənglər gəlir. Biz ATV-nin "Yoxlama” verlişi vasitəsi ilə bu məsələlərə azda olsa, aydınlıq gətirdik. Məlum oldu ki, restoranların 80 faizi yeməyi anti-sanitar vəziyyətdə hazırlayır. Beləliklə də, əhalini aldadır. Məsələn, şəhərin mərkəzində yerləşən "Şincan” restoranı hər gün təzə yemək hazırlamır. Haradasa bişirib gətirir. Bu yolla da istehlakçılara satır.
Bunda əlavə həmin restoranın mətbəxini anti-sanitar vəziyyətdə olduğunu gördük. Həmin layihə çərçivəsində şəhərin mərkəzində yerləşən "Konfort” restoranında vəziyyətin pis olduğunu müşahidə etdik. Üç gün ərzində oranın sahibkarı tamam dəyişdi. Sanitar tələblərə cavab verən bir restoran yaradıldı. Ölkədə zala monitor qoyan yeganə restoran oldu. Bununla da insanlar mətbəxdə nə baş verdiyini gördü. Həmin restoran indi də yaxşı fəaliyyət göstərir. Çalışırıq ki, bütün restoranlarımız belə olsun. Amma bəzi restoran və kafelərdə bu problemlər hələ də qalır. Təəssüf ki, ATV-nin rəhbəri dəyişildikdən sonra bu verliş saxlanıldı. Mən də sizinlə həmfikirəm. Əksər restoranlarda istehlakçı hüquqları pozulur, anti-sanitar vəziyyət höküm sürür . Bu məsələlərə aydınlıq gəlməlidir. Düşünürəm Qida Təhlükəsizliyi Agenti(QTA) belə məsələlərlə məşqul olacaq və analoji problemlər yaşanmayacaq”.
E.Hüseynov onu da bəyan edib ki, şəhərin mərkəzindəki kafelərdə vəziyyət acınacaqlıdırsa, "gözdən uzaq könüldən qıraq"da yerləşən kafelərdə vəziyyət bundan da pisdir:
"Gözdən uzaqda yerləşən kafe və restoranlar bu şəraitdən istifadə edib işlərini rahatlıqla görürlər. İstehlakçıları dəbdəbəli zalda otuzdururlar, amma mətbəx anti-sanitar vəziyyətdə olur. Mənşəyi məlum olmayan ətlərdən, naməlum qidalardan istifadə edirlər. Buna görə də zala monitor qoyulmalıdır. Belə olan halda istehlakçılar mətbəxdə vəziyyətin necə olduğunu biləcəklər. Yalnız bu yolla mövcud halın qarşısı alına bilər”.
Kənan Eynuroğlu