“Vaxtında Saraydan konsert təklifi gəldi, razılıq vermədim”

Eldəniz Məmmədov: “O dönəmdə bu ağır işə özümü hazır hesab etmədim”
“Bəlkə də istədiyim qədər çalışmamışam. Əgər istədiyim qədər çalışsaydım, daha böyük nailiyyətlərim də ola bilərdi”



Səsi, ifası ilə seçilən, xalq musiqilərinə yeni nəfəs verən sənətçilərə dəyər vermək vacibdi. "Şərq”in budəfəki qonağı səsi ilə dəyər qazanan Eldəniz Məmmədov oldu. Onunla bu günün səhnəsindən, Azərbaycan musiqisindən danışdıq.

- Bu gün səhnədəki yeriniz sizi ifaçı olaraq qane edirmi? Siz səhnəyə gələn dövrdə tanınmaq bu günlə müqayisədə daha çətin idi...

- Səhnədə olan sənətçinin, ifaçının məqsədi olmalıdır. Üzərində çalışmalı, hər zaman axtarışda olmağa maraqlı olmalıdır. Səhnədə olan insan hərəkət etməlidi. Yaradıcılığını genişləndirməyə can atmalıdır.

- Konsertə hazırlaşırsız. Beynəlxalq Muğam Mərkəzində iki günlük konsert proqramı ilə çıxışınız olacaq.

- Martın 24-25 tarixlərində Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə tamaşaçı qarşısına çıxacam. Böyük bir yükün, riskin altına girmişəm. Bu, böyük riskdir. Həyatda bəzən risk etmək lazımdı.

- Niyə konsert verməyi risk olaraq qəbul edirsən. Səhnədə olan insan üçün konsert verməkdən təbii nə ola bilər ki? Müğənni konsert verməlidir.

- Konsert vermək o qədər asan bir iş deyil. Bu gün konsert vermək xüsusilə çətindi. İstər maddi baxımdan, istərsə də mənəvi tərəfdən bu yükü qaldırmaq sənətçi üçün ağırdı. Çox tərəfləri, səbəbləri var. İki gün konsert verəcəm. Bunu bir gün də edə bilərdim. Biletlər satılardı, sonra ikinci günün elanı ola bilərdi. Amma risk edib iki gün etməyə qərar verdim. Sənətçi olaraq düşünürəm ki, bəlkə də istədiyim qədər çalışmamışam. Əgər istədiyim qədər çalışsaydım, daha böyük nailiyyətlərim də ola bilərdi. Vaxtında mənə Heydər Əliyev adına Saraydan konsert təklifi gəldi, razılıq vermədim. O məsuliyyətə özümü hazır hesab etmədim o dönəmdə.

- Peşmansan ki, elə bir fürsəti vaxtında dəyərləndirə bilməmisən?

- Təbii ki, peşmanam. Gərək gedəydim. Yaradıcı insan, səhnədə olan insan bəzən düşən fürsəti düzgün dəyərləndirməyi bacarmalıdır. Zamanı dəyərləndirib gecikməməlidir. Bəlkə də o vaxt o konserti verməliydim. Buna gecikdim. Amma bu konsert Azad Azərbaycan telekanalından gəldi, dəyərləndirdim. İnşallah da tamaşaçı bu konsertdən zövq ala biləcək. Mən yavaş-yavaş məqsəd qoyduğum nöqtəyə getməyə çalışıram. İnşallah, Beynəlxalq Muğam Mərkəzindən sonra Heydər Əliyev Sarayına doğru yol tutacam.

- Bu gün Azərbaycan səhnəsində bayağılığı yəqin sən də seyr edirsən...

- Səhnədə olanlar hər birimizin gözü önündədir. Görməmək mümkün deyil. Bayağı ifalar, bayağı ifaçılar təkcə bu gün deyil, dünən də olub. Bunlar beş günlük, üç günlük musiqilərdi. Hər zamanın belə ötəri, mövsümi "ulduzlar”ı olub. Əsas tarixdə qalmaqdı. Əsas gələcəkdə yada düşmək, sənətkar olaraq anılmaqdı. Misal üçün, Nanə xanımın təqdimatında "Nanəli” verilişində olan ifalar tarixdi. Biz orda Azərbaycan musiqisinin bugünki tarixini yazırıq. 

Keçmiş xalq mahnılarımız, bəstəkar musiqilərimiz, unudulmuş bəstələr orda ifa edilir. Bu da tamaşaçının zövqünü kökləmiş olur. Bu, uğur deyilmi? Bayağı musiqilər, "day- dalay, dalay-dalay”lar dünən də olub, bu gün də var, sabah da olacaq. Onlar tarixdə qalmır deyə bu qədər narahat olmağa da ehtiyac yoxdu. Tarixdə Şövkət Ələkbərova, Arif Babayev, Rübaba Muradova, İslam Rzayev, Canəli Əkbərovlar, Alim Qasımovlar qalacaq. Estrada səhnəsində Mirzə Babayev, Oqtay Ağayev, Akif İslamzadə qalacaq.

- Sənətçilər toyun yeganə qazanc yeri olduğunu bəhanə edib, bəzən bütün günahı ancaq bununla yumağa çalışırlar. Toyda oxumaq qəbahət deyil, oranın öz repertuarı olmalıdır. Amma sənətçi toy bazarı ilə yanaşı, səhnədə, tarixdə qalmaq üçün də addım atmağa borclu deyilmi? Axı toylarla tarixdə qalmaq mümkün deyil.

- Mən sizin iradınızla tamamilə razıyam. Sənətçi toyu bəhanə edə bilməz. Toyun yeganə gəlir yeri olduğunu deyib bununla özünü haqlı çıxara bilməz. Guya adlarını çəkdiyimiz sənətkarlar Xan Əmidən tutmuş Arif Babayevə qədər, sənətkarlar nəsli toylara getməyib ki? Bütün müğənnilər toylara gedib. Bu onların sənətkar olaraq səhnə fəaliyyətlərinə təsir etməyib. Alim Qasımov da toya gedir, bu gün də toya gedən ustadlarımız var. Onlar da toya gedir, qonorar alırlar. Niyə getmirlər ki? Dolanışıq yerləri müğənnilərin toylardandı. Bəli, bunu danmırıq ki. Konsertdən, diskdən kim pul qazanır ki?

- Amma ancaq toydan qazanmaq bəhanə olmamalıdır deyirsən?

- Bəli, bu bəhanədir. Sənətkar özünə, səhnəyə dəyər verməyi bacarsa, o, toya da gedir, yaradıcılığını da nəzərə alır, səhnə üçün də iş görür. Bayağı müğənnilərin də səhnədə olması adi haldı. Onlar mövsüm dəyişərkən itirlər, izləri qalmır. Mənim gözümün önündə o bayağı müğənnini efirə dəvət edib sonra ordan qovdular. Bildirdilər ki, səhnə təsadüfi insanların yeri deyil. Belə risk edən, təsadüfi insanlara səhnədə yerin olmadığını deyən cəsarətli aparıcılarımız, jurnalistlərimiz olsa, onlar abırlarına bükülüb səhnəyə gəlməzlər.

- Deyirsiz belələri ictimai qınaqdan, tənqidlərdən utana bilirlər?

- Ən azı efirdə milyonlar qarşısında belə sərt tənqidlər, iradlar səslənsə, konkret ünvanlanmış gileylər olsa, təsadüfi insanlar da səhnəyə gəlməkdən utanarlar. Efirlərdə bu kimi ifaçıları dəvət edəndə ürəklə onları tənqid etməkdən çəkinməsinlər, desinlər ki, sənin kimilər Azərbaycan musiqisinə ləkə gətirir. Azərbaycan gəncliyinin musiqi zövqünü korlayırsan. İnanın, onlar utanarlar, insanın bir az həyası, abrı varsa, çəkinər, dayanar, özünə başqa bir peşə tapar. Səhnə istedad tələb edir. Bu sənətə peşə olaraq yanaşmaq özü xəstə təfəkkürdən xəbər verir. Oxumaq peşə deyil, oxumaq istedaddı, sənətdi. Onu öyrənmək yetərli deyil, onu ruhunla hiss etmək lazımdı. Oxumaqla müğənni yetişmir, doğularkən bu istedada ya sahib olursan, ya yox.

Tahirə Məmmədqızı