Valideynlər əziyyətdən qurtulur

1-ci sinifə qəbulun elektron ərizələrlə aparılması neqativ halların qarşısını alacaq




Təhsil Nazirliyi 2015/2016-cı tədris ilindən etibarən ilk olaraq Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların I siniflərinə uşaqların qəbulunda optimal və səmərəli icra mexanizmi yaratmaq məqsədilə həmin prosesin elektron sistem vasitəsilə həyata keçirilməsini qərara alıb.

Bu qərara uyğun olaraq da artıq Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara seçim üçün müsabiqələr başlayıb. Belə ki, 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin elektron ərizələrinin qeydiyyatı qəbulu müsabiqə əsasında keçirən müəssisələr, lisey və gimnaziyalarda dünən başa çatıb. Ümumtəhsil məktəblərinə isə elektron ərizələrinin qeydiyyatı qəbulu iyulun 1-dən 31-dək aparılacaq.

"21-ci əsr” Təhsil Mərkəzinin rəhbəri, ekspert Etibar Əliyev də hesab edir ki, birinci sinfə qəbulun elektron qaydada aparılması müsbət haldır. Ekspertin qənaətincə, bu üsulun tətbiqi, şagirdlərin elektron ərizələr əsasında məktəblərə qəbulu bir neçə məsələni həll etmiş olacaq. Xüsusən də, məktəb haqqında müfəssəl məlumatların toplanmasına, şagird kontingentinin dəqiq uçotunun aparılmasına, məktəblərin reytinqini müəyyənləşdirməyə gətirib çıxaracaq.

E.Əliyevin sözlərinə görə, sənədlərin elektron qaydada qəbulu məktəblərdə kök salan bir sıra neqativ halların aradan qaldırılmasına da səbəb olacaq: "Çünki orta məktəblərdə birinci sinfə qəbul zamanı neqativ hallara yol verilirdi. Valideynlər tərəfindən neqativ fikirlər səslənirdi. Artıq bu hal aradan qalxmış olacaq. Azərbaycanda 4550-yə yaxın məktəb fəaliyyət göstərir. Bunların təxminən yetmişi lisey və gimnaziyalardır. Valideynlər övladlarını məktəbə qoymazdan əvvəl hansı müəllimin yaxşı olduğunu öyrənirlər. Burada müəllimin savadı, davranışı kimi məsələlər ortaya çıxır. Hər kəs istəyir ki, övladı ən azı ibtidai təhsil pilləsində normal təhsil görsün. Bunun üçün də onlar ilk növbədə yaxşı müəllim axtarışına çıxırdılar. Ancaq bu sistem başqa bir məsələni də ortaya qoyacaq, valideynlərin övladları tanıdığı və ya soruşduqları müəllimlərin sinfinə düşməyə bilər. Burada artıq digər müəllimin üstünə böyük bir məsuliyyət düşəcək, o da yaxşı müəllim olmağa çalışacaq. Yaxşı müəllimin sinfinə maksimum 20-30 şagird yerləşə bilər. Elə məktəblər var ki, təxminən 10-a yaxın ibtidai sinif var. Valideynlər də anlayırlar ki, o 10 müəllimin hamısı yaxşı deyil. Burada artıq yaxşı müəllimin sinfinə zəif uşaqlar da düşə bilər”.

Ekspert valideynlərə yaşadıqları ərazilərdəki məktəblər arasında seçim etməyi məsləhət görüb: "Çünki uşaqların böyük bir məsafə qət etməsi onlarda yorğunluq yaradır. Bundan başqa, uzun yol qət etmək həm təhlükəlidir, həm də tıxaclarda vaxt itirmək deməkdir. Bütün hallarda məktəbin əsas vəzifələrindən biri uşaqların istedadını üzə çıxarmaqdır, sadəcə bilik vermək deyil. İndiki halda Təhsil Nazirliyi təhsildə neqativ halların aradan qaldırılmasına çalışır. Yeni islahatlara başlamaq lazım idi, bu qərar da bir islahatdır və müəllimlər üçün də yenilikdir. Bundan öncə müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi həyata keçirdi ki, bu da yenilik idi”.

Şəymən