Vahid milli test ideyası gerçəkləşir

Şahlar Əsgərov: “İmtahanı bir dəfə, amma vicdanla aparıb uşaqlara düzgün qiymət yazmaq lazımdır”
Nabatəli Qulamoğlu: “Bizdə bu iki imtahanın birləşdirilməsi müəyyən xərcləri azaltmaq məqsədilədir”


"Biz buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirməyə hazırlaşırıq”. Bu sözləri Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə deyib.

Test üsulunun gələcək aqibətindən danışan M.Abbaszadə hazırda təhsil sistemində mövcud olan iki imtahan - buraxılış və qəbul imtahanlarının fərqli məqsədlər daşıdığını bildirib: "Buraxılış imtahanlarında minimal tələblər qoyulur. Bu imtahanlarda ən zəif bilənlərin orta və zəif oxuyanlardan seçilməsi əsas məqsəddir. Qəbul imtahanlarında isə tam əksinə, yaxşı bilən şagirdlərin arasından ən yaxşı bilənlər seçilir. Buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirmək buraxılış imtahanında fənlərin sayını, sualların çətinlik dərəcəsini artırmaq deməkdir. Buna hələki, bizim məktəblərimiz hazır deyil”.

Milli Məclisin elm və təhsil məsələləri komissiyasının sabiq sədri Şahlar Əsgərov "Şərq”ə açıqlamasında deyib ki, o, çoxdan bəri vahid imtahan ideyasının tərəfdarıdır: "Hələ 2003-cü ildə vahid milli test ideyasını ortalığa atmışdım. Bu təkcə mənim ideyam deyil, bəşəri bir dəyərdir. Hər iki imtahan uşağın orta məktəbdə aldığı biliyin yekunudur. Şagird orta məktəbi bitirir attestat alır, üzərindən iki ay keçməmiş həmin bilikdən instituta imtahan verir. Eyni adamı, eyni biliyi iki imtahanla yoxlamağın mənası nədir? Deməli, bunun əhəmiyyətsiz bir şey olduğunu anlamaq üçün bizə 13 il vaxt lazım gəldi. İmtahanı bir dəfə, amma vicdanla aparıb uşaqlara düzgün qiymət yazmaq lazımdır. Bu məsələdə nümunə kimi həmişə Qazaxıstanı misal çəkmişəm. Çünki biz də sovetlərdən qopmuşuq, onlar da. Onlar 220 min abituriyenti bir gündə test edir, axşam saat 6-da da hamının qiymətini deyirlər. Biz isə 90 min test edirik, amma qiymətləri 20 gündən sonra deyirik. Axı bunun səbəbi nədir?”. Ekspertin sözlərinə görə, vahid imtahan sisteminə keçidin bir neçə üstünlükləri var: "Bununla biz gəncləri əlavə stressdən, iki dəfə psixoloji təzyiqə məruz qalmaqdan qurtararıq. Gənc qısa müddət ərzində iki dəfə yox, bir dəfə imtahan verir. Bu çox əhəmiyyətli bir şeydir, çünki həm gəncin bilik səviyyəsini, həm təhsil sisteminin özünün vəziyyətini, həm də müəllimlərin keyfiyyətini müəyyən edirsən. Ona görə də ali məktəblərə qəbul və orta məktəblərin buraxılış imtahanlarını birləşdirmək vacibdir. Əlbəttə, bununla bağlı mexanizmləri fikirləşib tapmaq lazımdır. Bundan əlavə, bir imtahanın keçirilməsi vətəndaşları da, dövləti də əlavə xərclərdən azad edər. Belə olanda cəmiyyət də rahatlaşar”. Təhsil eksperti Nabatəli Qulamoğlu da bildirib ki, dünyanın bir sıra ölkələrində buraxılış imtahanları ilə qəbul imtahanları birləşdirilmiş formada həyata keçirilir: "Buraxılış imtahanı ilə qəbulu ona görə aparırlar ki, orta məktəblərdə təhsilin səviyyəsini yoxlasınlar. Eyni zamanda, qəbul imtahanını ali məktəbə seçim etmək üçün aparırlar. Bizdə isə bu iki imtahanın birləşdirilməsi müəyyən xərcləri azaltmaq məqsədilədir. Onun təhsil sahəsi üçün elə bir ciddi əhəmiyyəti yoxdur. Hər halda, bunu mənfi addım kimi də qiymətləndirmək olmaz. Belə bir forma gec-tez olmalıdır. Lakin bunun mexanizmlərini hazırlamaq lazımdır. Mexanizmi hazırlayandan sonra bu formanı reallaşdırmaq olar”.

İsmayıl