Uzaq kənddə zorlanma...

Tərəflər hadisədən üzüağ çıxmaqda maraqlıdır
İlqar Altay isə hesab edir ki, istintaq hadisəni araşdırıb, qərar çıxarana qədər tərəflərin müdaxiləsi yolverilməzdir


Tovuz rayonunun Əyyublu kəndində 4 nəfər tərəfindən təcavüzə məruz qalan 20 yaşlı qızın başına gələnlər ölkədə ictimai rezonans doğurub.

G.N. adlı qızı zorlamaqda ittiham edilən 4 nəfərdən biri - Elməddin Niyazovun ailəsi və yaxınları (20 nəfərə yaxın şəxs) Baş Prokurorluğun qarşısında aksiya keçirib.

E.Cəfərovun yaxınları işə düzgün baxılmasını və baş prokuror tərəfindən onların qəbul edilərək, şikayətlərini dinləmələrini tələb ediblər. Elməddinin yaxınlarından 4 nəfər şikayətlərini dinləmək üçün prokurorluğa dəvət edilib.

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist- ekspert İlqar Altay isə hesab edir ki, istintaq hadisəni araşdırıb, qərar çıxarana qədər tərəflərin müdaxiləsi yolverilməzdir: 
"Ortada təcavüz faktı olduğu üçün hadisə cinayət məsuliyyəti daşıyır. Hadisə ilə bağlı ictimaiyyətdə şübhələr olduğu və ziddiyyətli fikirlər səsləndiyi üçün bu məsələ çox ciddi araşdırılmalıdır. Hadisə hər nə qədər ziddiyyətli olsa da, istintaqın tam detalları ilə araşdırmaq imkanları var”.
İ.Altayın sözlərinə görə, indiki halda tərəflərdən hər biri öz maraqlarına uyğun iddialar irəli sürür. Cəmiyyətin isə indiki halda müdaxiləsi və tərəf tutması hadisəni xoşagəlməz məcraya yönəldə bilər: "Əslində Bakıda oturub, Əyyubluda baş verən təcavüz olayına şərh vermək də məntiqlə doğru yanaşma deyil. Hadisə ictimai rezonans doğurduğu üçün istintaqın rəyini gözləmək lazımdır. İstintaq orqanları isə həm öz işinə xələl gətirməmək, həm də hadisənin ictimailiyini nəzərə alaraq hadisəni obyektiv araşdırmalı və müəyyən qədər cəmiyyəti məlumatlandırmalıdırlar. Sözsüz ki, KİV-də bu istiqamətdə üzərinə düşən məsuliyyəti tam dəqiqliyi ilə dərk etməlidir”.

Kriminalistin sözlərinə görə, bu hadisə ictimai əhəmiyyətli olduğu üçün tərəflərdən hansınınsa istintaqın gedişinə müdaxilə imkanları məhduddur: "Hadisə bizim milli mentalitetimizə yad olduğu üçün cəmiyyətdə çox böyük çaşqınlıq yaradıb. Ölkədə kifayət qədər səs-küyə səbəb olduğu üçün aidiyyəti qurumlar bu istiqamətdə öz nəzarətini artırıb. Belə hallarda isə istintaq və ekspertiza orqanlarının hansısa saxtakarlıq edib, nəticəni tərəflərdən birinin xeyrinə çıxarmağı ağlabatan iddia deyil. Güman edirəm ki, həqiqət olduğu kimi ortaya çıxacaq və günahı olan hər kəs məsuliyyətə cəlb olunacaq. İndiki halda ziddiyyətli iddiaların ortaya atılması da başadüşüləndir. Şübhəsiz ki, hər valideyn övladının günahsız olduğunu düşünür. Hadisənin mənəvi tərəfini də diqqətdən qaçırmamaq gərəkdir. Hadisə kifayət qədər utancvericidir və ucqar bir kənddə baş verib. Təbii olaraq da tərəflər hadisədən üzüağ çıxmaqda maraqlıdır. Çünki günahkar tərəf həm dövlət tərəfindən cəzalandırılacaq, həm də kənd sakinləri tərəfindən ictimai qınaqla üzləşəcək. Bu səbəbdən də hər kəs öz iddiasını ortaya atıb, mübarizə aparır və məğlub olmaq istəmir. Amma bütün iddialara və ziddiyyətli fikirlərə istintaqın nəticəsindən sonra son qoyulacaq. Hüquq-mühafizə orqanlarının bu problemi birdəfəlik həll edəcəyinə və əsl həqiqəti üzə çıxaracağına heç bir şübhəm yoxdur”.

Şəymən