Utanan qəhrəman...

Yüzlərlə əsgərin yarasını sarıyan Gültəkin xanım yenə döyüşün ortasına atılmaq istəyir



Azərbaycanın tarixi qəhrəman qadınlarımızın şücaəti ilə zəngindir. Müharibə kişilərin yeri olsa da, tarixən igid qadınlarımız da düşmənlə mübarizə aparıb. Hələ keçmiş zamanlarda xalqın azadlığı, torpaqlarımızın qorunması, insanlarımızın, torpağımızın haqları naminə vuruşan, mübarizə aparan kişilərlə bir cərgədə gedən, Vətənini yağılardan qoruyan igid, döyüşkən qadınlarımız olub.

Erməni qəsbkarları 1988-ci ildə torpaqlarımıza təcavüz etməyə başladıqları andan bugünədək Azərbaycanın qəhrəman qızları igid oğullarımızla çiyin-çiyinə torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparırlar. Bizim hər birimiz belə qəhrəman xanımlarla qürur duymalı, qəhrəmanlarımızı örnək kimi təbliğ etməli və yada salmalıyıq. Onları unutmaq olmaz!

Azərbaycanın ərazi bütövlüyü uğrunda düşmənə qarşı ön cəbhədə yer alan qəhrəmanlardan biri də Qarabağ Azadlıq Təşkilatının sədr müavini Gültəkin Quliyevadır. Gültəkin xanımın qəhrəmanlığı hamımıza bir nümunədir. Odlu-alovlu müharibə günlərində düşmənlərin Azərbaycan xalqına qarşı etdiyi haqsızlıqlar, günahsız insanların tökülən qanı igid Gültəkini rahat qoymayıb. O, könüllü olaraq cəbhəyə yola düşüb. Qəhrəman xanım döyüş bölgəsində əsgərlərimizə yaxından kömək edib. Öz Vətənini, öz azadlıq və istiqlaliyyətini sevən gənc qəhrəman Gültəkin də yurdun azadlığı uğrunda mübarizəyə qalxıb və ana torpağını qoruyub. Gültəkin xanımın bu qəhrəmanlığı, könüllü fədailiyi, onu sevən elin-obanın, doğmanın, yadın da yaddaşlarında silinməyən iz qoyub.

Gültəkin Quliyeva döyüş epizodlarını indi sarsıntı hissi keçirərək xatırlayır. Bəlkə də ona görə ki, yolunda şəhidlər verdiyimiz və yüzlərlə gəncin qazi olduğu torpaqlar indi düşmən tapdağındadır. Elə ona görə də hər nə qədər səhhətində ciddi problemlər olsa da, bu gün də "müharibə başlasa, yenidən döyüşməyə hazıram” deyir.

Qarabağ müharibəsində onlarla gəncin həyatını xilas edən, yüzlərlə əsgərin yarasını sarıyan Gültəkin Quliyeva 1964-cü ildə Tərtər rayonunda anadan olub. Ali təhsilli olan bu xanım Texnologiya İnstitutunu bitirib.

1990-cı ildən 1994-cü ilə qədər cəbhə bölgəsində xidmət edən G.Quliyeva 3 övlad, 5 nəvə sahibidir.

Özünün dediyinə görə, orta məktəbi internat məktəbində başa vuran Gültəkin Quliyeva elə uşaq vaxtlarından vətənpərvər olub. Əlaçı şagird olduğundan bütün ictimai tədbirlərdə iştirak edib. Uşaqlıqdan tələbkar böyüyən Gültəkin bir yerdə bənd alan olmayıb. 8 uşaqlı ailənin ən böyüyü olan Gültəkini nənəsi böyüdüb. İnternat məktəbdə oxumaq da öz istəyi olub. Ara-sıra ata-ana yanında böyüyən həmyaşıdlarına həsəd aparsa da, internat məktəbi bitirdiyi üçün heç vaxt peşmanlıq hiss etməyib. Dediyinə görə, onun bu qədər vətənpərvər olmasında həmin məktəbin rolu çox böyükdür.

Atasının təkidi ilə erkən yaşda ailə qurmasına rəğmən Gültəkin öz yolundan dönməyib. Atasına qarşı gəlməsə də, qiyabi olaraq, təhsilini davam etdirib. Uşaqlıqdan bacarıqlı bir həkim arzusunda olan bu xanım orta məktəbdə oxuduğu illərdə müəllimlərindən birinin iştirak etdiyi əməliyyatları izləyib. Və nəhayət, 1988-ci ildə başlayan Qarabağ müharibəsi bir çoxları kimi Gültəkin Quliyevanın da həyatını və planlarını dəyişib. Yarımçıq qalan arzuları, içində böyütdüyü bacarıqları həmin andaca "boy” verib.

Cəbhəyə can atırdı... Ürək deyən oldu, silaha sarıldı

3 uşaq anasını cəbhəyə çəkən səbəblərdən, döyüş xatirələrindən, yaşadığı sarsıntılardan danışan Gültəkin Quliyevanın sözlərinə görə, müharibədə iştirak etmək üçün çox mübarizə aparıb: "Doğulub, boya başa çatdığım Tərtər rayonu ermənilərlə sərhəddir və aramızdakı məsafə çox yaxındır. Müharibə başlayan gündən düşmənin atdığı ilk zərbə Tərtərə dəyirdi. Müharibənin gətirdiyi zülm, dəhşət hamımızda qəribə bir vətənpərvərlik hissi oyatmışdı. Günahsız axıdılan qanlar isə məni rahat buraxmırdı. O vaxtları mənim bütün qohumlarım cəbhədə döyüşürdü. Müharibədə ilk itkiləri biz verdik. Bibim hələ də oğul yolu gözləyir. Rayon atəşə tutulur, evlər viran qalır, qohum-qonşular gözümün önündəcə düşmən gülləsinin qurbanı olurdu. Mənsə, bütün bunlara dözə bilmirdim. Müharibəyə getmək, düşməndən heyif çıxmaq istəyirdim. Amma evin bir oğluna getmişdim. Bu qərarımı açıb qayınanama deyə bilmirdim, çünki qan su yerinə axardı... Amma ölüm-itimlərə dözə də bilmirdim. Həmin günlərdə ermənilər rayonu dayanmadan atəşə tutdular. Güllə əlindən başımızı qaldıra bilmirdik. Tərtər çaylağına çıxıb, atəşin kəsməyini gözləyirdik. Həmin vaxt da Tərtərin 1 kilometrliyində olan Marquşavanda qızğın döyüşlər gedirdi. Oradan çoxlu yararlılar gəldi. Ermənilər imkan vermirdi deyə Tərtərdə hospital işləyə bilmirdi. Həmin vaxt yoldaşımı çağırdım və boğazından ağır yara almış bir yaralını Bərdəyə çatdırdıq. Orada yaşlı bir həkim üzünü mənə tutub dedi ki, müharibəyə belə qorxmaz və cəld insanlar gərəkdir ki, əsgərlər qanaxmadan ölməsin. Görünür, elə həmin sözə bənd idim. Artıq vəziyyət o yerə çatdı ki, gözüm heç nəyi görmədi. Mən müharibəyə getməli idim, mütləq... Evə gələ-gələ qəti qərarımı verdim və bunu yoldaşıma dedim. Təbii ki, ilk reaksiya çox sərt oldu. O dövrdə qadının müharibəyə getməyə qərar verməsi özü bir qəhrəmanlıq idi. Çünki mental dəyərlər güclü idi. Mənim də ailə vəziyyətim müharibəyə getməyə imkan vermirdi: "3 uşağı qoyub, hara gedirsən? El-oba mənə nə deyər?”. Dedim qohum-əqrəbanı özün bilirsən, kimə necə cavab verirsən, ver. Ya razılaş bir yerdə gedək döyüşə, razılaşmırsan da, mən tək gedirəm.

Axır sözü o oldu ki, heç olmasa valideynlərinə denən. Həmin vaxtlar da atam yaslı idi. Cavan bibim oğlu şəhid olmuşdu. Həm də 1989-cu ildə qardaşım ermənilərin güdazına getmişdi. Evimizə gəlib, öz planımı atama dedim. Atam mənə çox güvənirdi, həm də bilirdi ki, haqsızlığa tabe olan biri deyiləm. Atamın sözü o oldu ki, "Qızım, necə istəyirsən, elə də elə! Mən sənə nə get, nə də getmə deyə bilmərəm. Allah səni qorusun!!!”. Qardaşlarım "qan-qan”deyən oğlanlar idi. Ona görə də atamın yeganə tələbi o oldu ki, müharibədə gizli iştirak edim, heç birinin xəbəri olmasın”.

Özü öz uğurlarına kölgə salan qəhrəman

Artıq ata razılıq vermişdi, artıq Gültəkini müharibə yolundan heç kim çəkindirə bilməzdi. Həyat yoldaşı da bunun fərqinə vardığından ər-arvad yollanırlar düz cəbhəyə. G.Quliyeva Marquşavanda məhsulların çıxarılmasına və daşınmasına yardım üçün ora yollanan ilk mütəxəssis olub. Hansı ki, həmin ərazi qızğın döyüş zonası olduğu üçün heç kim ora getmək istəmirdi. Mallar daşınan zaman göydən "od” yağırdı. Amma bütün bunlar Gültəkini zərrə qədər də ürkütməyib. O, könüllü döyüşlərə qatılıb. Ölümdən və əsirlikdən qorxmayan bu qəhrəman Azərbaycan qadınının yeganə qorxusu döyüşün ortasında görünmək olub: "Bütün döyüşlərə gizli qatılır, hər kəsdən saxlanırdım. Qorxurdum ki, birdən döyüş bölgəsinə gələn jurnalistlər məni çəkər və qohum-əqrəba müharibəyə getdiyimdən xəbər tutub, üstümə qalxar. İnandırım sizi ki, döyüşlər zamanı o qədər fədakarlığım olurdu ki? Hər anım ölüm idi, amma yenə də bütün əməllərimin gizli saxlanılmasını istəyirdim. Məni çəkmək istəyən jurnalistlərə yalvarırdım ki, mən olan kadrları silsinlər. Bir dəfə qızğın döyüşlərin birində batalyon komandiri olan bibim oğlu vardı, "Neqr” ləqəbli Tahir Mehdiyev, təsadüfən onunla rastlaşdıq. Çox mərd və qorxmaz bir oğlan idi. Bütün ağır döyüşlərdə o iştirak edirdi, hətta ermənilər başına pul mükafatı da qoymuşdular. Müharibənin dəhşətlərindən qorxmayan mən ilk dəfə qorxunun nə olduğunu bibim oğlu məni döyüşün ortasında görəndə hiss elədim. Görünür, xarakterimi və haqsızlığa dözümsüz olduğumu bildiyindən Taleh heç nə demədi. Bilirdi ki, geriyə yolum yoxdu. Müharibənin dəhşəti, qucağımda can verən qəhrəman vətən övladları məni qəddarlaşdırmışdı. Taleh döyüşdən sonra mənə bir neçə döyüş taktikası və qranat atmağı öyrətdi. Əsir düşəsi olsam, özümü öldürməyimi tapşırdı. Döyüşdə iştirakımın, göstərdiyim xidmətlərin gizli saxlanılmasında Talehin də rolu oldu. 6 erməni kəşfiyyatçısını ələ vermişəm. Həmin vaxtdan "qəhrəman Gültəkin” deyə adım dillərdə dolaşmağa başladı. Amma reklam olunmağı istəmirdim. Hamı Talehdən ehtiyat edirdi deyə, bu xidmətimi də jurnalistlərdən gizləyə bildik. İnanın ki, hərbi formanı belə geyinməyə qorxurdum. Hamı şəkil çəkdirirdi, mən qaçırdım. Bax, beləcə gizlənə-gizlənə, qaça-qaça yaralıları döyüşdən çıxarıb, onların həyatını xilas etmişəm”.

Darağı götürüb, saçını yana daradı... və canını tapşırdı

Müharibədə iştirak elədiyi hər anın onun xatirələrində silinməz izlər buraxdığını deyən xanım döyüşçümüz bildirib ki, gecələr onu yatmağa qoymayan, hər gözünü yumanda bir kino lenti kimi xatirində canlanan iki hadisə olub: "Ağdərə uğrunda gedən qanlı döyüşlərin birində İnqilab adlı bir əsgər hasarı aşanda "armatur” qarnına girdi. Köməyinə qaçdım ki, onu geri qaytarıb, yarasını sarıyım, amma o, "onsuz da öləcəm” deyib, "armatur”u çıxarıb, irəli atıldı. Bir də heç yadımdan çıxmır, nişanlı bir oğlan vardı, həmişə cibində daraq gəzdirərdi. Ən qanlı döyüşün ortasında belə silahını yerə qoyub, telini darayırdı. Bir gün düşmənin atdığı bir pulemyot onun bütün kürəyini parçaladı. Onu dərhal Tərtər hospitalına çatdırdıq. Amma artıq gec idi, kürək dağılmışdı, qan "fontan” vururdu. Son nəfəsində əli ilə cibini işarə elədi ki, onu verin. Darağı götürüb, saçını yana daradı.... və canını tapşırdı. İnanın, gün adamı yandırırdı, amma həmin vaxt göyün üzünü bir qara bulud aldı, bir leysan başladı ki, tut ucundan göyə çıx. O səhnə mənim gözümün qabağından getmir”. 3 körpə balasını evdə qoyub, qanlı döyüşlərə qatılan, gəncliyinin ən gözəl çağlarını müharibə dəhşətləri içərisində keçirən, onlarla gəncin həyatını xilas edən, yüzlərlə əsgərin yarasını sarıyan Gültəkin Quliyeva o odlu-alovlu illərə heyifslənmir, Qarabağın müdafiəçilərindən biri olması ilə fəxr edir. Amma o, qəhrəman olmaqdan "utanır”, çünki onun uğrunda döyüşdüyü torpaqlar hələ də işğal altındadır. Qarabağın dərdi onu rahat buraxmır deyə, o, öz qəhrəmanlığını yaşaya bilmir.

Bir an belə olsun, döyüşdə iştirak, yaralıları xilas etməsini gizləməkdən peşmanlıq duymayan bu xanım deyir ki, heç bir rütbə, heç bir ad onun üçün əhəmiyyət kəsb etmir, çünki o, döyüşə ad üçün yox, yaralı əsgərlərə məlhəm olmaq üçün gedib: "4 il müharibədə iştirak etmişəm. O gündən bura da ictimai fəaliyyətlə məşğulam. Amma heç vaxt ad uğrunda mübarizə aparmamışam. Müharibə zamanı 2 övladım beyin travması aldı. Başım döyüşlərə qarışdı, onların müalicəsi ilə məşğul ola bilmədim. Hələ də onun "altını çəkirəm”. Amma buna rəğmən də atdığım heç nəyə görə peşman olmamışam, heç kimdən də heç nə tələb etməmişəm, ad uğrunda da mübarizə aparmamışam. Mənə qəhrəman kimi tanınmaq, ad almaq lazım deyil, mən onsuz da qəhrəmanam. Məni ən narahat edən torpaqlarımızın işğal altında qalmasıdır. 20 faiz torpağı tapdaq altında olan bir ölkənin vətəndaşları "qəhrəman” adı uğrunda mübarizə aparmalı deyil. Utanıram, şəxsən onların yerinə. Çünki mənim mübarizəm hələ bitməyib. Torpağım işğaldadırsa, deməli mənim "qəhrəmanam” deyə öyünməyə haqqım çatmır. Mənim üçün müharibə davam edir. Müharibədən sonrakı dövrlərdə də müharibə eləmişəm. Müharibədən kəllə-beyin travması ilə çıxmışam, amma yenə də bu xəstə canımla küçələrdə "Qarabağ” hayqırmışam. Gündüzlər "faydasız” Minsk Qrupu buraxılsın, ermənilər Bakıya ayaq basmasın, xalqa qarşı "filan” haqsızlıqlar olmasın deyə əlbəyaxa döyüşlərə çıxmışam. Axşamlar isə təcili yardım maşını ilə xəstəxanalara çatdırılmışam. Müharibədən sonra mən rahatlıq nədi bilməmişəm, ev üzü görməmişəm. 2004-cü ildə ermənilər Bakıya gələndə Avropa otelinə girib, ortalığı vəlvələyə salmışam. Qarabağ uğrunda keçirilən bütün tədbirlərdə can qoymuşam. 2009-cu ildə bildim ki, başımda xərçəng xəstəliyi var. Mən həmin vaxt qorxdum, amma ölümdən yox, məhz xərçəng xəstəliyi ilə ölməkdən. Könüllü olaraq, orduya müraciət elədim ki, mənə Qarabağda qəhrəman kimi ölməyə şərait yaratsınlar. Amma onları razı sala bilmədim. İçimdəki Qarabağ sevgisi xərçəngə mübarizədə mənə dayaq oldu. Evimdə səssiz-sədasız ölmək istəmirəm. Elə ölüm mənə yaraşmaz. Nə qədər ki, canımda can var, Qarabağ uğrunda döyüşəcəm. Bəlkə də həmin arzudur ki, bu qədər ağrı-acıya, xərçəng kimi bir bəlaya rəğmən mən yaşayıram. İstədiyimə istədiyim vaxt nail olmuşam. Günü bu gün də ermənilərin Azərbaycana səfəri nəzərdə tutulanda bütün hüquq-mühafizə orqanları bilir ki, Gültəkin Quliyeva "farağat” durmayacaq. Çünki Gültəkin erməni katalikosu Bakıya gələndə o boyda mühafizəni yarıb, Gülüstan sarayında, tədbirin ortasından çıxan Gültəkindir”.

Vətənini yağılardan qorumağa hazır olan igid, döyüşkən qadınlarımız çoxdur

Günü sabah müharibə başlasa, düşünmədən döyüşün ortasına atılacağını deyən xanım döyüşçümüz əmindir ki, onunla yanaşı cəbhəyə yollanacaq qız-gəlinlərimizin sayı "n” qədərdir. Qəhrəmanlıqda, igidlikdə, qorxmazlıqda Azərbaycan qadınlarının kişilərdən heç də geri qalmadığını vurğulayan G.Quliyeva deyib ki, Azərbaycan qızları mübarizdir: "Xalqın azadlığı, torpaqlarımızın qorunması, insanlarımızın, torpağımızın haqları naminə vuruşan, mübarizə aparan və buna hər zaman hazır olan qadınlarımız çoxdur. İnanıram ki, gənc nəslin içərisində də kişilərlə çiyin-çiyinə vuruşmağa, kişilərlə bir cərgədə getməyə, Vətənini yağılardan qorumağa hazır olan igid, döyüşkən qızlarımız çoxdur. Bircə dəfə "ayağa dur!” demək kifayətdir ki, bütün qəhrəman qadınlarımız cəbhəyə axın etsin. İnanın, həmin anda yüzlərlə, minlərlə Gültəkinlər ortaya çıxacaq.

Amma indi gün o gün deyil. Yeni nazir Zakir Həsənovun komandanlığı ilə ordumuzun gücünə arxalanıram. Qoy, öndə igid oğlanlarımız getsin. Bu gün yüzlərlə Mübariz boy verir Azərbaycanda. Qadınların, qızların müharibəyə getməsinə heç ehtiyac da yoxdur. Bizim bir gündə düşmən ordusunu məhv etməyə qadir ordumuz var”.

Sonda müharibə veteranlarına, şəhid ailələrinə göstərilən qayğıdan danışan G.Quliyeva deyib ki, hər bir müharibə iştirakıçısına göstərilən diqqət Vətənə edilən hörmət deməkdir. Torpaq uğrunda can qoyan insanlara qayğı isə gənclərə vətənpərvərlik ruhu aşılamağın ən asan yoludur.

Şəymən Aşırlı