Valideynlər qız uşaqlarına qarşı qəddarlaşıb

Hər il ölkədə 34 min abort edilir Ailə qurmaq üçün öz millətindən olan qızların sayının az olması yaxın 10-15 il ərzində problemlər yaradacaq



Övlad sahibi olmaq gözəl duyğudur. Lakin cəmiyyətimizdə cinsiyyətə söykənən ayrı-seçkilik hər zaman müzakirə edilən və həllini tapmayan bir mövzu olub. Valideynlər mümkün qədər övladları arasında fərq qoymamağa çalışsalar da, bəzən bu qaçılmazdır.

Çox vaxt 9 aylıq yolçuluğu gözləyən valideynlər səbr edə bilməyib həkimə qaçır, dünyanın yeni sakininin cinsiyyətini öyrənmək istəyirlər. Oğlan olacaqsa, sevinc birə-beş artır, qız olacaqsa, bu xəbəri yüngül bir təbəssümlə "yola verirlər”.

Bu günlərdə millət vəkili Məlahət İbrahimqızı cəmiyyətimizdə oğlan və qız ayrı seçkiliyinə toxunub. Deputat xanım hamiləlik dövründə müalicə məqsədi daşımayan ultrasəs müayinələrinin keçirilməsi formalarının tənzimlənməli olduğunu deyib: "Ultrasəs müayinəsinin lazım oldu-olmadı, xüsusilə cinsə görə muştuluq naminə keçirilməsi bu gün də var. Bu məsələlərə son qoyulmalıdır”.

M.İbrahimqızı əlavə edib ki, qızların kütləvi olaraq xarici vətəndaşlarla ailə qurması da ciddi problemdir.

Ölkəmizdə abortun dəhşətli statistikası ilə tanış olduğunu deyən sosioloq-jurnalist Lalə Mehralı övladını, 13 həftəlik olan miniatür bir insanı "uf” demədən qətl elətdirən valideynlərin sayının yetərincə çox olduğunu söyləyib. Hansı ki, həmin valideynlər ağızdolusu övlad sevgisindən danışır: "Təxminən 6-7 il qabaq da bu məsələ müzakirə edilmişdi və USM kabinetlərinə uşağın cinsiyyətini demək qadağan olunmuşdu. Buna 3-4 ay əməl edildi və sonra həyat əvvəlki qaydasına düşdü, yenə 13-cü həftədə uşağın cinsiyyəti deyilirdi. Rəsmi məlumatlara görə, hər il ölkədə 33-34 min abort edilir, amma bəzi QHT-lərin araşdırmalarına görə bu rəqəm 150-200 min arası dəyişir. Düzdür, abort statistikasında uşaqların cinsi barədə bir açıqlama yoxdur, amma doğulan uşaqların cinsiyyəti göstərir ki, ölkədə selektiv abort baş alıb gedir. Adicə istənilən bir orta məktəbə gedin, istənilən bir sinfin qapısını açın və orda oturan uşaqların cinsinə baxın. Onda görəcəksiniz ki, bizim valideynlər qız övladına qarşı necə qəddardır. Əksəriyyəti bilir ki, 13 həftəlik uşaq beyni, düşüncəsi, bütün orqanları, gözləri, əlləri, ayaqları olan kiçik bir insandır. Məlum olduğu kimi, ultrasəs müayinəsi ilə uşağın cinsinin dəqiq təyin olunması hamiləliyin 13-cü həftəsində mümkün olur. Uşağın cinsi ürəyinə yatmayan valideyn də qaçır abort otağına. Amma gəlin görün ki, mövcud qanunvericiliyimizə görə, hamiləliyin yalnız 12-ci həftəsinə bir tibbi göstəriş olmasa, ananın arzusu ilə abort etmək olar. 13-cü həftədən sonra baş tutan abortlar isə sadəcə soyqırımdır”.

Əlaqədar məsələdə qadağa və cəzaların tətbiqinin əsas olduğunu vurğulayan L.Mehralı qadınlara arzuolunmaz hamiləlikdən qorunmağın yolları barədə ciddi dərslər və seminarların keçirilməsinin də vacib olduğunu diqqətə çatdırıb: 
"Əhalinin sağlamlığının qorunması haqqında” qanuna elə bir müddəalar əlavə eləmək olar. Uşağın cinsinə görə ultrasəs müayinəsinin aparılması xüsusi tibbi göstəriş olmadığı halda və yaxud da selektiv abortların aparılması qadağan edilə bilər. Qadağaya rəğmən abort edən həkim də, abort etdirən qadın da, aborta məcbur edən kişi də məsuliyyətə cəlb edilsin. Bir, iki, lap üç belə qəti cəza tədbiri görülsə, abort sayında ciddi azalma olacaq. Əksər qadın ya bilmir, ya da lazımsız hesab edir. Bir aborta xərclədikləri pulun yarısı ilə arzuolunmaz hamiləlikdən ən az 3 il qorunmaq olar. Onlara hər dəfə abort etdirdikdən sonra orqanizmlərində baş verən deformasiyalar barədə, qətl etdikləri uşaqlar barədə ciddi faktlar tədris etmək lazımdır”.

Milli adət-ənənələrimizdən irəli gələrək hər zaman cəmiyyətimizdə oğlan cinsinə meyillilik olduğunu deyən həkim Şəmsiyyə Namazlı bu gün qız uşaqlarının sayında azalmaların müşahidə olunduğunu da bildirib. Məhz bu azalmalar da yaxın gələcəkdə müəyyən problemlər yarada bilər: 

"Son zamanlar uşağın cinsiyyətinin deyilməsi ilə bağlı qadağalar olub. Demokratik göstəricilərə, statistik məlumata baxanda görürük ki, artıq oğlan uşaqlarının sayı qızların sayına nisbətən daha çoxdur. Yetkinlik yaşına çatanda isə ailə qurmaq üçün öz millətindən olan qızların sayının az olması yaxın 10-15 il ərzində problemlər yaradacaq. Bu məsələnin sosial, milli və genetik tərəfləri var.

Cinsiyyətin yoxlanılmasında həkimləri də qınamaq düzgün deyil. Çünki həkimi məcbur edirlər və deyirlər ki, "mütləq uşağın cinsiyyətini de”. Son vaxtlar həkimlər bundan imtina edirlər, çünki qərar çıxarıldı ki, körpənin cinsiyyəti ilə bağlı məlumat verilməsin. Həkim olaraq biz görürük, praktikada, həyatda yaşayırıq. Təcrübəmizə əsaslanaraq rastlaşırıq ki, ailə üzvləri olan qayınana və ər ayrı-ayrılıqda cinsiyyəti soruşur və deyilməsi üçün xahiş edirlər. Bu sırf olaraq, ailənin, pasiyentin özündən asılı olan məsələlərdir. Onlar istəyir ki, həkimlər cinsiyyəti söyləsinlər. Dəfələrlə şahidi olmuşam ki, həkim imtina edib, amma pasiyent əl çəkmir”.

Düşünmürəm ki, həkimlər özləri uşağın cinsiyyətini deməyi təklif etsinlər. Ola bilər bir-iki neqativ hallar olsun. Ümumilikdə isə hesab etmirəm ki, bu hal həkimin marağından irəli gələn məqamdır”.

Yeganə Bayramova