“Üstümüzə hərbi maşın sürdülər”

Türkiyədə hərbi çevriliş cəhdində yaralanan sabiq millət vəkili “Şərq”ə danışdı
Əlövsət Ağalarov: “Dedim ki, ilahi, bunun qarşısı alınmasa, İstanbul qan gölünə çevriləcək”


Azərbaycanın sabiq millət vəkili Əlövsət Ağalarov ötən günlərdə Türkiyədə baş verən hərbi çevrilişə cəhddən danışıb. Həmin gün proseslərin ən qaynar nöqtəsində olan və ağır xəsarətlər alan keçmiş parlament üzvü "Şərq”ə müsahibəsində o gecə ilə bağlı təəssüratlarını bölüşüb. Eks-deputat qeyd edib ki, bu, bir oyun deyildi. Doğrudan da, Türkiyə üçün real, ciddi bir təhlükə vardı:

"Qiyamçılar bu çevrilişə cəhdi səhər saat 4-də planlaşdırmışdılar. Sonra istihbarat təşkilatı bundan xəbər tutub. Və ona görə də qiyamçılar prosesi tezləşdiriblər. Hadisələrin ən qaynar yerində oldum. Biz şəhərə gəlirdik. Qohum var, onu xəstəxanaya yerləşdirmişdik. Qayıdanda gördük ki, şəhərdə tanklar hərəkət edir. Əvvəlcə bilmədik. Otelin qabağına çatanda gördüm ki, artıq şəhərdə canlanma, hay-küy var. Camaat arasında da panika yayılmışdı.

- Xalq çevrilişə cəhdin baş verəcəyini öncədən bilirdimi?

- Əslində xalq bilirdi. Sadəcə hökumətdən gözləntiləri vardı. Gözlənti də o idi ki, hökumət vaxtında bunun qarşısını alacaq. Təəssüf ki, hakimiyyət bunu önləyə bilməmişdi. Həmin gecə xalqın küçələrə çıxmasına dair ilk bəyanatları da elə müxalifət partiyasının rəhbərləri verdi. Türkiyədə ən radikal müxalif təşkilat Vətən Partiyasıdır. Həmin partiyanın sədri də televiziyada çıxış elədi və o da, Rəcəb Tayyib Ərdoğan kimi xalqı küçələrə səslədi. Əslində bu, doğrudan da çevrilişə cəhd idi. Təsəvvür edin ki, başımızın üstündən qırıcı təyyarələr gedirdi. Bu halı görən kimi mən də camaatla bərabər meydana getdim. Qabaqda gedən 4-5 nəfərdən biri də mən idim. Üstümüzə hərbi maşın sürdülər. Həmin zirehli maşın yanımca gedən kişini vurub ayaqlarını qırdı. Və üstündən keçdi. Mənim də ayağımın üstündən keçdi və mən yıxıldım. Bu zaman başım, çiynim yerə dəydi və sağ qolum çatladı. Bunlar xırda şeylərdir, keçib gedəcək.

- İndi səhhətiniz yaxşıdırmı?

- Orda həkimə müraciət etmişdim. Ciddi dəstək verdilər. Türkiyə səhiyyə nazirinin köməkçisi telefon nömrəmi tapıb, mənə zəng vurmuşdu. Dedi ki, nə köməklik lazımdırsa, göstərək. Mən də vəziyyətimin yaxşı olduğunu və həkimlərin hər şeyi qaydaya saldığını bildirdim. İndi də yaxşıyam, heç bir problem yoxdu. Bircə qolumdakı çat bir az incidir. O da yüngül işdir. Çat xırda məsələdir.

- Hadisələrin ən qızğın çağında xalq arasında hansı söz- söhbətlər dolaşırdı? Onlar olay haqda nə düşünürdülər?

- Əlbəttə, burda xalqın bir üsyanı vardı. Xalq gördü ki, seçdikləri legitim hakimiyyəti devirmək istəyirlər. Ona görə də, xalq həm hakimiyyətini, həm də özünü qorudu. İnanın ki, həmin gecə İstanbulda 10-12 milyon adam küçələrə axın etmişdi. Ayaq basmağa yer yox idi. Bütün millət, 7-70-yə hər kəs ayaq üstə idi. Hamı siyasi və dini mənsubiyyətini kənara atıb, küçələrə axın etmişdi. Artıq orda partiya və din mənsubiyyəti söhbəti yığışdırılmışdı. Hamı meydanda idi. Ona görə ki, türk xalqı bir deyil, bir neçə hərbi çevriliş görüb. Əvvəlki qiyamlarda çevrilişçilərin adamları meydanlarda asdıqlarının şahidi olublar. Bu hal Türkiyə tarixində yaşanıb. Xalq zamanında bu hadisələri görüb deyə indi çevriliş baş tutmasının qarşısının alınmasına ciddi səy göstərdi.

- Müxalif partiyaların reaksiyası necə oldu? Prosesləri onlar necə dəyərləndirdi?

- Baxın, hadisələr zamanı ən çox narahat olan müxalif təşkilat rəhbərləri idi. Təsəvvür edin ki, CHP bu "darbə”lərdən çox əziyyət çəkib. Hərbi çevriliş edib, hakimiyyətə gələnlər Atatürkçülüyü məhv etməyə çalışıb. Məhz bu baxımdan CHP həm özünü, həm türk dövlətini, həm də Atatürk irsini qorumaq üçün Türkiyəni təhlükədən xilas etməyə çalışdı. Üstümüzə tank sürüləndə xalqın necə qəzəbləndiyinin canlı şahidi oldum. Dedim ki, ilahi, bunun qarşısı alınmasa, İstanbul qan gölünə çevriləcək. Bu prosesin ssenarisi Azərbaycanda törədilən 20 yanvar hadisəsi ilə oxşarlıq təşkil edirdi. Əslində ona oxşadı. Sadəcə masştab böyük idi.

- Türkiyədə siyasi təşkilat rəhbərləri və ya partiya nümayəndələri ilə danışıqlarınız olubmu?

- Bəli, onlardan bir neçəsi ilə görüşdük. Eyni zamanda müxalif fikirli insanlarla da ünsiyyətdə oldum, fikir mübadiləsi apardıq. Xalq hakimiyyətin qarantı oldu və Türkiyə cümhuriyyətini, Atatürkün irsini qorudu.

- Çevrilişə cəhddə xarici ölkələrin barmağının olmasına dair iddialar yer alıb. Bu, doğrudurmu?

- Tamamilə doğrudur. Həmin olayda xarici ünsürlərin rolu olmamış deyil. Fətullah Gülən özünü imam donunda göstərir. Amma onun məqsədi Türkiyədə hakimiyyəti ələ almaqdır. Sadəcə, özü Amerikada oturub, Amerikanın əli ilə hakimiyyət fikrinə düşüb. ABŞ da Şərqdə Türkiyə kimi nüfuzlu müsəlman dövlətinin olmasını istəmir. Amerika qardaş ölkəni Liviya, Suriya və İraqın gününə salmağa çalışır. ABŞ Türkiyəni istəməyən ölkədir. Bu, açıq-aydın görünür. Hesab edirəm ki, bu cəhddə xarici əl də var. Eyni zamanda daxildə formalaşdırılmış müəyyən hərbi qrup da vardı. Həmin qrupun içərisində xeyli mülki şəxslər də yer almışdı. İndi təmizləmə gedir. Xalq da çıxıb hakimiyyətini qorudu. İyulun 16-dan bu yana bütün küçələri şüarlar bürüyüb. Hamı qırmızı plakatlar çıxarıb, "hakimiyyət millətindir” şüarlarını səsləndirir. Əvvəlcə deyirdilər ki, "hakimiyyət AKP-nindir”. Ancaq hazırda "hakimiyyət millətindir” şüarları səsləndirilir.

- Türk xalqı yeni Baş nazir Binəli Yıldırım haqda hansı düşüncədədir?

- B.Yıldırımı çox uğurlu baş nazir adlandırırlar. O da ilk dəqiqələrdən indiyə qədər xalqın içərisindədir. Baş nazir də xalqa qoşulub, tankın qabağına çıxdı. Açıq mübarizə getdi. Göründü ki, Türkiyədə Prezident olmayanda, Baş nazir hakimiyyəti qoruya və dövləti idarə edə bilir. Bu, mənim də xoşuma gəldi. Düzdü, bəzən düşünürdülər ki, Ərdoğan olmasa, ölkə dağıla bilər. Amma mən şahidi oldum ki, elə deyil. Ərdoğan istirahətdə idi. Amma B.Yıldırım xalqın arasına çıxdı və xalqı təkbaşına buraxmadı. O, qətiyyətli adamdır. Bundan sonra Türkiyəni çox yaxşı gələcək gözləyir. Xalqın birliyini, böyüklüyünü və türkün qürurunu gördüm. Əliyalın türk xalqı tankın qabağına çıxdı. Tankın qabağına uzananı gördüm. Bu, xalqın qanunauyğun hakimiyyəti qorumaq uğrunda bir əzmi idi. Əksər dairələrdə bu istiqamətdə müzakirələr apardım. İqtidarla müxalifətin yumruq kimi birləşdiyini müşahidə etdim.

- Hadisə zamanı əsgərlərin döyülməsi sosial mediada Ərdoğanın Türkiyə ordusunun nüfuzuna zərbəsi kimi qiymətləndirildi. Doğrudanmı türk xalqı mehmetcikləri döydü?

- Hadisə gecə baş verdi. Bütün işıqlar da kəsilmişdi. Gecə vaxtı, göz-gözü görmürdü. Heç kəs onların kim olduğunu bilmirdi. Qaranlıq gecə idi. Təyyarə başımızın üstündən ətrafa vahimə saçan səs bombası atırdı. Məqsəd camaatı dağıtmaq idi. Amma camaat qaçmadı. Sonra şahidi olduq ki, üstümüzə hərbi maşın sürən adam mülki formada olub. Mehmetcikləri ora aldadıb gətirmişdilər. Onlar cavan uşaqlar idi. Sonra mehmetciklər bizə bildirdi ki, onları "polisə köməyə gedirik” deyib, aldadıb gətiriblər. Amma onların içərisində təşkilatlanmış hərbiçilər də vardı. Onlar birbaşa göstəriş verirdi ki, tankı sür və xalqı güllələ. Bəli, orda mehmetcikləri döyən vardı. Onları döyənlərin yalnız suriyalı olduğunu deyə bilmərəm. Təsəvvür elə, mənim əsgərim üstümə tank sürür. Belə olan halda kütlə qızışır. Ola bilsin əsgəri döyən də, elə həmin qəzəbli insanlar olub. Bu da mümkün hal idi. Türkiyədə 1 milyondan çox Suriya vətəndaşı var. Hətta onlara vətəndaşlıq da vermək istəyirlər.

- Buna Türkiyə cəmiyyəti razıdırmı?

- Xeyr, cəmiyyətdə mənfi rezonans doğurur. Əksəriyyət bildirir ki, 20 ildir orda yaşayan azərbaycanlı və digər ölkələrdən gələn vətəndaşlar gəlib burda işləyib, dövlətə xeyir verir.

Hökumət onlara vətəndaşlıq vermir, amma Suriyadan yeni gələnlərə vətəndaşlıq verir. Təbii ki, bu, etiraza səbəb olur.

- Hazırda çevrilişə cəhd edənlərin edam məsələsi gündəmdədir. Ərdoğan bunu reallaşdıracaqmı?

- Hadisələrin ilk günlərində qəzəbli kütlə edam tələb edirdi. Amma qəzəb soyuduqdan sonra Türkiyə buna getməyəcək. Ona görə ki, Türkiyə Amerikadan Güləni istəyir. Amerikada isə belə qanun var ki, hansı ölkədə edam varsa, heç bir cinayətkarı ora qaytarıb vermirlər. İnanmıram ki, Türkiyə buna getsin. Əgər Türkiyə Güləni istəyirsə, onu alıb gətirəndən sonra edam cəzasını gerçəkləşdirə bilər. Düzdü, edam cəzası qəzəbli beyinlərin tələbi idi. Amma bir məsələ var ki, insanı Allah yaradıbsa, onun canını da Allah almalıdır. Onu edam etməyə nə hacət var ki? 30-40 min türkün qanını tökən Öcalanı qoyub, aldadılan mehmetciyi edam etmək məntiqsizlikdir. Bunu orda da dedim. Qətiyyən buna getmək olmaz. Çünki Türkiyə Suriyada, Liviya və İraqın gününə düşər. İstəmirəm ki, qardaş ölkə bu yolu tutsun. Türkiyə bizim son dayağımızdır. Bütün dünya bizi təkləyəndə Türkiyə daim yanımızda olub. Bu, gələcəkdə də belə olacaq.

- Amerika Güləni Türkiyəyə verəcəkmi?

- İnanmıram.

- Niyə?

- Çünki Türkiyəyə qarşı ondan və onun gücündən istifadə edir.

- Türkiyədə xainlər qəbiristanlığının salınmasını necə dəyərləndirirsiniz?

- Bunların hamısı intiqam hissindən irəli gəlir. Hətta onların övladlarından da qisas alınır. Bunun nə mənası var axı? Onların övladları cəmiyyət içərisinə çıxmırlar ki, bizə vətən xaininin övladları deyəcəklər. Övladlarının günahı yoxdur. Məktəblərə getməyəcəklərini söyləyirlər və bildirirlər ki, onlara xəyanətkar kimi baxacaqlar. Dədələrinin günahı var. Bu, doğrudur. Amma o uşaqların heç bir günahı yoxdur.

- Azərbaycanın Türkiyəyə dəstəyini qənaətbəxş hesab etmək olarmı?

- Həm Türkiyə dövləti, həm də xalq Azərbaycanın dəstəyini açıq formada hiss etdi, gördü. Bunu özləri də etiraf edirlər. Prezidentimiz, xalqımız Türkiyəyə böyük dəstək verdi. Hətta Türkiyə telekanalları mənlə bağlı da görüntülər yayıblar. Adına da yazıblar ki, Azərbaycandan olan sabiq millət vəkili "darbe”-yə qarşı çıxıb. Mən də "Azərbaycan sizinlədir”, "Bakı sizin yanınızdadır” şüarlarını səsləndirirdim. Bunu da çəkib veriblər. Türklər bizdən narazı qalmadı. Dəfələrlə ifadə etdilər ki, Azərbaycan həmişə bizi dəstəkləyib və bu gün də dəstəkləyir. Ola bilər Azərbaycanda kimsə Ərdoğanın siyasətini bəyənməsin. Bu mümkün haldır. Amma onu xalq müdafiə edirsə, biz nə deyə bilərik? Sonda bir daha deyim ki, dəstəyimiz yetərli idi.

- Edam məsələsi gündəmə gələndən sonra Avropa Birliyi və NATO-dan sərt təpkilər gəldi. Həmin qurumlar Türkiyəyə təzyiq göstərə biləcəklərmi?

- İnsan haqlarının qorunması Avropanın təməl prinsipidir. Ən böyük təməl prinsiplərindən biridir. Amma bu, qərəz deyil. Əslində Avropa Birliyi Türkiyəni illərdir, yaxın qoymur. Bundan sonra da, Türkiyənin həmin birliyə üzvlüyü mümkün görünmür. Çünki Türkiyəyə qarşı qısqanclıq var. Müsəlman dövlətində ən güclü dövlətdən biridir. NATO-nun üzvüdür və dünyaya meydan oxuyacaq qüdrətli bir orduya malikdir. Onlar bundan qorxurlar. Digər yandan Avropada türklərin sayının artması onları qorxuya salır. Almaniyada rəsmi 3, qeyri-rəsmi isə 10 milyona yaxın türk yaşayır. Almaniya anlayır ki, türklər Avropanı silahla deyil, insanlarının sayına görə fəth edə bilər. Çünki Avropadakı türklərin içərisindən biri sabah deputat olacaq, digəri hökumətdə təmsil olunacaq. Amma NATO-nun Türkiyəyə qərəzli olmasına inanmıram. Qərəzli olsaydılar, oturub edam cəzasına dair qərarı gözləyərdilər, qərar qəbul olunandan sonra sərt təpki verərdilər. Sadəcə, NATO Türkiyəyə mesaj verdi ki, edam düzgün yol deyil. O yoldan çəkinmək lazımdır. İnsan azadlıqlarını məhdudlaşdırmaq olar, amma insanı məhv etmək olmaz. Dövlətlər adam öldürmək üçün deyil, onu yaşatmaq üçün mövcuddur. Kimsə cinayət işləyibsə, həbs cəzası verilməlidir. Amma onu öldürmək olmaz.

Ayyət Əhməd