Vaşinqtonun başqa planları var

Suriya müxalifətinə silahın dayandırılması düşünülmüş addımdır
Amerika administrasiyası Türkiyənin nəzarətində olan müxalif güclərin silahlandırılmasını “doğru” addım hesab etməyib

ABŞ Prezidenti Donald Tramp Suriya müxalifətinin silahlandırılması və hərbi hazırlığı ilə bağlı proqrama son verib. Tramp Suriyada atəşkəslə bağlı Moskva ilə bağlayacağı müqaviləyə dəstək olmaq üçün bu addımı atıb. Lakin Amerikanın bəzi rəsmiləri proqramın qapadılmasını Putinin Suriyada qələbəsi kimi dəyərləndiriblər.

Xatırladaq ki, Suriya müxalifətinə yardım proqramı 2013-cü ildən fəaliyyətdədir. Sabiq prezident Barak Obama tərəfindən yaradılan proqram Bəşər Əsədə təzyiq etmək üçün nəzərdə tutulub. 

Ağ Ev rəhbərinin qərarını "Şərq”ə şərh edən siyasi ekspert İlqar Vəlizadə deyib ki, bunu Moskvanın qazandığı uğur kimi qiymətləndirmək mümkündür. Ancaq sual doğuran məsələ başqadır. ABŞ həqiqətənmi Rusiyanın tələbi ilə Suriya müxalifətinə yardıma son verib? Ekspertin fikrincə, bu qərarda Kremlin mövqeyi əsas rol oynayır: 

"Çox güman ki, Vaşinqtonun başqa planları var. Bilirsiz ki, ABŞ-ın Yaxın Şərqdə maraqları çox dərindir. Suriyada Əsədə qarşı vuruşan müxalif qüvvələr demək olar ki, təşəbbüskarlığı əldən buraxıblar. Onlar hazırda ölkənin siyasi palitrasında mühüm mövqeyə sahib deyillər. Ölkədə müxtəlif ziddiyyətli qruplar mövcuddur. Onların aralarında radikal islamçılar, terrorçu təşkilatlar hökm sürür. Vaşinqtonun son illər Suriya müxalifətinə ayırdığı silah-sursat bölgədəki terrorçu qrupların əlinə keçirdi.
ABŞ-ın Suriyada real müttəfiqi PYD adlanan kürd silahlılarıdır. Ona görə də Amerika ilk növbədə kürd qruplaşmasını silahlandırır. Görünür, Vaşinqton əvvəllər dəstək verdiyi Suriya müxalifətinin əvəzinə sadəcə kürd yaraqlılarına arxa çıxmaq qərarına gəlib. Ola bilsin, Amerika administrasiyası Türkiyənin nəzarətində olan müxalif güclərin silahlandırılmasını "doğru” addım hesab etməyib”.

İsmayıl