Vəhşilik, zorakılıq, vandalizm...

Ermənilər hərbiçilərimizin meyitlərini təhqir edib
Yubanmadan bütün cinayət faktları beynəlxalq təşkilatların diqqətinə çatdırılmalıdır


"Cəbhə xəttində aprel hadisələri zamanı həlak olan Azərbaycan hərbiçilərinin meyitləri ermənilər tərəfindən təhqir olunub”.
Bunu hərbi prokurorun böyük köməkçisi, polkovnik Səfər Əhmədov dünən Milli Məclisdə keçirilən dinləmələrdə deyib. Hərbi prokurorluq rəsmisi bildirib ki, Azərbaycan tərəfinə təhvil verilmiş hərbi qulluqçularımızın meyitlərinə baxış zamanı meyitlərin təhqir edildiyi məlum olub.
"Onlar öldükdən sonra meyitləri üzərində təhqiramiz hərəkətə yol verilib. Məsələn, bir neçə hərbi qulluqçunun qulaq seyvanı kəsilib, gözü çıxarılıb, qarın boşluğu yarılıb”.

Səfər Əhmədov vurğulayıb ki, bununla bağlı Tərtər Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanıb, hazırda istintaq aparılır:

"Eyni zamanda 26-28 aprel tarixində Tərtər rayonu Əskipara kəndi atəşə tutulub. Kənd ərazisində pambıq sahəsində partlamamış top mərmisi aşkar edilib. Onun zəhərli, 122 mm çaplı top mərmisi olduğu üzə çıxıb. Cinayət işlərinin istintaqı davam etdirilir”.

Hərbi prokurorun böyük köməkçisinin söylədikləri Azərbaycan xalqı üçün gözlənilməz açıqlamalar sayılmaz. Biz düşmənin necə mənfur xislətli olduğunu yaxşı bilirik. Meyitlər, cansız bədən üzərində zorakılıq, təhqiredici hərəkətlər etmək sırf erməni vəhşiliyi, erməni vandalizmi, məhz erməniyə xas xüsusiyyətlərdir. Birinci Qarabağ savaşında da şəhidlərimiz, əsir və girovlarla erməni əclaflarının necə rəftar etdiyi sənədlərlə sübut olunub. Cansız bədəni təhqir etmək, ölüdən hayıf çıxmaq ancaq erməni kimi alçaq düşmənə xas ola bilər. Bizim üçün sirr deyil ki, ermənilər tarixən alçaq, xain niyyətli olublar. Bizim qarşımızda cəsur, şərəflə döyüşməyi bacaran düşmən dayanmayıb. Bunlar hamısı məlum həqiqətlərdir. Məsələ bizim əlimizdə olan cinayət faktlarını beynəlxalq qurumlara, beynəlxalq ictimaiyyətin nəzərinə nə dərəcədə çatdıra biləcəyimizdir. Xüsusən hazırkı məqamda Azərbaycan əlində olan bu cinayət faktlarından Ermənistanın ifşası üçün bacarıqla istifadə etməyə çalışmalıdır. Bu arada, xatırlatmaq yerinə düşər ki, Avropa Şurası Parlament Assambleyasının binası önündə kimlərinsə "insan haqları” adı altında gətirib yerləşdirdiyi terrorçubaşı Öcalanın portreti xüsusi polis əməkdaşları tərəfindən mühafizə olunur. Deməli, Avropada insanlığa yönəlmiş cinayətlərə qarşı da istənilən aksiya, sərgi təşkil etmək mümkündür. Avropa Şurasının bərabərhüquqlu üzvü olan Azərbaycan bu şəraitdən yararlana bilməzmi?

Məsələyə münasibət bildirən Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri, AŞ PA sessiyalarının aktiv iştirakçısı olan Novella Cəfəroğlu "Şərq”ə açıqlamasında qeyd etdi ki, hərbi prokurorun böyük köməkçisinin söylədiyi faktlar mütləq beynəlxalq səviyyədə ictimailəşdirilməlidir:

- Erməni tərəfinin bizim əsgərlərin meyiti üzərində təhqiredici hərəkətlər etməsinə dair konkret, dəqiq məlumatlar varsa, əlbəttə bu, ictimailəşdirilməlidir və Azərbaycan hökuməti bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməlidir. Əgər bunu rəsmi bir şəxs söyləyirsə, deməli, əlimizdə sübutlar, dəlillər var. Belədə, bütün beynəlxalq qurumlara, hərbi cinayətlərə dair Haaqa Məhkəməsinə də müraciətlər edilməlidir. Avropa Şurası Parlament Assambleyasının İnsan Haqları Komitəsi var, bizim nümayəndə heyəti bu işlə ciddi məşğul olmalı və əldə edilmiş faktları AŞ PA-ya göndərməlidir. Sessiyalarda da bu məsələ gündəmə gətirilməlidir. Qoy, dünya erməni vəhşiliyini bir daha görsün. Amma biz həmişə yubanırıq. İndi də yubanırıq. Yubanmaq olmaz. Bizim cəmiyyətin qadınları Xocalı faciəsindən sonra Moskvada aksiya keçirmişdi, qətlə yetirilən, üzərində zorakılıq edilmiş insanlarımızın fotolarından ibarət plakatlar hazırlayıb özümüzlə Moskvaya aparmışdıq. İndiki texniki imkanlarla daha böyük, daha geniş aksiyalar keçirmək mümkündür. Bu məsələ mütləq beynəlxalq səviyyədə qaldırılmalı və erməni vandalizmi dünyanın gözü önündə aşkara çıxarılmalıdır.

Politoloq Fikrət Sadıqov da erməni cinayətlərinin beynəlxalq miqyasda ifşa edilməsinin vacib məsələ olduğunu dedi:

- Həlak olmuş əsgərlərimizin meyitləri üzərində zorakılıq, qeyri-insani hərəkətlər edildiyini rəsmi bir şəxs səsləndirirsə, burada şübhəyə artıq heç bir yer qalmır. İlk növbədə hüquqi-siyasi əsaslar ortaya qoyulmalıdır. Konkret faktlar, sübutlar, Cinayət Məcəlləsinin müvafiq maddələriylə əsaslandırılmalıdır. Bütün bu materiallar sistemləşdirilib beynəlxalq qurumlara göndərilməlidir. BMT yanında beynəlxalq məhkəmə var, Avropa İnsan Haqları Məhkəməsi var, lap elə Qarabağ münaqişəsinin həlli üçün vəzifələndirilmiş ATƏT-in Minsk Qrupu var ki, bütün bu qurumların hamısına həmin materiallar göndərilməlidir. Qoy erməni vəhşiliyini, erməni cinayətlərini bir daha görsünlər və nəticə çıxarsınlar. Biz bu məsələni Azərbaycanın üzvü olduğu bütün mötəbər təşkilatlarda müzakirə predmetinə çevirməliyik. İstər Avropa Şurası olsun, istərsə ATƏT, Avropa Parlamenti, BMT, İslam Əməkdaşlığı Təşkilatı... Və bu faktların həmin beynəlxalq qurumların gündəliyinə salınmasına nail olmalıyıq. Bizim diplomatiyamızın əsas hədəfi bu olmalıdır.

F.Sadıqov qeyd etdi ki, indiyədək dünyada baş vermiş hərbi münaqişələrlə bağlı bəzi hallarda hərbi məhkəmələr təşkil edilib. Məsələn, bosniyalıların qətliamı ilə bağlı məhkəmə keçirilib, Miloşeviç ölüm cəzasına məhkum edilib. Eləcə də hərbi cinayətlərə baxılması üzrə beynəlxalq Haaqa Məhkəməsi də mövcuddur. Lakin təəssüf ki, Dağlıq Qarabağ münaqişəsində erməni cinayətləri hələ də heç bir beynəlxalq məhkəmə tərəfindən araşdırılıb layiqli cəzasını almayıb:

- Odur ki, biz gecikmədən bütün bu materialları toplayıb beynəlxalq qurumlara və məhkəmələrə təqdim etməliyik. Sübut etməliyik ki, Ermənistan işğalçı dövlətdir və işğal etdiyi ərazilərdə insanlıq xaricində hərəkətlər, birbaşa hərbi cinayətlər törədir. Bu diplomatik hücum yubanmadan təşkil edilməlidir.

Məlahət Rzayeva