Ermənistanın ABŞ-la gizli əməkdaşlığı mümkün deyil
Bütün dünya bilir ki, ermənilər təhlükəsizliyinin təminatını Rusiyanın əlinə verib
Yayılan xəbərlərə görə, may ayının əvvəlində Ermənistan prezidenti Serj Sarkisyan və erməni kilsəsinin rəhbərləri Vaşinqtonda bir araya gələcəklər. Həmin görüşə ABŞ prezidenti Barak Obamanın da qatılacağı güman edilir. Erməni şərhçilərin iddialarına görə, görüşdən sonra Vaşinqton Rusiyaya qarşı təzyiqi artıracaq və bu təzyiq müharibəyə qədər yüksələcək.
Ekspertlər düşünür ki, ermənilər üçün arzuolunan nəticələrə səbəb olacaq bu müharibəni Rusiya da, Azərbaycan da başlaya bilər. Deyilənə görə, ehtimal olunan müharibədə ABŞ Ermənistanla, Rusiya isə Azərbaycanla müttəfiq olacaq. Yəni hər şey 1915-ci ildə baş vermiş Van üsyanında olduğu kimi təkrarlanacaq. Onda Osmanlı təbəəsi olan ermənilər Vana doğru irəliləyən Rusiya ordusuna dəstək üçün qiyam qaldırdılar və bir gecədə 15 min türkü qətlə yetirdilər. İndi isə Ermənistan Avrasiya İttifaqının üzvüdür, yəni Rusiyanın müstəmləkəsidir. Belə vəziyyətdə Ermənistanın Rusiyaya qarşı qiyam qaldıracağı gözlənilir. Erməni şərhçilər gözlənən bu dəhşətli gələcəkdən xalqın yaxa qurtara bilməyəcəklərini bildirirlər.
ABŞ-ın regionda müharibə yaratmaq ehtimalını dəyərləndirən Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, politoloq Elxan Mehdiyev erməni ekspertlər tərəfindən irəli sürülən iddiaları boş söhbət adlandırıb: "Deyilənlər həqiqətdən min kilometr uzaqdır. Ermənistan Rusiyanın həm siyasi, həm də hərbi baxımdan ən yaxın müttəfiqidir. Düşmən ölkə könüllü olaraq, öz istəyi ilə təhlükəsizliyinin təminatını Kremlin əlinə verib. Ermənistanın xarici sərhədlərini rus qoşunları qoruyur. Bu cür münasibətdə olan bir dövlətin üçüncü ölkə ilə gizli əməkdaşlıq qurmağa çalışması ağlabatan deyil. ABŞ-la Ermənistan arasında hansısa sahədə ikitərəfli əməkdaşlıq ola bilər. Amma rəsmi Vaşinqtonun keçmiş sovet respublikalarının heç biri ilə yaxın münasibətləri yoxdur”.
E.Mehdiyevin sözlərinə görə, Vaşinqtonun xarici siyasətində Dağlıq Qarabağ məsələsi önəmli rol oynamır: "Bu il ABŞ-ın xarici siyasəti ilə məşğul olan müxtəlif tədqiqat mərkəzlərində, siyasi dairələrində çalışan 1500-dən çox nüfuzlu ekspertləri arasında "dünyada hansı problemlər ABŞ üçün xüsusi önəm daşıyır” adlı sorğu keçirilib. Sorğular üç pilləyə bölünüb. Birinci pillədə Amerika üçün ən mühüm məsələlər, ikincidə orta önəmli, üçüncüdə isə cüzi əhəmiyyət kəsb edən problemlər göstərilib. Dağlıq Qarabağ və erməni işğalı məsələsi sorğunun ən axırıncı pilləsinin ən axırıncı yerində əks olunub. ABŞ-ın əsas qayğısı Əfqanıstan, İraq, Suriya və indi də
Rusiya ilə münasibətlərdir. ABŞ sadəcə həmsədr dövlət olduğu üçün ara-sıra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamalar edir. Amma gördüyümüz kimi, bunların heç bir əhəmiyyəti olmur”.
İsmayıl