Valideynlər xəbərdarlığı qulaqardına vurur

Bazar günü yaşanan faciələrin 5-i dənizin nəzarət olunmayan hissəsində baş verib


Ötən bazar günü dəniz 5 nəfərin həyatına son qoydu.
Mərdəkanda 1974-cü il təvəllüdlü Quliyev Hüseynqulu Qabil oğlu, Buzovnada 2000-ci il təvəllüdlü İsmayılov İdris Rasim oğlu, Pirşağıda 1983-cü il təvəllüdlü Səmədov Ruslan Ağabəy oğlu dənizdə batıb.

Novxanıda isə iyulun 23-ü axşam saatlarında 2 qardaş - 12 yaşlı Zahid və 9 yaşlı Amil dənizdə boğulublar.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Abşeron rayonunun Novxanı çimərliyində qeydə alınıb. Ağstafa rayonunun Poylu qəsəbəsindən olan Əliyevlər ailəsi axşam saatlarında dənizə çimməyə gedib. Dənizdə çimərkən ailənin böyük uşaqları - 12 yaşlı Zahid və 9 yaşlı Amil sahildən bir qədər uzaqlaşıb.

Övladlarının yoxluğunu görən ata Aqil Əliyev onları axtarmağa başlayıb. Məlum olub ki, dalğalı dənizə girən azyaşlılar suda boğulublar. Onların sudan çıxarılan meyitləri valideynlərinə təhvil verilib. 2 qardaşın cənazəsi dünən səhər saatlarında doğulduqları Ağstafa rayon Poylu qəsəbəsinə aparılıb.
Qeyd edilir ki, ailə 3 ildir, Novxanı qəsəbəsində kirayədə yaşayırmış.

Baş vermiş faciəli hadisələrin ardınca Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinin rəsmi açıqlaması yayılıb. Açıqlamada bildirilir ki, iyulun 24-nə qədər Xidmət əməkdaşları suda boğulma təhlükəsilə üzləşən ümumilikdə 105 nəfəri xilas edib. Onlardan 78 nəfəri Xidmətin nəzarətində olan çimərliklərdə xilas edilib: "65 nəfər dənizdə, 8-i su anbarında, 2 nəfər çayda xilas olunub”.
Qeyri-çimərlik ərazilərində isə ümumilikdə 28 nəfər suda boğulmaq təhlükəsilə üzləşib: "Onlardan da 6 nəfər dənizdə, 1 nəfər çayda, 1 nəfər su anbarında xilas edilib”.

FHN-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Oqtay Bayramov "Şərq”ə açıqlamasında 5 ölüm hadisəsinin dənizin nəzarətsiz hissələrində baş verdiyini dedi:

- Bazar günü yaşanan faciələrin 5-i də dənizin nəzarət olunmayan hissələrində baş verib. Novxanıda dənizdə batan 2 qardaşın çimdiyi ərazi də dənizin nəzarətsiz hissəsidir. FHN dəfələrlə əhaliyə xəbərdarlıq edir ki, qadağan olunmuş çimərliklərdə, dənizin nəzarətsiz hissələrində çimməsinlər, həyatlarını riskə atmasınlar. Amma sanki əhali bunları eşitmir, çağırışlara, xəbərdarlıqlara məhəl qoymur. Rəsmən çimərlik kimi fəaliyyət göstərən ərazilərdə belə hadisələr baş vermir. Hər hansı bir fövqəladə hal yaşandıqda da, FHN-in xilasediciləri dərhal köməyə çatır. Çimərliklərdə də üzmək qadağan olunan ərazilər var. Bunlar xüsusi nişanlarla göstərilir, xəbərdarlıq lövhələri vurulur. Bəzən əhali hətta bu nişanlara və xəbərdarlıqlara da etinasız yanaşır. Bədbəxt hadisələr də bu zaman baş verir. Bazar günü baş vermiş faciələrin hamısı dənizin nəzarətsiz hissələrində olub. Ağstafalı 2 qardaş da Novxanıda nəzarət olunmayan yerdə dənizə giriblər. Hadisə baş verdikdən sonra FHN-ə müraciət edilib və xilasedicilər qardaşların meyitini sudan çıxarıb. Çimərlik mövsümündə əhali təhlükəsizlik qaydalarına ciddi riayət etməlidir. Xüsusilə də azyaşlılara valideynləri nəzarət etməlidir. Uşaqları bir an belə nəzarətsiz, diqqətdən kənar qoymaq olmaz. 

Hətta valideyn övladı ilə birgə sudadırsa, yenə də qaydalara riayət etməli, riskli hərəkətlərə yol verməməlidir. Bir də görürsən, ata, ya qohumlardan kimsə uşağı qaldırır çiyninə, tullayır suya. Belə hərəkət etmək düzgün deyil və qaçılmaz faciələrə səbəb ola bilər. Uşaq boğula bilər, ayağı, qolu sınar. Başı əzilər. İnsanlar gərək ehtiyatlı olsun, əyləncə saatlarında da sayıqlığı, ağıl, düşüncələrini itirməsinlər. İki gündür ki, hava küləklidir. Küləkli hava bazar günü axşam saatlarından başlayıb. Küləkli havada dənizə girmək ümumiyyətlə qadağandır. Küləkli hava, dalğalı dəniz real təhlükədir. Hətta ən mahir üzgüçülər üçün də dalğalı dəniz təhlükəlidir. Amma bəzən bizim insanlar əsassız yerə özlərinə güvənib dalğalı dənizdə çimmək, üzmək fikrinə düşürlər. Faciələr də belə baş verir.

Məlahət Rzayeva