
Vatikandan Türkiyəyə zərbə...
Ərdoğana qarşı yeni cəbhə açılıb, seçkilərə qədər vəziyyət daha da gərginləşəcək

Roma Papası I Fransiskin uydurma erməni soyqırımını XX əsrin ilk soyqırımı adlandırması Türkiyədə kəskin etirazla qarşılanıb. Hadisənin ardından Vatikanın Ankaradakı səfiri Antonio Lucibello Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və Papanın şərhinin türk dünyasında xəyal qırıqlığı yaratdığı deyilib. Eyni zamanda səfirin diqqətinə çatdırılıb ki, Papa Fransiskin ötən ilin noyabrında Türkiyə səfəri çərçivəsində verdiyi barış mesajlarıyla indiki açıqlaması ziddiyyət təşkil edir.
Türkiyənin baş naziri Əhməd Davudoğlu da Roma Papasına etirazını bildirib və deyib ki, acıları birtərəfli qəbul etmək Papaya və tutduğu mövqeyə yaraşmır: "Bu açıqlama Papaya yaraşmadı. Dini liderlərdən bizim gözləntimiz sülh müraciətidir. Onun açıqlamaları Avropada irqçiliyə təkan verir. Bəyanat birtərəfli və əsassızdır. Könülləri qapalı olanlara arxivləri açmaq faydasızdır”. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da Vatikanın Ankaradakı səfirliyi ilə əlaqə saxlayaraq, Papanın açıqlamasına etiraz edib. Nazir deyib ki, Papanın tarix və hüquqi
gerçəklərdən uzaq bəyanatı qəbul edilə bilməz: "Dini mövqelər əsassız ittihamlarla kin və nifrəti qızışdırma yeri deyil”. Bu arada Türkiyənin Vatikandakı səfiri məsləhətləşmələr aparmaq üçün geri çağırılıb.
Papa öz bəyanatı ilə ASALA-nın cinayətlərinə bəraət qazandırır
"Anadolu” agentliyinin məlumatına görə, Türkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri Volkan Bozkır Osmanlı ərazisində "erməni soyqırımı”nın törədilməsini sübut edən bircə sənədin belə mövcud olmadığını deyib: "Roma Papasının bəyanatı Türkiyə üçün tarixi saxtalaşdırmaqdan başqa bir şey deyil. Ona görə də açıqlama Türkiyə üçün heç bir rol oynamır. Ümumilikdə 110 terror hadisəsi törədən ASALA terror təşkilatının cinayətlərinin üçdə birindən çoxu müxtəlif dünya ölkələrinin aeroportlarına qarşı yönəldilib. ASALA tərəfindən törədilən terror aktlarının 50 faizdən çoxuna müxtəlif diplomatik missiya əməkdaşları, o cümlədən 42 nəfər Türkiyə diplomatı məruz qalıb. Həmçinin, bu təşkilat tərəfindən müxtəlif din xadimləri və KİV nümayəndələrinə də qarşı cinayətlər törədilib. Amma Papa bunların heç birini "görmür”.
Maraqlıdır, Roma papasının qondarma erməni soyqırımı ilə bağlı məlum bəyanatının arxasında nə dayanır? Bəyanat sadəcə Vatikanın azad iradəsidir, yoxsa erməni lobbisinin üzunmüddətli siyasətinin nəticəsidir?!
Prosesin arxasında sadəcə ermənilər dayanmır
Tanınmış ziyalı, publisist və yazar Mehriban Vəzir türklərə qarşı aparılan siyasətin avrosentrizmin tərkib hissəsi olduğunu deyib: "Avrosentrizm Qərbi Avropa sivilizasiyasının digər xalqlar üzərindəki mədəni üstünlüyüdür. Ermənilərlə türklərin qarşıdurmasında, türklərin həmin dönəmdə soyqırıma məruz qalmasında, qondarma soyqırım quramasında Avropanın çox görkəmli general və zabitləri iştirak edib. Bu bir ssenaridir. Avropa türkləri sıxışdırmaq üçün generalları, hərbi texnikası, maliyyə resursu vasitəsi ilə qondarma erməni soyqırımı kimi bir oyun qurublar. Guya ki, türklər erməniləri qırıb, onları soyqırıma məruz qoyublar. Yüz ildir ki, bu siyasət müdafiə olunur. Avropanın eyni məqsəd və ideologiyanı daşıyan mərkəzləri tərəfindən bu mənfur siyasət daim dəstəklənib. Buna geniş maliyyə vəsaitləri ayrılıb, proseslər məqsədli şəkildə konkret mərkəzlərdən idarə olunub”. M.Vəzirin sözlərinə görə, Rusiya da bu məsələdə ermənilərə ciddi dəstək verib: "Rusiya ermənilərin bu yalanı bütün dünyaya tanıtması üçün geniş imkanlar açıb. Çalışıblar ki, türkləri bu qondarma soyqırımın müəllifi kimi tanıtsınlar. Əsl müəllif isə onların özləri idi. Bu gün də həmin ardıcıl siyasət davam edir və Roma papasının səfəri də bu siyasətin tərkib hissəsidir”.
Soyqırım uydurmasının Papalıq tərəfindən dəstəklənməsi olduqca acınacaqlıdır
M.Vəzirin bildirdiyinə görə, əslində baş verənləri reallaşan tamaşa kimi də dəyərləndirmək olar. Elə Vatikanın yanaşma tərzi də bundan ibarətdir: "Vatikan özünün də müəllifi olduğu tarixi tamaşalardan birinin alındığını söyləyir. Bildirir ki, bu tamaşa baş tutub. Belə bir ədalətsizliyin o cür ünvan tərəfindən dəstəklənməsi, olduqca acınacaqlıdır. Xocalı soyqırımı ərəfəsində də istintaq təhlillərinə əsasən Vatikandan rus-erməni birləşmələrinə dəstək məktubunun gəldiyi bəlli oldu. Bu məktub onları həvəsləndirmək, cəsarətləndirmək üçün yazılıb. Orada Roma papasının belə bir cümləsi var idi ki, "mən bir gün gəlib erməni şəhidlərinə baş əyəcəm”. Bu gün həmin o gündür. 20 il bundan əvvəl bu məktubu yazmışdılar və indi də o məktubu icra edirlər. Siyasət papanın kimliyindən və şəxsiyyətindən asılı olmayaraq dəyişmir və bu gün də davam edir. Təəssüf ki, bu, bir həqiqətdir, yaşadığımız dünya ədalətsiz və qəddardır”.
Serj Sarkisyan Vatikandan işarə almasaydı, Romaya getməzdi
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, erməni lobbisi ilk zərbəni Vatikandan vurdu: "Roma papası ayində "əsrin ilk soyqırımı ermənilərə qarşı həyata keçirildi” dedi. Əslində bu, gözlənilən idi. Çünki Romadakı həmin ayinə Ermənistan prezidenti də qatılmışdı. Serj Sarkisyan Vatikandan işarə almasaydı, Romaya getməzdi. Türkiyə artıq Vatikana nota verib, Vatikanın Ankaradakı təmsilçisi Xarici İşlər Nazirliyinə çağrılıb. Bəs Bakının reaksiyası necə olmalıdır? Axı erməni lobbisi və saxta soyqırım iddialarına qarşı Bakı ilə Ankara birgə mübarizə aparacaqlarını açıqlayıb. Hesab edirəm ki, Vatikan rəhbərinin erməni lobbisinə və Ermənistana bu şəkildə dəstəyinə göz yumsaq, yəni "əşi, bunun bizə nə aidiyyəti var, Türkiyənin problemidir” desək, Bakı ilə Ankaranın birgə lobbi çalışmaları inandırıcılığını itirəcək”.
24 aprel Türkiyə üçün çox çətin gün olacaq
Politoloq Orxan Qafarlı deyib ki, katolik kilsənin lideri Papa Fransiskin "20-ci yüzilin ilk soyqırımı ermənilərə qarşı törədildi” sözləri digər katolik ölkələrə domino effekti şəklində yayılacaq: "Onsuz da bu məsələdə katolik dünyasının mövqeyi bəlli idi. Zənnimcə, 24 aprel çox çətin bir gün olacaq. Zaman Baş nazir Əhməd Davudoğlunun bu mövzuda açılımlarının nə qədər önəmli olduğunu ortaya çıxaracaq. Təəssüflər olsun ki, müəyyən bir qrup bu proyektlərin qarşısını aldı”.
Papa Türkiyəni Ərdoğana görə cəzalandırır
NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov bildirib ki, Ərdoğan hökuməti hər zaman Avropa və Qərbi ittiham edir. Türkiyə hökumətinin nəzarətində olan KİV-lərdə demək olar ki, hər gün anti-qərb təbliğatı aparılır. Səbəb isə bəlli deyil: "Bir tərəfdən Avropa Birliyini xristian icması adlandıran Ərdoğan, digər tərəfdən Avropa Birliyinə üzv olmaq üçün can atır. Belə siyasət isə anlaşılan deyil. Ərdoğanın ölkə daxilində yetəri qədər tərəfdarı var və onlar Ərdoğanın hər sözünü həqiqət olaraq qəbul edirlər. Bu isə çox yanlış siyasətdir. Seçkilərdə xal qazanmaq üçün elektoratına yalan danışaraq, kimlərisə ittiham etmək, daha sonra isə ittiham etdiyi birlikləri qınamaq doğru siyasət deyil. Ərdoğanın yanlış siyasəti nəticəsində artıq Türkiyə bölgədə lider dövlət olmaq şansını itirir. Buna Qərbin cavabı mütləq idi. Roma Papasının "soyqırımla” bağlı işlətdiyi söz Vatikanın rəsmi mövqeyi deyil. Bu, sadəcə, Papanın öz fikridir. Yəni Papa demək istəyir ki, "dediyin sözlərə və ittihamlara son qoy”. Bu, kiçik siyasi mesajdır. Məncə, AKP hökuməti xarici və daxili siyasətdə dəyişikliklər etməlidir.
Roma Papası şou üzərindən dünya gündəmində qalmaq niyyətindədir
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının prezidenti Səbuhi Abbasovun sözlərinə görə, Papa bu çıxışı ilə dünyadakı olan-qalan etimadını da tamamilə sarsıtdı: "Qondarma soyqırım məsələsində Türkiyə kifayət qədər ciddi təklif irəli sürüb və deyib ki, "bizim arxivlərimiz dünya alimlərinin, tarixçilərinin üzünə açıqdır”. Ermənilərin bu təklifi rədd etməsi başadüşüləndi. Çünki söhbət qondarma soyqırımdan gedir. Əks halda, Papa bu qədər yanlış və səfeh addım atmazdı”. Birlik sədri deyib ki, dini lider birmənalı şəkildə ölkələr arasında sülhə, əmin-amanlığa xidmət etməlidir: "Roma Papası isə tamamilə əks mövqe ortaya qoyub. Bununla da ermənilərə Türkiyə tərəfindən nəzərdə tutulan güzəştlərin "kitabı” bağlandı. Mən Roma Papasını ədalətə göz yummamağa çağırıram. Əgər Cənab Fransis dünyada ədalət simvoludursa, o zaman əvvəlcə Xocalı və Ağdaban faciələrini də soyqırım kimi tanısın”.
İsmayıl